Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 May 2022 20:51
İndi biz ərazilərin yenidən qurulması və canlandırılması məsələsi ilə üz-üzəyik. Çünki hər şey dağıdılıb və yerlə-yeksan edilib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Litva Prezidenti Gitanas Nauseda ilə görüşlərindən sonra mətbuata bəyanatında bildirib.
Beynəlxalq ekspertlərin azad edilmiş şəhərlərdən biri olan Ağdamı "Qafqazın Hirosiması" adlandırırdıqlarını diqqətə çatdıran dövlətimizin başçısı bir daha vurğulayıb ki, "biz sülhə sadiqik və ona mümkün ən tez bir zamanda nail olmaq istəyirik".
Litva Prezidenti ilə çox uğurla inkişaf edən Avropa İttifaqı-Azərbaycan əməkdaşlığını geniş şəkildə müzakirə etdiklərini bildirən Azərbaycan Prezidenti deyib: "Həmçinin yeni saziş üzrə danışıqların yekunlaşdırılması perspektivlərini, enerji, nəqliyyat təhlükəsizliyi məsələlərini, ticarət münasibətlərini müzakirə etdik. Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır. Avropaya təbii qazın ixracına başlamağımızı və neft-qaz qiymətlərinin artmaqda olduğu faktını nəzərə alaraq, bu il bizim Avropa İttifaqı ilə ticarət dövriyyəsinin həcmi, əlbəttə ki, artmaqdadır. Biz Litvaya Azərbaycan-Avropa İttifaqı yaxınlaşmasını dəstəklədiyinə görə minnətdarıq. Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan artıq strateji tərəfdaşlıq haqqında bəyanatlar imzalayıb. Bu, üzv dövlətlərin üçdə biridir. Bu, onu göstərir ki, Avropa İttifaqı da bizim kimi əməkdaşlıqda maraqlıdır".