Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyun 2022 09:08
İranın Borçalıda "dini kanton" yaratmaq imkanı 2011-ci ildə - QMİ təsir gücünü itirməyə başladığı dövrdə yarandı: Gürcüstanın 2003-cü ildən sonra dini icmaların dövlət nəzarətinə götürülməsi prosesində ilkin hədəfi Rusiya kilsəsinin təsirini azaltmaq və Acariya müsəlmanları idisə, dalğa 2009-cu ildə Borçalıya da çatdı və QMİ yalnız 2011-ci ilə qədər müqavimət göstərməyi bacardı; ya müqavimət göstərə bilməməkdən, ya da strateji yanlışların nəticəsində, yaxud hər iki səbəbdən Azərbaycan dini təsir gücünü itirdi, əvəzində İran aktiv şəkildə bölgəyə daxil oldu.
Bu sözləri siyasi şərhçi Asif Nərimanlı Borçalıda bir qrupun əllərində Taleh Bağırzadənin fotosu ilə aksiya keçirmələrinə münasibət bildirərkən qeyd edib.
"İran hələ 90-cı illərin sonu, 2000-ci illərin əvvəlində Qum və Məşhəddən Borçalıya dini emissarlar göndərir, şərtlərin yaranmasına hazırlaşırdı.
Bölgədə Azərbaycanın dini təsirini İranın əvəzləməsində Gürcüstanın da öz maraqları var.
2018-ci ildə bu mövzuları bir az araşdırmışdım. Hələ o vaxt Borçalı bölgəsində İranın şeyx düzəltdiyi Mirtağı Əsədovun rəhbərliyində 500-dən çox aktiv iştirakçı var idi, indi sayları bir qədər də artıb. M.Əsədov 2011-ci ildə - proses başlayanda Azərbaycan vətəndaşlığından imtina edərək, Gürcüstan vətəndaşlığını qəbul etdi və sonra baş verənlər hər şeyin illərlə hazırlanan planın parçası olduğunu üzə çıxarır.
Bölgədə dini təsirin itirilməsi Azərbaycanın ciddi strateji səhvi idi. Bundan sonra Borçalıya yenidən qayıtmaq da asan görünmür", - o bildirib.