Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 May 2022 15:32
Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Rusiya Silahlı Qüvvələrinin Ukraynada xüsusi hərbi əməliyyatının gedişatını, Finlandiya və İsveçin NATO-ya üzv olmaq qərarından yarana biləcək potensial təhlükələri, eləcə də bir sıra məsələləri müzakirə edib.
Sonxeber.net TASS-a istinadən bildirir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Müdafiə naziri Şoyqu cari məsələlərlə yanaşı, iclasda xüsusi hərbi əməliyyatın gedişi barədə məlumat verib", - Kremlin sözçüsü bildirib.
"Finlandiya və İsveçin NATO-ya daxil olmaq qərarı və bununla bağlı Rusiyanın təhlükəsizliyinə yarana biləcək potensial təhdidlər mövzusunda fikir mübadiləsi aparılıb", - Peskov bildirib. "Bazar ertəsi KTMT-nin qarşıdan gələn sammiti kontekstində bir sıra məsələlərə də toxunulub", - prezidentin mətbuat katibi əlavə edib.
İclasda Şoyqudan başqa, baş nazir Mixail Mişustin, Rusiya Federasiyası Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedev, Kreml Administrasiyasının rəhbəri Anton Vayno, daxili işlər naziri Vladimir Kolokoltsev, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin və Prezidentin ətraf mühitin mühafizəsi, ekologiya və nəqliyyat üzrə xüsusi nümayəndəsi Sergey İvanov iştirak ediblər.
Aslan Məmmədov