Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Aprel 2022 17:39
25 aprel 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Azərbaycana səfəri çərçivəsində ATƏT-in media azadlığı üzrə nümayəndəsi Teresa Ribeiro ilə görüşüb.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə Azərbaycanda media azadlığı istiqamətində görülən işlər barəsində fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov Azərbaycanın ATƏT ilə bütün istiqamətlər, o cümlədən media azadlığı sahəsində əməkdaşlığa əhəmiyyət verdiyini qeyd edib. Nazir, qarşı tərəfə münaqişə sonrası bölgədə mövcud olan vəziyyət, iki dövlət arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar, habelə Azərbaycan hökuməti tərəfindən azad olunmuş ərazilərdə aparılan işlər, qurbanları arasında jurnalistlərin də olduğu mina təhlükəsi və minaların təmizlənməsi işləri, habelə bölgədə etimadın quruculuğu sahəsində medianın rolu barədə məlumat verib.
Xanım Teresa Ribeiro Azərbaycana səfəri çərçivəsində zəngin proqramın təşkilini qeyd edib. ətraflı məlumatın təqdim edilməsinə görə nazir Ceyhun Bayramova təşəkkür ifadə edib. Media azadlığının sülh və təhlükəsizliyin əsas elementi olduğunu qeyd edən nümayəndə, etimad quruculuğu tədbirləri çərçivəsində media nümayəndələrinin rolunu vurğulayıb və bu xüsusda ATƏT-in müvafiq dəstəyi göstərə biləcəyini bildirib.
Görüşdə tərəflər arasında dialoqun davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.