Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Avqust 2022 07:08
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistan Respublikası Baş nazirinin müavini, investisiya və xarici ticarət naziri Cəmşid Xocayevlə görüşüb.
Tərəflər Azərbaycan Respublikası Prezidentinin bu ilin iyununda Özbəkistan Respublikasına səfərinin əhəmiyyətini və səmərəliliyini vurğulamışlar. Ən yüksək səviyyədə birbaşa dialoq bütün mövcud sahələrdə ikitərəfli əməkdaşlığı intensivləşdirməyə, eləcə də qarşılıqlı faydalı tərəfdaşlıq üçün yeni "artım nöqtələrini" müəyyən etməyə imkan verdi.
Söhbət zamanı bildirilib ki, son beş ildə Özbəkistanda Azərbaycan kapitalı ilə yaradılmış birgə müəssisələrin sayı 4 dəfə artaraq 243 ədəd təşkil edib. Öz növbəsində Azərbaycanda Özbəkistan kapitalının iştirakı ilə 70 müəssisə fəaliyyət göstərir. Tərəflər neft-qaz sənayesi, kimya sənayesi, toxuculuq sektoru və kənd təsərrüfatı sahələrində ümumi dəyəri 500 milyon dollardan çox olan 87 birgə layihənin və ticarət müqaviləsinin vaxtında və keyfiyyətli icrası üçün səyləri gücləndirmək barədə razılığa gəliblər.
Bundan əlavə, görüş zamanı tərəflər Özbəkistan-Azərbaycan İnvestisiya Fondunun yaradılması təşəbbüsünün həyata keçirilməsini davam etdirmək niyyətlərini təsdiqləmiş, bununla əlaqədar onun fəaliyyətinin təşkili üçün "Yol xəritəsi"ni ən qısa zamanda işləyib hazırlamaq və təsdiq etmək barədə razılığa gəlmişlər.