Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Aprel 2022 11:40
Xəbər verdiyimiz kimi, Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov ötən gün Bakıda pərəstişkarları ilə görüşüb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, izdiham yaşanan görüşdə bloger cəmi 5 dəqiqə qala bilib. O, sevənlərinə bahalı telefonlar hədiyyə edəcəyi vədini verib. İnsanların səhnəyə çıxmağa çalışdığını görən Hüseyn oranı tez tərk edib.
Görüşdən yayılan videolar tənqid edilib. Hətta bir videoda kişinin əlində kəmər səhnəni qamçıladığı əks olunub. Paylaşımları tənqid edənlər arasında tanınmış simalar da yer alıblar.
Keçmiş aparıcı Turan İbrahimov blogeri görməyə gedən gəncləri qınayanlara belə reaksiya verib:
"Baş verənlərdə qeyri-adi heç nə yoxdur. Yeniyetmənin emosianal təcrübəsizliyi populyar mədəniyyətin təsirinin təzahürüdür. O uşaqların emosiaları sabun köpüyü kimi bir şeydir. 3-5 ilə keçib gedəcək. Vaxtı ilə "Beatles", Elvis Prestliy, Andrey Qubin, Burak Kut, Küçük Əmrah, Hüseyin Dərya, Elşad Xose, Namiq Qaraçuxurlu və başqaları o emosiaları yaradırdısa, indilərdə dövran vayner-blogerlərindir. Onların manipulyativ hərəkətləri hələ ki, yeniyetmələrə impuls verir. Çox da narahat olmayın, böyüyəcəklər, keçəcək. O uşaqların içindən dahilər də çıxacaq, böyük-böyük adamlar da".
Müğənni-bəstəkar Murad Arif isə "Adamlar Hüseyn fanatları deyil. O adam görüşlərində "xalyava" (pulsuz) paylayır. "Xalyava"nın iyinə toplanır millət. O adamların üzündə yazılıb ki, Hüseyn zad hərrəmirlər. Güman ki, dilini də başa düşmürlər. "Fanat" başqa şeydir. Amma burada söhbət sənətçi heyranlığından getmir. Əsla. Qurbanlıq ət paylanan, pandemiya dövründəki pay dağıdılan videolardakı rəzalətin növbəti formasıdır" sözlərini əlavə edib.
Əməkdar artist Sənubər İsgəndərli isə Muradın paylaşımına "Sosial şəbəkə uşaqları" qısa rəyini yazıb.
Xalq artisti Faiq Ağayev isə həmin görüşdən yayılan videoya "Ağır mənzərədir" şərhini qeyd edib.
Əməkdar artist Firdovsi Atakişiyev isə həmin mənzərəni "Ətriyyatçı" filmindəki görüntülərlə müqayisə edib:
"Ətriyyatçı" filmini xatırladım, bu, ən yaxşı versiyasıdır. Ən pisi isə odur ki, sanki Şeyx Nəsrullah söz verib: onların ölən yaxınlarını dirildəcək. Bir sözlə "Zombi dünyası".
Aparıcı Leyla Quliyeva da alış-veriş mərkəzindən olan görüntülərə "Nəyə və kimə görə? İnsan qüruru harada qaldı bəs? Bir məşhur məsəl var, "Yaxşı at özünə qamçı vurdurmaz". Bəs insan necə, qamçılanar?" sözləriylə reaksiya verib.