Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlahiyyatçı aydınlıq gətirdi: ''Bu, qurban hesab olunmur''

İlahiyyatçı aydınlıq gətirdi: ''Bu, qurban hesab olunmur''

Tarix: 8 Iyul 2022 23:38

Sabah müqəddəs Qurban bayramıdır. Bu bayram ən qədim bayramlardan biri hesab olunur. Allaha qəlbən yaxın və sadiq olduğunu sübut etmək istəyən İbrahim peyğəmbər oğlu İsmayılı qurban kəsməyə hazır idi. Lakin Allah bunu ona rəva bilmir və qurbanlıq üçün ona bir qoç göndərir. Buna görə də bu bayramda kəsilən qurbana İsmayıl qurbanı da deyirlər.

Bəs qurban kəsərkən nələrə diqqət olunmalıdır?

Sonxeber.net bildirir ki, mövzu ilə bağlı ilahiyyatçı Ceyhun Məmmədov teleqraf.com-un suallarını cavablandırıb.

"Əsas məqsəd paylaşmaqdır"

Ceyhun Məmmədov bildirib ki, Qurban bayramının əsas məqsədi insanlar arasında həmrəyliyin təmin edilməsidir. Onun sözlərinə görə, bu bayram ancaq qurban kəsməklə bitmir: "Bayramda insanlar çalışmalıdırlar ki, bütün yaxşı işlərdə həmrəyliklərini qorusunlar. İmkanı olan hər kəs ehtiyaclı insanları sevindirməlidir. Qurban həmrəylik, paylaşmaq ayıdır".

"Qurban seçilərkən bunlara diqqət edilməlidir"

İlahiyyatçı bildirir ki, qurban kəsilərkən əməl olunmalı vacib şərtlər var: "Qurban kəsilən kiçikbuynuzlu heyvandırsa, ən azı 6 aylıq qoç olmalıdır. Qurban kəsən insan heyvanlar arasından ən qüsursuzunu, ən salamatını seçməlidir. Qurbanlıq seçilərkən çalışmaq lazımdır ki, bu qurbanlar heyvanların gözü qarşısında kəsilməsin. Qurbana əziyyət verilməməlidir".

"Qurban imkansız şəxslərə paylanılmalıdır"

Ceyhun Məmmədov bildirib ki, Həcc ziyarətində olan şəxlər mütləq qurban kəsməlidir: "Amma Həcc ziyarətində olmayan şəxslərin qurban kəsməsi müstəhəbdir. Kəsilən qurban imkansız şəxslərə verilməlidir. Diri heyvan kəsilərkən 3 yerə bölünməlidir: qonşulara, qohumlara, bir hissəsini isə özünə götürməlidir. Bu, vacib deyil, amma dinimizdə bəyənilən əməllərdən biridir".

"Bu, qurban sayılmır"

Ceyhun Məmmədovun sözlərinə görə, qurbanı pulla əvəz etmək olmaz, bu artıq qurban sayılmır: "Qurban ibadəti ayrıca ayindir. Kimsə bunu yerinə yetirirsə, ayrıca qurban kəsməlidir. Əgər kimsə bayramda kiməsə yardım etmək istəyirsə, bu, məsələnin başqa tərəfidir.
Həmçinin, bəziləri əti satın alır. Bunun da qurbanla aidiyyəti yoxdur. Ona görə də qurbanı kəsib, paylamaq məsləhətdir. Kimsə ət alıb paylamaq istəyirsə, bu qurbana aid əməl olmur".

"Heyvan haqları pozulmur"

İlahiyyatçı bəzi şəxslərin heyvanların qurban kəsilməsini qətliam adlandırmasına da münasibət bildirib: "Qurban ənənəsi bütün dinlərdə, o cümlədən islamda da var. Bunu heyvan qətli adlandırmaq düzgün deyil. Allah buyurub ki, imkanı olan hər bir insan qurban kəsməlidir. Bu baxımdan Allahın bizə buyurduğunu yerinə yetirmiş oluruq. Bu, Allahın kitabında əskini tapan, müsəlmanalara tövsiyə edilən əməldir.
Qurbanı bəzəmək adəti isə bəzi şəhərlərdə var. Bu, vacib əməl deyil. İnsanların özünün yanaşmasıdır. Bu, dinin tövsiyəsi deyil. Əsas olan heyvanın qüsursuz və təmiz olmasıdır".

Allah kəsdiyiniz qurbanları qəbul eləsin!


Etiketlər:  İlahiyyatçı aydınlıq gətirdi qurban hesab olunmur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ