Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 May 2019 11:44
"Matçın son dəqiqəsində daha bir qol epizodumuz oldu. 4:0 hesablı qalibiyyət daha gözəl olardı. Amma indiki də yaxşı nəticədir. Hələ növbəti mərhələyə yüksəlmədiyimizin fərqindəyik. Daha çətin cavab qarşılaşması bizi gözləyir. Qələbə qazandığımız üçün xoşbəxtik".
Qol.az-ın məlumatına görə, bu sözləri "Barselona"nın futbolçusu Lionel Messi Çempionlar Liqasının yarımfinalında "Liverpul"a 3:0 hesabı ilə qalib gəldikləri ilk oyundan sonra deyib.
Sözügedən matçda dubla imza atan argentinalı hücumçu bildirib ki, "Liverpul"un qol vurmamağı önəmli idi: "İkinci hissədə nəticəni dəyişdirə biləcək şansları oldu, amma fərqlənə bilmədilər".
O, vurduğu ikinci qol haqda da danışıb: "Zərbə effektli oldu. Qol vura biləcəyimə ümid edirdim. Top qapıya getdiyi üçün şanslı idim".
Messinin sözlərinə görə, hazırda bu mövsümün həlledici anındadırlar: "Biz hamımız daha çox birləşməliyik. Hazırda kimisə tənqid etmək zamanı deyil. Biz-birimizə dəstək olmalı və finala birlikdə çıxmalıyıq".