Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Firəngiz Rəhimbəyova ad, şöhrət, var-dövlət axtarışında olmayıb” - VİDEO

“Firəngiz Rəhimbəyova ad, şöhrət, var-dövlət axtarışında olmayıb” - VİDEO

Tarix: 7 Sentyabr 2022 14:35

"Kaliforniya ştatının Los-Anceles şəhərinə gəldim. Azərbaycanlı müğənni ilə vida mərasimi keçirildi. O, torpağa tapşırıldı. Mən də bu mərasimdə iştirak etmək üçün Vaşinqtondan Kaliforniyaya gəldim. Onunla vidalaşdım".

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, bu sözləri ABŞ-a köçən məşhur televiziya aparıcısı Səxavət Nur videoaçıqlamasında deyib.  

O, ürəktutmadan vəfat edən 62 yaşlı azərbaycanlı müğənni-aktrisa Firəngiz Rəhimbəyova ilə "Valley Oaks Memorial Park" məzarlığında keçirilən vida mərasiminin görüntülərini sosial şəbəkə hesabında paylaşıb.
Səxavət sənətçi ilə bağlı paylaşdığı görüntülərdə xatirələrini dilə gətirib:

"Firəngiz xanımla yaxın dost idim. Uşaqlığımdan onu dinləmişəm və mahnıları ilə böyümüşəm. Sonra elə oldu ki, televiziya və radioda çalışdığım zamanda verilişimdə qonaq oldu. Onunla dostlaşdıq. 2010-cu ildə Nyu-Yorkda Novruz bayramını keçirmişdi. Məni də ora aparıcı kimi dəvət etdi.

Onunla səhnəni paylaşdım. Evində qonaq olmuşam, ailsə ilə yaxından tanışam. Firəngiz xanım şöhrət, var-dövlət axtarışında olmayan bir şəxsiyyət idi. 1993-cü ildə o ABŞ-a köçmüşdü. 1999-cu ildə ailə qurmuşdu. Raya adlı bir qızı, iki nəvəsi var.
Bu həyat hamıya qarşı eyni davranır. Bir gün doğulduğu kimi, bir gün də ölür. Qızı Raya söylədi ki, anamın həyatını hər zaman bayram edəcəyəm. Çox gözəl ifadədir. Biz ölənlərimizi ağlayaraq yola salırıq. Çünki çox üzülürük. Amma sadəcə cisim gedir.

Firəngiz xanım Azərbaycanı çox sevirdi. O, Bakıda doğulmuşdu. Getdiyi hər bir yerdə də Azərbaycan musiqisini təmsil edirdi. O heç zaman ad axtarışında olmayıb. Heç onu gözləmirdi də. Heç gözləmirdi ki, ona hansısa fəxri ad versinlər. Bu gün onunla vida mərasimində Azərbaycanın Los-Ancelesdəki konsulluğunun nümayəndələri də iştirak etdi.

Bu xanım çox rəngləri sevərdi. Onun geyimləri də, həyatı da rəngarəng idi. Çox pozitiv və şən idi. Çox təəssüf ki, 2020-ci ildə mən Loc-Ancelesdə olanda onunla görüşə bilmədim.

Koronavirus pandemiyasına görə, onunla özüm görüşmədim. Təyyarə ilə gəlmişdim. Onun həyat yoldaşı xəstə olduğu üçün istəmədim görüşmək.

Sonuncu dəfə isə onun doğum günündə avqustun beşində Firəngiz xanımı təbrik etmişdim.

Danışmışdıq ki, tezliklə görüşəcəyik. Həyatdır, qismət olmadı. Bir an bir saniyə həyat bitə bilər. Vida mərasimində çıxışım zamanı söylədim ki, Firəngiz xanım haqda keçmiş zamanda danışmayacağam. Çünki o hər zaman var. Onun səsi nə qədər var, o hər zaman yaşayacaq".

Qeyd edək ki, "Bəxt üzüyü" filmində Sevda obrazı ilə tanınan F.Rəhimbəyova ilk həyat yoldaşından boşandıqdan sonra 1993-cü ildən qızı Raya ilə birlikdə ABŞ-ın Los-Anceles şəhərinə köçüb. Sənətçi 1999-cu ildə orada amerikalı arxitektor Raymond Antoni ilə ailə həyatı qurub.

Milli.Az


Etiketlər:  Firəngiz Rəhimbəyova şöhrət dövlət axtarışında olmayıb VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ