Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Sentyabr 2019 13:06
Bakı. Elçin Mehdiyev - Trend:
“Əsrin müqaviləsi” müstəqilliyini yenicə qazanan gənc Azərbaycan dövlətinin ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında dövlətçiliyimizin əbədiliyinə, sabitliyinə, respublikamızın davamlı inkişafına, beynəlxalq əməkdaşlığa, qlobal və regional təhlükəsizliyə verdiyi böyük töhfə və zəmanətdir.
Trend-in məlumatına görə, bunu Azərbaycanın Baş Naziri Novruz Məmmədov “Əsrin müqaviləsi”nin 25 illiyi ilə bağlı deyib.
Baş Nazir bildirib ki, 25 il əvvəl müstəqil Azərbaycan Respublikası ilə dünyanın tanınmış neft şirkətləri arasında imzalanmış müqavilə məhz öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını alıb:
"Bu tarixi hadisənin baş tutmasında Ulu Öndər Heydər Əliyevin siyasi-diplomatik peşəkarlığı, böyük rəhbər və insan kimi güclü iradəsi həlledici rol oynadı. O, müstəqil Azərbaycanın strateji əməkdaşlığa hazır olduğuna dünyanı inandıra bildi. Eyni zamanda, bu strateji əməkdaşlığın imkanlarından yararlanaraq ölkə iqtisadiyyatının gələcək inkişafını təmin etmək üçün gənc ölkəmizə böyük imkanlar qazandırdı. Bu müqavilə ilə müstəqil dövlətimizin neft strategiyasının əsası qoyuldu. Hesab edirəm ki, bu qlobal layihə Azərbaycanın suveren dövlət kimi öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmini bir daha bütün dünyaya göstərdi, dövlət müstəqilliyimizin mühüm təminatına çevrildi. Müqavilənin təşəbbüskarı olan müstəqil Azərbaycan beynəlxalq əməkdaşlıq və regional təhlükəsizliyə də öz töhfəsini vermiş oldu".
N.Məmmədovun sözlərinə görə, 25 illik uğurlu əməkdaşlıq bir daha onu göstərdi ki, 100 il əvvəl Şərqdə ilk demokratik cümhuriyyəti quran, qadınlara ilk dəfə səsvermə hüququ verən, təkrarolunmaz mədəniyyət nümunələri yaradan Azərbaycan xalqı etibarlı tərəfdaşdır və qlobal əhəmiyyətli bu layihənin tərəfdaşlarla birgə icrasını davam etdirmək zəruridir: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti sayəsində ölkəmizə misilsiz uğur qazandıran bu müqavilənin müddəti XXI əsrin ortalarına qədər uzadıldı. “Əsrin müqaviləsi”nin imzalanmasından ötən 25 ildə Azərbaycan Respublikası və onun neft-qaz sənayesi əsrə bərabər bir inkişaf yolu keçib. Əminəm ki, müstəqil ölkəmiz bu yolda şərəflə addımlamağa davam edəcək!”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin