Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Sentyabr 2022 12:24
Fövqəladə Hallar Nazirliyində nazir general-polkovnik Kəmaləddin Heydərovun iştirakı ilə meşələrdə yanğın təhlükəsizliyi ilə bağlı məsələlərin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib.
FHN-dən Sonxeber.net-a bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Tikinti, şəhərsalma və kommunal təsərrüfat şöbəsinin müdiri Feyruz Mustafayev, fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov və FHN-in aidiyyəti struktur bölmə və qurumlarının rəhbər heyətinin iştirak etdiyi müşavirədə son zamanlar meşələrdə baş verən yanğınlar və onların səbəbləri geniş müzakirə edilib.
Müşavirədə çıxış edən nazir Kəmaləddin Heydərov ölkədə son dövrlər baş verən meşə yanğınları barədə danışaraq bu yanğınların ilk növbədə qlobal istiləşmənin təsirindən qaynaqlandığını diqqətə çatdırıb. Bununla yanaşı, nazir qeyd edib ki, qlobal istiləşmənin təsirindən əlavə, yanğınların baş verməsinin əsas səbəbi insan faktoru olaraq qalır. Bəzi insanların sadə yanğın təhlükəsizliyi qaydalarına etinasız münasibəti və məsuliyyətsiz davranışı milli sərvətimiz olan meşələrdə yanğınların baş verməsinə, onilliklər ərzində formalaşmış meşə fondumuza, flora və faunaya ziyan vurulmasına gətirib çıxarır. Odur ki, meşə yanğınlarının qarşısının vaxtında alınması üçün bütün aidiyyəti qurumların əlaqəli şəkildə fəaliyyət göstərməsi mühüm əhəmiyyət kəsb edir.
Sonra ölkədə meşəlik ərazilərdə baş verən yanğınların söndürülməsi istiqamətində həyata keçirilən tədbirlərə dair FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Füzuli Əsədov, meşə yanğınlarının profilaktikası və yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlər barədə Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi daxili xidmət general-mayoru Hikmət Abbasov məruzə ilə çıxış ediblər.
Sonda nazir Kəmaləddin Heydərov yanğınların qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlərin davam etdirilməsinin vacibliyini bildirib, həmçinin meşələrdə yanğın təhlükəsizliyi ilə bağlı normativ hüquqi aktlarda müvafiq dəyişikliklərin edilməsi ilə əlaqədar təkliflərin hazırlanması barədə Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verib.