Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ombudsman Aparatının əməkdaşları hərbi hissələrə baxış keçiriblər

Ombudsman Aparatının əməkdaşları hərbi hissələrə baxış keçiriblər

Tarix: 30 Sentyabr 2019 19:40

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Komandanlığı və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Komandanlığı ilə razılaşdırılmış plan-cədvəllərə müvafiq olaraq, Ombudsman Aparatının əməkdaşları hərbi hissələrə başçəkmələri müntəzəm qaydada davam etdirir.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, bu günlərdə Aparatın Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və həmin sektorun böyük məsləhətçisi Murad Babayev Müdafiə Nazirliyinin cəbhə xəttində yerləşən “N” saylı hərbi hissələrinə, həmçinin Daxili Qoşunların Gəncə şəhərindəki hərbi hissəsinə plan üzrə baxış keçiriblər.

Baxışın məqsədi hərbi qulluqçuların məişət şəraiti ilə tanış olmaq, onlarla rəftar və həmin hərbi hissələrdə insan hüquqlarının müdafiəsi vəziyyətinin araşdırılması olub.

Aparatın əməkdaşları tərəfindən hərbi hissələrin həmçinin Müdafiə Nazirliyinin ön xəttində yerləşən bölmələrinin obyektlərinə baxış keçirilib, hərbi qulluqçular üçün yaradılmış xidmət şəraiti, habelə onlarla rəftar, həmçinin qidanın keyfiyyəti və müalicə işinin təşkili müsbət qiymətləndirilib.

Ombudsman Aparatının əməkdaşları şəxsi heyətlə insan hüquqları, o cümlədən hərbi qulluqçuların hüquqları, Ombudsmanın bu istiqamətdə fəaliyyəti, mövcud hərbi qanunvericilik və hərbi nizamnamələr mövzusunda söhbətlər aparıb, çoxsaylı sualları cavablandırıblar. Onlar respublikamızda hüquqi maarifləndirmə, ideoloji və təlim-tərbiyə işlərinin, şəxsi heyətin yüksək döyüş ruhunun və psixoloji durumunun, həmçinin Vətənə sədaqət və vətənpərvərlik hissinin gücləndirilməsi sahəsində aparılan işlərin əhəmiyyətini vurğulayıblar.

Görülən işlərin daha da təkmilləşdirilməsi üçün hərbi hissənin komandanlığına müvafiq tövsiyələr verilib.

Tədbirlərin keçirilməsi komandanlıq və şəxsi heyət tərəfindən razılıqla qarşılanıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Ombudsman Aparatının əməkdaşları hərbi hissələrə baxış keçiriblər


RƏYLƏR