Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ-dan Bakının xeyrinə “U gedişi" - Vaşinqton ”valı" dəyişir?

ABŞ-dan Bakının xeyrinə “U gedişi

Tarix: 30 Iyul 2022 12:03

Bu sözləri Dövlət Departamentinin nümayəndəsi Ned Prays bildirib. Bakının Minsk Qrupuna qarşı davam edən tənqi idlə bağlı suala cavabında Prays deyib: "Biz 1994-cü ildən Minsk Qrupunun həmsədrləriyik, lakin artıq göstərmişik ki, Ermənistan və Azərbaycanın uzunmüddətli və hərtərəfli sülh əldə etməsinə kömək etmək üçün ikitərəfli əsasda da qarşılıqlı fəaliyyətə hazırıq".

Milli.Az yeni müsavat-a istinadla bildirir ki, bazar ertəsi isə dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistan liderləriylə son telefon danışığı zamanı iki ölkə arasında əlaqələrin qurulmasına ABŞ-ın yardımını bir daha təklif etmişdi.

Qeyd edək ki, ABŞ rəsmilərinin, xüsusən də bu ölkənin Ermənistandakı səfirinin, son olaraq isə dövlət katibinin köməkçisi Karen Donfridin verdikləri son açıqlamalardan belə qənaət hasil olurdu ki, ABŞ hətta Azərbaycan, Rusiya istəməsə belə, Minsk Qrupunu "yaşatmağa" çalışacaq. "Dağlıq Qarabağ münaqişəsi" ifadəsi də bir qayda olaraq onların dilindən düşmür. O zaman sual yaranır: Qarabağ trekində Amerikanın mövqeyindəki bu dəyişiklik nə ilə bağlıdır, Vaşinqton həqiqətənmi "valı" dəyişir, Minsk Qrupu məsələsinə köhnə baxışından uzaqlaşır, yoxsa? Belə bir "U gedişi"nin hədəfi nə?

Siyasi şərhçi Elçin Mirzəbəyli məsələni bir neçə aspektdən dəyərləndirir: "ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Praysın ölkəsinin Azərbaycanla Ermənistan arasında ATƏT-in Minsk Qrupundan kənar da vasitəçilik edə biləcəyi barədə fikirlərini bir neçə istiqamətdən dəyərləndirmək olar. Birincisi, Vaşinqton ATƏT-in Minsk Qrupu formatının bərpa olunmayacağına və Azərbaycanın bununla bağlı prinsipial mövqeyinin dəyişməyəcəyinə əmin olub. Çox güman ki, bu əminlik Dövlət Departamentinin katibi Entoni Blinkenin Azərbaycan prezidenti ilə sonuncu telefon danışığından sonra daha da qətiləşib və Vaşinqton prosesdən tamamilə kənarda qalmamaq üçün Minsk Qrupundan kənar birbaşa vasitəçiliyə can atır. İkincisi, məlum olduğu kimi Minsk Qrupunun sabiq həmsədrlərindən olan Rusiya 10 noyabr 2020-ci il bəyanatının zəmanətçisidir və Azərbaycanla Ermənistan arasında birbaşa vasitəçilik missiyası yerinə yetirir. Minsk Qrupunun digər həmsədri, Avropa İttifaqının təmsilçisi Fransa da sözügedən formatdan kənar vasitəçilik missiyasını gerçəkləşdirir. Buna nümunə olaraq, Aİ Şurası Prezidentinin vasitəçiliyi ilə Brüsseldə keçirilən görüşləri göstərə bilərik. Sabiq həmsədrlərdən prosesdən geridə qalan yalnız Birləşmiş Ştatlardır. Bu baxımdan, rəsmi Vaşinqtonun mövqeyini ifadə edən Ned Praysın fikirlərini ABŞ-ın prosesdəki iştirakına imkan yaradacaq gediş kimi qəbul etmək lazımdır. Çünki başqa seçim yoxdur və reallıqla barışmaq lazımdır".

Politoloq İlyas Hüseynov  bildirdi ki, Rusiya-Ukrayna müharibəsi fonunda Cənubi Qafqaza maraqlar çox böyükdür. ABŞ yeni geosiyasi reallıqları qəbul etməklə yanaşı, regionda möhkəmlənməyə çalışır. ATƏT-in Minsk Qrupu ilə bağlı məsələnin davamlı olaraq gündəmə gətirməyə çalışan ABŞ-ın Ermənistandakı Linn Treysi anlamalıdır ki, daxili auditoriyanın xoşuna gəlmək əvəzinə sülh prosesinə töhfə vermək lazımdır. Azərbaycanın bu gün Avropa İttifaqı üçün strateji əhəmiyyəti yüksəlməkdədir. Enerji təhlükəsizliyi bu gün ən qlobal prioritetdir. Bu yaxınlarda ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridin regiona səfəri də göstərdi ki, ABŞ üçün Cənubi Qafqazın geosiyasi imperativləri çox yüksəkdir. Təbii ki, Minsk Qrupunun yenidən dirildilməsi ABŞ-dakı erməni lobbisinin təkidi ilə baş verir. Lakin Minsk Qrupu bu günün reallıqları ilə uyğunluq təşkil etmir və danışıqların imitasiyası mərhələsini arxada qoymuşuq. Bu gün daha praktiki addımlar atılmalıdır. Brüssel sülh gündəliyinə uyğun olaraq icra olunan proseslər öz effektivliyi ilə seçilir.

Yeri gəlmişkən, ABŞ Avropa İttifaqının regiondakı sülh quruculuğunu və bu sahədə təşəbbüsləri dəstəkləyir. Gürcüstanın paytaxtı Tiflisdə Ermənistan və Azərbaycanın XİN rəhbərləri arasında görüşü ikitərəfli dialoqun inkişaf etdirilməsi baxımından məhsuldar hesab etmək olar. Buna görə də ATƏT-in Minsk Qrupu, "status", "Dağlıq Qarabağ" ilə bağlı istənilən çıxış həm rəsmi Bakıda, həm də ölkəmizdəki daxili auditoriyada neqativ hisslər formalaşdırır. Bu gün qalib Azərbaycanın siyasi gündəliyi formalaşdırdığı zamanda "ölü" alətlərin işə salınması ilə istənilən addımlar qəti şəkildə bloklanacaq".

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov səfər zamanı başqa gizli söhbətlərin də edildiyini düşünür: "ABŞ-dan olan general Maykl Uikmanın Bakıya səfəri zamanı yalnız açıqlandığı kimi hərbi tibb və kibertəhlükəsizlik sahəsində əməkdaşlığın müzakirə olunduğunu düşünmürəm. Çox güman ki, "pərdəarxası" söhbətlər də olub. Hərçənd ictimailəşdirilən mövzunun özü və ABŞ Müdafiə Nazirliyinin rəsmisinin ölkəmizə səfərinin özü də qonşularımızı, Rusiya və İranı narahat etmək üçün kifayət qədər ciddi əsasdır. Ağ Ev nə etdiyini yaxşı bilir və addımlarını düşünülmüş formada, həssaslıqla atır.

Regionda baş verən proseslər də göstərir ki, Rusiya ilə Ukrayna arasında davam edən müharibənin "rejissoru" məhz Qərbdir. Bu mənada ABŞ-ın regionla bağlı atdığı addımlar təəccüblü deyil. Ağ Evin Cənubi Qafqazda xüsusi maraqları var. Azərbaycan isə regionun əsas aktorudur. Deməli, Vaşinqtonla Bakı arasında əlaqələr başa düşüləndir. İran və Rusiyanın da regionla bağlı maraqlarını nəzərə alsaq, deməli, ABŞ-ın həmlələri bu dövlətləri qıcıqlandırmaya bilməz. Hətta təxribat ehtimalları da istisna deyil. Bildiyiniz kimi, müxtəlif hərbi və siyasi ekspertlər artıq bu barədə xəbərdarlıq ediblər. ABŞ istəyir ki, yaranan əlverişli durumdan istifadə edərək regiondakı təsir gücünü artırsın. Fikrimcə, belə də olacaq. Azərbaycan isə balanslı siyasətini davam etdirməli, yalnız öz xarici diplomatik kursuna, maraqlarına uyğun addımlar atmalıdır.

Reallıq bundan ibarətdir ki, bizim hər üç dövlətlə münasibətimiz yaxşıdır. Rusiya və İran bizə qonşudur, ABŞ isə daha uzaqdadır. Amma Kreml getdikcə zəifləyir. Vaşinqtonun Moskva və Tehranı çökdürmək niyyəti aydındır. Deməli, bizim üçün kifayət qədər həssas məqamdır. Soyuqqanlı olmaq lazımdır. ABŞ rəsmilərinin Ermənistana səfərinə gəldikdə isə, bu da məhz Ağ Evin regionla bağlı maraqlarından xəbər verir. Vaşinqton fürsətdən istifadə edib İrəvanı Moskvanın təsir dairəsindən çıxarmaq istəyir".

Milli.Az


Etiketlər:  ABŞ dan Bakının xeyrinə U gedişi Vaşinqton valı dəyişir


RƏYLƏR