Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyun 2022 22:52
"Ukrayna üçün "güzəşt" ərazilərin itirilməsi və işğalla barışmaq deməkdir".
Bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Rusiya-Ukrayna müharibəsi ətrafındakı son gəlişmələrə münasibət bildirib:
"Qərb Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinin ilk günlərində vahid mövqedən çıxış edərək, rus ordusunun dayandırılması və Kiyevə hərbi dəstəyin artırılmasının vacibliyini bildirirdi. Hazırda bu yekdillik yoxdur. Qərb sözdə yenə Ukraynanın yanında olduğunu desə də, əməldə ikitirəlilik yaranıb. ABŞ, Böyük Britaniya və Polşanın simasında bir qrup ölkə Ukraynaya hərbi yardımın artırılması və Rusiyanın məğlubiyyətə uğradılmasına çalışır. Fransa, Almaniya, İtaliyanın simasında digər qrup isə Ukraynanın güzəştə getməsini və bununla müharibənin sona çatdırılmasını istəyir. Ancaq Ukrayna üçün "güzəşt" ərazilərin itirilməsi və işğalla barışmaq deməkdir.
Görünür, Ukraynanın ərazi bütövlüyünü və suverenliyini itirməsi Paris və Berlini az narahat edir. Onlar üçün əsas odur ki, nə yolla olur-olsun müharibə dayandırılsın, Kreml razı salınsın və Rusiyadan enerji ixracı davam etsin.
Fransa prezidenti, İtaliya baş naziri və Almaniya kanslerinin bu gün Kiyevə başlayan səfəri də Kiyevi mümkün "güzəştlərə" dəvət etməkdir. Ukrayna Prezidenti Vladimir Zelenski onların təklif etdiyi "güzəştə" hazır deyil".