Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakı Ermənistanın manevrlərini puça çıxarıb: İrəvanın əsas bəhanəsi artıq yoxdur

Bakı Ermənistanın manevrlərini puça çıxarıb: İrəvanın əsas bəhanəsi artıq yoxdur

Tarix: 19 May 2022 19:03

Postkonflikt dövründə rəsmi İrəvanın üzərinə götürdüyü bir çox öhdəliklə verdiyi bəyanatların və nümayiş etdirdiyi davranışların əksər hallarda ziddiyyət təşkil etməsi təcavüzkar ölkənin ənənəvi qeyri-səmimi, riyakar ampluasından əl çəkmədiyinin əyani göstəricisidir.

Prezident İlham Əliyev Litvanın dövlət başçısı Gitanas Nauseda ilə mətbuata birgə bəyanatı zamanı bir sıra vacib məsələlərlə yanaşı, müharibədən sonra Ermənistanla aparılan sülh danışıqlarına xüsusi toxunub, bu prosesin rəsmi İrəvanın qeyri-konstruktiv davranışları üzündən real nəticə vermədiyini vurğulayıb. Dövlət başçısının bu açıqlaması Azərbaycanın regionda sülh, sabitlik və səmərəli əməkdaşlıq tərəfdarı olduğunu bir daha nümayiş etdirməklə yanaşı, Ermənistanın pozucu və riyakar siyasi addımlarınını beynəlxalq miqyasda ifşası baxımından əhəmiyyətlidir.  

Rəsmi Bakı İkinci Qarabağ Müharibəsindən sonra müəyyən revanşist bəyanatlar və cəfəng iddialarla sülh çağırışlarına cavab verməyən Ermənistan rəhbərliyinin uğursuz manevrlərini puça çıxarıb, milli maraqlarımıza cavab verən sülh gündəliyini beynəlxalq ictimaiyyətə qəbul etdirə bilib. İrəvanın gözləntilərinin əksinə olaraq, hazırda həm Rusiya, həm ABŞ, həm də Avropa İttifaqı ölkələri 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli üçtərəfli razılaşmaların formalaşdırdığı yeni geosiyasi reallıqdan çıxış edirlər. Müxtəlif səviyyəli görüşlərdə, eləcə də Şərq Tərəfdaşlığının 2021-ci ilin dekabrında keçirilmiş 6-cı Zirvə toplantısında qəbul olunmuş Birgə Bəyannamədə Azərbaycanın ərazi bütövlüyü, habelə rəsmi Bakının regionda etimad mühitinin formalaşdırılması məqsədilə irəli sürdüyü təkliflər dəstəklənib.

Azərbaycanın istər Rusiya, istərsə də Avropa İttifaqının vasitəçiliyi ilə aparılan danışıqlar zamanı irəli sürdüyü prinsiplər təkcə regiondakı yeni geosiyasi reallıqlara deyil, eyni zamanda, beynəlxalq hüquq normalarına əsaslanır. Bundan əlavə, rəsmi Bakı son bir ildə Ermənistanın sülh danışıqlarından imtina üçün irəli sürdüyü bütün bəhanələrini puça çıxarıb. Yalnız bir faktı demək kifayətdir ki, Azərbaycan müharibə zamanı və sonra əsir götürülmüş erməni hərbçiləri, habelə diversantları azad etməklə humanist mövqe nümayiş etdirib, bununla da Ermənistanın danışıqlardan qaçmaq üçün səsləndirdiyi əsas bəhanə əlindən alınıb.

İkinci Qarabağ Müharibəsindəki ağır məğlubiyyətdən sonra müxtəlif iddia və bəhanələrlə sülh masası arxasına oturmaqdan imtina edən, prosesi hər vəchlə yubatmağa çalışan Ermənistan Azərbaycanın uğurlu siyasi, diplomatik və hərbi gedişləri qarşısında son 6 ayda geri çəkilməyə, yeni geosiyasi vəziyyətlə barışmağa məcbur olub. Lakin rəsmi İrəvanın hər vəchlə üzərinə götürdüyü öhdəliklərin icrasını uzatmağa çalışması da hazırda özünü qabarıq göstərir. Proseslərin təhlili göstərir ki, Ermənistan rəhbərliyi uğursuz siyasi manevrlərlə danışıqlar prosesinin Rusiya ilə Qərb arasında geosiyasi rəqabət mövzusuna çevrilməsinə, yubanmasına çalışır.

Prezident İlham Əliyev bu günlərdə litvalı həmkarı ilə mətbuata birgə bəyanatı zamanı Ermənistanın qeyri-səmimi davranışları ilə bağlı deyib: "Azərbaycan hər zaman öhdəliklərə sadiq olub. Aprelin sonuna qədər görüşə hazır olduğumuzla bağlı Avropa İttifaqı Şurasının prezidentinin iştirakı ilə söz vermişdiksə, biz buna sadiq idik. Lakin, biz eyni məsuliyyəti Ermənistan tərəfindən də görməliyik. Başqa sözlə, bizdə müəyyən nikbinlik olsa belə, Ermənistan hökumətinin bu cür manevrləri və çox qəribə addımları, əslində, yaranan müəyyən etimadı pozur".

İki ölkə arasında müxtəlif səviyyəli danışıqlar prosesi ümumən rəsmi Bakının önə çəkdiyi meyarlara söykənir: Ermənistan və Azərbaycanın ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması, ərazi iddialarından, bu məqsədlə güc tətbiqindən imtina, sərhədlərin delimitasiya və demarkasiyası, kommunikasiyaların, iqtisadi əlaqələrin bərpası. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, bu meyarlar beynəlxalq hüquqla qəbul olunmuş ümumi norma və prinsiplərə - BMT Nizamnaməsinə, Helsinki Yekun Aktı və digər mütərəqqi beynəlxalq təcrübə və davranışlara əsaslanır. Ermənistan rəsmi Bakının irəli sürdüyü 5 məlum prinsipi sözdə qəbul etdiyini bəyan etsə də, təcavüzkar dövlətin nümayiş etdirdiyi destruktiv yanaşmalar onun Azərbaycanın ərazi bütövlüyünü yaxın zamanda tanımağa hazır olmadığını göstərir. Bunun əsas səbəblərindən biri də daxildəki revanşist və ultra-millətçi qüvvələrin, habelə xaricdəki diaspor qurumlarının N.Paşinyan hakimiyyətinə təzyiq cəhdləridir.

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalayacağı təqdirdə, müxalifətin və revanşist qüvvələrin ciddi təzyiqləri ilə üzləşəcəyindən, daxildə gərginliyin artacağından ciddi şəkildə ehtiyatlanır. Bu ölkədə aprel ayından başlanan kütləvi aksiyaların nisbətən geniş vüsət alması, aparılan kütləvi həbslər bu ehtimalın reallığını xeyli dərəcədə yüksəldir. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki qanunsuz erməni silahlı birləşmələrinin mövqelərimizi mütəmadi olaraq atəşə tutması, müxtəlif istiqamətlərdə təxribat-diversiya fəaliyyətinin aşkarlanması rəsmi İrəvanın daxildəki etirazlar fonunda cəmiyyətə təsir göstərmək, "müqavimət" imitasiyası yaratmaq, aksiyaları səngitmək və vaxt udmaq cəhdidir. Odur ki,  qarşı tərəf müxtəlif vasitələrlə aprelin 6-da Brüsseldə əldə olunmuş razılaşmaların icrasını yubatmağa çalışır.

Ermənistanın son bir il yarımda üzərinə götürdüyü öhdəliklərdən imtina cəhdi ilə bağlı digər çoxsaylı faktları da xatırlatmaq yerinə düşər. Belə ki, Prezident İlham Əliyevin tarixi Zəfərdən sonra birinci Qarabağ Müharibəsində itkin düşmüş 4000 nəfərədək azərbaycanlının taleyinin aydınlaşdırılması ilə bağlı Ermənistanın və bir sıra humanitar beynəlxalq təşkilatların qarşısında məsələ qaldırıb. Avropa İttifaqına sədrliyi qismində Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü, eyni zamanda iştirakı ilə Prezident İlham Əliyevin, Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişelin və Ermənistanın baş naziri Nikol Paşinyanın fevralın 4-də videoformatda keçirilmiş görüşündə rəsmi İrəvan bununla bağlı üzərinə öhdəlik götürsə də, cəmi 1 gün sonra mövqeyindən geri çəkilib. Həmin görüşdə UNESCO tərəfindən Ermənistan və Azərbaycana missiya göndərməsi ilə bağlı əldə olunmuş razılaşmanın icrasının rəsmi İrəvan tərəfindən məqsədli şəkildə gecikdirilməsi də qarşı tərəfin sülh gündəliyinə səmimi yanaşmamasının göstəricisidir.

Rəsmi Bakının uğurlu siyasi gedişləri ilə postmünaqişə dövründə Ermənistanın Zəngəzur dəhlizi mövzusu ilə siyasi manevr etmək imkanları da puça çıxarıb, onun maraqlarına ciddi zərbə vurub. Bu baxımdan İran İslam Respublikası ilə Azərbaycan arasında Zəngəzur dəhlizinə alternativ yeni dəhlizin açılması ilə bağlı imzalanmış Memorandumun siyasi və iqtisadi əhəmiyyəti xüsusi qeyd olunmalıdır.

Qeyri-konstruktiv addımlarına rəğmən, rəsmi İrəvan Rusiya və Avropa İttifaqının vasitəçiliyi ilə indiyədək imzalanmış bəyanatların, əldə olunmuş razılaşmaların icrasının süni şəkildə, ciddi əsaslar olmadan yubatmağın onun üçün ağır nəticələrə səbəb ola biləcəyinin də fərqindədir. Prezident İlham Əliyev bu ölkədə revanşizm meyillərinin güclənməsinə Azərbaycanın ən sərt formada cavab verə biləcəyini dəfələrlə bəyan edib. Digər tərəfdən, Ermənistanın qeyri-müəyyən davranışları, sülhə mane olmaq cəhdləri onu beynəlxalq miqyasda ciddi tənqid və qınaq obyektinə çevirir. Rəsmi İrəvan sülh təkliflərinə laqeyd mövqe nümayiş etdirməklə, regionda əməkdaşlıq münasibətlərini dəstəkləyən ölkələrin maraqlarına qarşı çıxır. Bu da təsadüfi deyil ki, Prezident İlham Əliyevin son xəbərdarlığından cəmi 1 gün sonra rəsmi İrəvanın delimitasiya ilə bağlı komissiyanın tərkibinin formalaşdırması ilə bağlı xəbərlər yayıldı.

Tərəfləri regionda sülh və qarşılıqlı etimad mühiti formalaşdırmağa səsləyən dövlətlər, eləcə də beynəlxalq təşkilatlar da artıq bu reallığı qəbul edirlər ki, qalıcı sülhün əldə olunması, sabit və təhlükəsiz əməkdaşlıq mühitinin formalaşdırılması üçün keçmişə qayıdış olmamalı, Ermənistandakı müəyyən qüvvələr revanşist düşüncələrindən əl çəkməlidir. Bunun əksi isə təcavüzkar dövlət üçün daha ağır nəticələrə gətirib çıxara bilər.

Milli.Az


Etiketlər:  Bakı Ermənistanın manevrlərini puça çıxarıb İrəvanın əsas bəhanəsi artıq yoxdur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ