Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Uşaqların internetdəki zərərli informasiyalardan qorunması üçün nəzarət mexanizmləri olmalıdır - Komitə sədri

Uşaqların internetdəki zərərli informasiyalardan qorunması üçün nəzarət mexanizmləri olmalıdır - Komitə sədri

Tarix: 17 Sentyabr 2019 13:32

Bakı. İlhamə İsabalayeva – Trend:

Uşaqların internetdəki zərərli informasiyalardan qorunması üçün nəzarət mexanizmləri olmalıdır.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət komitəsinin iclasında çıxış edən komitə sədri Rafael Hüseynov deyib.

Onun sözlərinə görə, televiziyalarda uşaqların zərərli informasiyalardan qorunması tənzimlənir:

“Amma qanunla qoruya bilmədiyimiz ayrı şəbəkə - internet də var. İnternetdəki mənfi informasiyalar uşaqların psixikasını pozur, onlarda zərərli vərdişlər yaradır. İnformasiya, söz azadlığı olsun, amma ona nəzarət mexanizmi də olmalıdır. İnternet vasitəsilə cəmiyyətə böyük faydalar vermək də olur, amma digər tərəfdən onun təhlükələri də var. Bu istiqamətdə çox düşünmək lazımdır. Demirəm ki, ciddi nəzarət mexanimləri olsun. Amma nəzarət mexanimləri olmalıdır ki, onun hesabına ən azından uşaqları qorumaq mümkün olsun”.

Komitə sədrinin sözlərinə görə, mövcud mədəniyyət evləri şəbəkəsinin tamamilə yeni səviyyədə qurulması məsələsi qaldırılmalıdır.

R.Hüseynov bildirib ki, dünyada kino yaranandan bir necə il sonra Azərbaycanın ilk filmləri olub: “İlk filmlərimiz neftlə bağlı olub. Neft ölkəsində kinonun inkişafına diqqət artırılmalıdır. Ən müxtəlif sahələrdə filmlərə ehtiyacımız var, amma uşaq filmləri xüsusi qeyd edilməlidir”.

Komitə sədri əlavə edib ki, “Azərbaycanda muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihəsi tam hazırdır. Milli Məclisin payız sessiyasında bu qanun layihəsinin plenar müzakirəyə çıxarılması nəzərdə tutulur.

R.Hüseynovun sözlərinə görə, “Yazılı abidələr haqqında” qanun layihəsinin də ilkin variantı hazırdır.

Digər tərəfdən, “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsi hazır olsa da, orada iki müddəa ilə bağlı fikir ayrılığı var. Həmin məsələlər həllini tapandan sonra onun da müzakirəyə təqdim edilməsi mümkündür.

Qeyd edək ki, Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Uşaq hüquqları haqqında”, “Təhsil haqqında”, “Reklam haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Kinematoqrafiya haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Nəşriyyat işi haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Telekommunikasiya haqqında” və “Teatr və teatr fəaliyyəti haqqında” qanunlarına dəyişiklik layihələri müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra dəyişiklik layihələri parlamentin plenar iclasına tövsiyə olunub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Uşaqların internetdəki zərərli informasiyalardan qorunması üçün nəzarət mexanizmləri olmalıdır Komitə sədri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ