Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Elməddin Əliyev: Həkimlik peşəsinin ən çətin məqamı ürək cərrahiyyəsi olan hissəsidir

Elməddin Əliyev: Həkimlik peşəsinin ən çətin məqamı ürək cərrahiyyəsi olan hissəsidir

Tarix: 25 Sentyabr 2019 10:36

Bakı. Trend:

Dr. Elməddin Əliyev 2014-cü ildən Mərkəzi Gömrük Hospitalında şöbə rəisi, uzman ürək-damar cərrahı kimi çalışır. Dr.Elməddin Əliyev 2007-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsini bitirdikdən sonra 2007-2013-cü illərdə Ege Universitetinin ürək-damar cərrahiyyəsi fakültəsində təhsilini davam etdirmişdir. O, 2011-ci ildə ABŞ-ın Texas A&M Universitetində süni ürək proqramında çalışmış, 2012-ci ildə SCOTT & WHITE hospitalında kardiotorakal cərrahiyyə kursu keçmişdir. 2013-2014-cü illərdə Ege Universiteti ürək-damar cərrahiyyəsi kafedrasında ürək cərrahı kimi çalışmışdır. Dr.Elməddin Əliyev daim öz üzərində çalışan, dünya tibbinin nailiyyətlərini izləyən və təcrübəsində bu nailiyyətlərdən yararlanan bir həkimdir. O, Türk Ürək-Damar cəmiyyətinin üzvüdür.

-Siz Mərkəzi Gömrük Hospitalında işlədiyiniz illərdə uğurlu cərrah kimi yetişmisiniz. Bu necə baş verib?

-Düşünürəm ki, hər bir peşə sahibinin yetişməsində onun ilk müəllimlərinin, valideynlərinin böyük rolu olur. Mən özüm həkim ailəsində böyümüşəm. Atam həkim olub. Məktəb illərindən inanırdım ki, mən də həkim olacağam. Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsini bitirdikdən sonra təhsilimi davam etdirmək üçün Türkiyəyə üz tutdum. 2007-2013-cü illərdə Ege Universitetində ürək-damar cərrahiyyəsi üzrə təhsil aldım. Təhsil aldığım müddət ərzində cərrah kimi yetişməyimdə universitetin müəllimlərinin mənim üzərimdə çox böyük əməyi oldu. Türkiyədə oxuduğum müddət ərzində peşəkar həkimlərin təcrübələrindən faydalandım, prof. Dr.Mustafa Özbaran və prof. Dr. Anıl Ziya Apaydından bir sıra biliklər əldə etdim. Bu gün mən burada yaxşı cərrah kimi fəaliyyət göstərirəmsə, ömrümün sonuna kimi onlara borcluyam.

-Siz 2014-cü ildən Mərkəzi Gömrük Hospitalında işləyirsiniz. Bu illər ərsində təxminən nə qədər cərrahi əməliyyat icra etmisiniz?

-2014-cü ildə Gömrük Hospitalına işə dəvət almağım mənim üçün çox böyük şərəf və işimə verilən dəyər idi. Çünki Gömrük Hospitalı Azərbaycanda aparıcı tibb müəssisələrindən biridir. Baş həkimin və xəstəxana kollektivinin dəstəyi sayəsində mən çox qısa müddət ərzində təcrübə qazanıb uzun təhsil illərində əldə etdiyim bacarıqlarımı nümayiş etdirə bildim. O vaxtdan 5 il keçib və bu günə kimi mən bu Hospitalda təxminən 500-ə yaxın açıq ürək əməliyyatı həyata keçirmişəm. Əlbəttə, mən öz xəstələrimə daha yaxşı xidmət göstərmək üçün üzərimdə işləməyi də davam edirəm.

-Sizə daha çox hansı xəstəliklərlə, qüsurlarla müraciət edirlər?

-Mən böyüklərdə və uşaqlarda olan ürək xəstəliklərinin cərrahiyyəsi ilə bağlı təhsil almışam. Lakin hazırda Mərkəzi Gömrük Hospitalında böyüklər üzərində cərrahi əməliyyatlarla məşğulam. Mənə ən çox edilən müraciətlər xəstələrin ürəyini qidalandıran tac damarının müalicəsi ilə bağlıdır. Bu xəstələrdə invaziv və carrahi müalicə vaxtında aparılmadığı zaman onlarda infarkt, hətta ölüm hadisəsi baş verir. Bundan başqa ürəyin magistral damarlarının tutulması ilə də bağlı müraciət edirlər. Eyni zamanda, ürəyin daxilində olan qapaqların darlıqları, çatışmazlıqları, həmçinin anadangəlmə ürək problemi olan xəstələr də müraciət edir. Belə hallarda da biz xəstələri cərrahi yolla müalicə edirik. Onu da deyim ki, Gömrük Hospitalında bu əməliyyatları icra etmək üçün müasir tələblərə uyğun hər bir şərait yaradılıb.

-Xəstələrinizdən (və ya icra etdiyiniz əməliyyatlardan) hansı daha çox yadınızda qalıb və nəyə görə?

-Ürək cərrahiyyəsi digər cərrahiyyələrə nisbətən daha böyük və çətin prosesdir. Ona görə hər bir xəstə üzərində cərrahi əməliyyat zamanı və əməliyyatdan sonrakı dövr bizim üçün bir iz buraxır. Mənim ən çox yadımda qalan insanlar - ilk cərrahiyyə əməliyyatı icra etdiyim xəstələrdir. Mən Türkiyədə təhsil aldığım zaman 27 yaşım var idi. İlk cərrahiyyə əməliyyatımı da həmin dövrdə icra etmişdim. Cərrahiyyə əməliyyatı etdiyim insan xroniki dializ xəstəsi idi. Kifayət qədər riskli xəstə idi. Biz bu xəstə üzərində uğurla cərrahiyyə əməliyyatı etdik. Bu əməliyyat mənə özümə inam verdi, öz bilik və bacarıqlarıma əminliyimi artırdı, düzgün peşə seçməyimdə yanılmadığıma inandırdı. 27 yaşında ilk dəfə olaraq açıq ürək əməliyyatı etmək mənim üçün böyük məsuliyyət və bir stimul oldu. Bir məqamı xüsusi qeyd etmək istəyirəm ki, biz Türkiyədə cərrahiyyə əməliyyatları icra edərkən arxamızda bir dəstək var idi. Yəni hansısa bir sıxıntı, çətinlik ilə üzləşdikdə həmin peşəkar müəllimlərimizn dəstəyinə ehtiyac duyurduq. Ona görə də, mən həmişə onlara, yuxarıda adlarını çəkdiyim hörmətli müəllimlərimə göstərdikləri köməyə, dəstəyə görə həmişə minnətdaram. Onlar mənim peşəkar kardiocərrah kimi yetişməyimdə böyük rol oynayıblar.

-Cərrahın uğuru – həm də onun komandasının uğuru olur. Komandanız haqqında bir qədər danışın, zəhmət olmazsa.

-İstənilən cərrahi müdaxilə bütöv bir komandadan düzgün qurulmuş iş tələb edir. Kardiocərrahiyyə kimi sahədə isə, bu, xüsusilə məsuliyyətli işdir. Bizim komandamızda açıq ürək əməliyyatını icra etmək üçün 10-12 nəfər peşəkarlar var. Cərrahiyyə əməliyyatını icra edib bitirdikdən sonra xəstələrimiz reanimasiyaya köçürülür. Reanimasiyada da xəstənin güvəndiyi reanimotoloqa ehtiyacı var. Çünki xəstənin əməliyyatdan sonra reanimasiyada qaldığı müddət də, əməliyyat qədər çətin olan bir dövrdür. Yəni burada ən xırda məsuliyyətsizlik xəstənin ölümünə gətirib çıxara bilər. Reanimasiyada işləyənlərin hamısı bunu dərk edir. Daha sonra xəstələrimiz palatalara köçürülürlər. Həmin palatada xəstələrimiz 24 saat həkim nəzarətində olurlar. Xəstələr bir neçə gün palatada yatdıqdan sonra evə buraxılırlar.

-Biz bilirik ki, Mərkəzi Gömrük Hospitalı bu yaxınlarda Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupunun tərəfdaşı olub. Bu tərəfdaşlıq konkret olaraq Sizin perspektiv planlarınıza hər hansı şəkildə öz təsirini göstərəcəkmi? Bu tərəfdaşlıq şəxsən Sizə və Sizin xəstələrə nə verə bilər?

-Bildiyiniz kimi, bu ilin may ayında Gömrük Hospitalı Türkiyənin məşhur Florence Nightingale Xəstəxanalar Qrupu ilə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıb. Qarşılıqlı əməkdaşlıq nəticəsində biz də Mərkəzi Gömrük Hospitalı olaraq bu sahədə xeyli faydalanacağıq. Florence Nightingale Xəstəxanalar Qrupunun həkimləri müasir tibbin bütün yeniliklərini tətbiq edirlər. İkitərəfli əməkdaşlıq bizim üçün çox perspektivli olacaq. Düşünürəm ki, hər iki tərəfin təşkil etdiyi seminarlarda, konfranslarda, həmçinin, təcrübə mübadiləsi məqsədilə təşkil olunacaq təlimlərdə, təkmilləşdirmə kurslarında iştirak etməklə, mən də bu əməkdaşlıqdan xeyli yararlanacağam. Xəstələrimə gəldikdə isə, təbii ki, mənim göstərdiyim tibbi xidmətin keyfiyyəti yüksək olarsa, onların da sağlamlığı daha güvənli, etibarlı əllərdə olar...

-Maraqlı müsahibəyə görə sizə təşəkkür edirəm.
-Çox sağ olun.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Elməddin Əliyev Həkimlik peşəsinin çətin məqamı ürək cərrahiyyəsi olan hissəsidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ