Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Oktyabr 2022 12:27
Əruz vəzni tarixinin ən böyük tədqiqatçısı, Filologiya elmləri doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Humanitar fənnlər" kafedrasının müdiri, professor Tərlan Quliyev Filologiya elminə böyük tövhələr vermiş azərbaycanlı alimdir.
- Tərlan müəllim, filoloq olmağınıza baxmayaraq, musiqiyə bağlısınız, muğamları çox dinləyirsiniz. Bu, əruz vəzninin tədqiqatçısı olmaqdanmı irəli gəlir?
- Həm gəlir, həm də yox. Həm gəlmir ona görə ki, onsuz da muğamı avtomatik olaraq sevirik, muğam bizim qan yaddaşımızdır, mənəvi dünyamızın ayrılmaz tərkib hissəsidir. Bir şərqli, bir azərbaycanlı kimi muğamı sevməmək olmaz. Çünki muğam elə bir İlahi musiqidir ki, orada elə gözəl hisslər doğuran cəhətlər var ki, ona görə də muğamı sevməmək mümkün deyildir. Lakin professional cəhətdən sevirəm, ona görə ki, əruzla bağlıdır. Dahi bəstəkar Üzeyir Hacıbəyli demişdir ki, muğamda ancaq əruz üzərində yazılmış şeirlər oxunmalıdır. Heca vəzni üzərində yazılmış şeirləri muğamda oxumaq olmaz. Doğrudur, böyük sənətkarlarımız oxumuşlar, lakin Üzeyir bəy bunu müvafiq görməmişdir. Yəni muğam üzərində yalnız əruz vəznində yazılmış şeirlər-qəzəllər, qəsidələr, müxəmməslər, mürəbbelər, təxmislər oxuna bilər. Necə ki, bizim sənətkarlarımız bunu oxumuşlar. Ona görə də mənim muğamı sevməyim öncə Azərbaycançılıqla, qan yaddaşımızla, mənəvi dünyamızla bağlıdır, digər tərəfdən, professional şəkildə əruzla bağlıdır ki, o muğamın tərkib hissəsidir. Əruzu bilmədən də muğamı düzgün oxumaq olmaz.
- Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında uzun illər boyunca əruz vəznini, Azərbaycan klassik ədəbiyyatını, Azərbaycan dilini təbliğ edirsiniz. Klassik musiqi ocağında əruz vəzninin tədris edilməsi zəruridirmi?
- Bəli, əruz vəzninin tədris olunması olduqca vacib və zəruridir. Əgər dahi Üzeyir bəy əruzu bilməsəydi, onun "Leyli və Məcnun" operası bu qədər əzəmətli olmazdı, bu qədər sevilməzdi. Bu opera öz janrına görə digər operalardan fərqlənir və muğam operadır. Muğam opera olması, onun bilavasitə əruza söykənməsi deməkdir. Üzeyir bəy nəzəri şəkildə dediklərini, praktiki şəkildə bu operada göstərmişdir, yəni praktika ilə nəzəriyyəni birləşdirmişdir. Operanın da çox hissəsi qəzəllərdən, muğamlardan ibarətdir.
- Bakı Musiqi Akademiyasıdakı fəaliyyətinizin yaradıcılığınıza necə bir təsiri olmuşdur?
- Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası mənim doğma evimdir. Özümü Bakı Musiqi Akademiyası olmadan təsəvvür etmirəm. Mən elm adamıyam. Həmişə özümü mənəvi cəhətdən Azərbaycan Milli Elmlər Akademiyasında təsəvvür etmişəm. Onun müxtəlif institutlarında da işləmişəm. Lakin mənim daxilimdə bir müəllimlik var. Uzun müddətdir ki, müəllim kimi fəaliyyət göstərirəm və müəllimliyi heç vaxt özümdən ayrı hiss etməmişəm. Dərs dediyim müddət ərzində isə heç vaxt həvəssiz, ilhamsız dərs deməmişəm. 30 ildən çox Azərbaycan dilini, ədəbiyyatını, əruzu tədris etdiyim Bakı Musiqi Akademiyasında da hər zaman böyük sevgi, coşqu ilə auditoriya qarşısında çıxış etmişəm. Tələbələrim də mənim övladlarımdır. Çalışmışam ki, onların heç yerdə oxumadıqlarını, heç kimdən eşitmədiklərini tələbələrimə ötürüm. Standart dərs deməyi sevmirəm.
- Əruz və musiqi bir-birilə necə vəhdət təşkil edir? (Əruzun ritmləri Azərbaycan xalq musiqisinin ritmləri ilə necə uzlaşır?
- Əruzun tərkibində avtomatik olaraq, musiqi vardır. Çünki əruz vəznində hecaların düzülüşü şeirə, ritmə bir musiqi verir. Azərbaycan əruzunda 12 bəhr və deyərdim ki, 100-ə qədər əsas qəlib mövcuddur. Deməli, Azərbaycan əruzunda 12 ritm, 12musiqi var. Bizim şairlərin, müğənnilərin, aktyorların borcudur ki,bu 12 ritmi tapıb, öz ifalarına tətbiq etsinlər. Onda musiqi ilə əruzun vəhdəti daha uyğun alınır.
- Bilirik ki, əruz ərəb dilinin vəznidir. Bəs necə Orta əsr Azərbaycan şairlərinin şeirlərinin vəzni oldu? Yəni əruz vəzni türk dilinə necə keçid edə bildi?
- Ərəblərin Yaxın Şərqi istila etməsi nəticəsində onların mədəniyyəti bütün Yaxın Şərq xalqlarının mədəniyyətinə, eləcə də ədəbiyyatına təsir göstərdi. Əruzla bərabər qafiyə sistemi, "Leyli və Məcnun", "Yusif və Züleyxa" mövzuları da ədəbiyyatımıza nüfuz etdi. Türkdilli poeziyada ilk dəfə 1069-cu ildə Yusif Balasaqunlunun"Qutadqu bilik" əsəri, anadilli poeziyamızda isə XIII əsrin II yarısında İzzəddin Həsənoğlunun "Apardı könlümü xoş bir qəmərüz" qəzəli əruz vəznində yazılmışdır. Daha sonra Azərbaycan türkcəsində bir çox görkəmli şairlərimiz şeirlərini əruz vəznində yazmağa başladılar.
- Qeyd etdiyiniz kimi ərəblərin Yaxın Şərqə yürüş etməsi işğal olunan xalqların mədəniyyətinə böyük təsir göstərdi. Əgər bu istilalar, bu işğallar olmasaydı türk dilinin şeiri necə olacaqdı?
- İnanın ki, Türk dilinin şeiri daha gözəl olacaqdı. Səməd Vurğunun yaradıcılığına nəzər yetirək. Heca vəznini ən kamil zirvəyə çatdırmış, bu vəzndə necə gözəl yazıb-yaratmışdır. O, üç min illik heca vəzninin son zirvəsidir. S.Vurğun dünyaya sübut etdi ki, heca vəzni Azərbaycanın, türk dilinin ana vəznidir və bu vəzndə heç də əruzdan əskik olmayan, hətta ondan da üstün əsərlər yaratmaq olar.
- Seminarlarınızın birində demişdiniz ki, sevgi hissini şeirlərində mükəmməl şəkildə tərənnüm edən şair M.Füzulidir. Fikrinizi açıqlayardınız, zəhmət olmasa.
- Bilirsiniz, şair fikri ilə, eyni zamanda poetikası ilə fərqlənir. O, düşünməlidir ki, sözü necə deyə bilərəm. Sevgi və digər insani hisslərhəyatda, məişətdə çox istifadə olunur. Amma poeziyada bunlar kamil şəkildə göstərilməlidir. Sevgi və digər insani hisslərin də ən gözəl tərənnümçüsü Məhəmməd Füzulidir. O, insan ürəyində mövcud olan hissləri ən yüksək poetik səviyyədə dilə gətirmişdir. Şairin dahiliyi ondadır ki, adi bir sözlə şeirə böyük məna dəyişikliyi verib, estetik zövqə imkan yaratsın. M.Füzulinin şeirlərində buna çox rast gəlirik. Ona görə də hamı kimi mən də M.Füzulinin yaradıcılığını çox sevirəm.
- Sizinlə həmsöhbət olduqda, vurğulamışdınız ki, qüdrətli o şairdir ki, hər hansı bir fikri şeirində tərənnüm etdikdə, eyni zamanda dövrünün problemlərinə də toxunsun. Müasir dövrün şairlərində bu xüsiyyətə rast gəlinirmi?
- Az da olsa rast gəlinir. Amma bir az sərt danışacağam-müasir dövrün şairləri poeziyanın əhəmiyyətini dərk edəcək səviyyədə deyillər. Yazdıqlarının məsuliyyətini, poetikasını anlamırlar. Əlinə qələm alıb, ürəkdən keçən hissləri yazmaq, özü də zəif şəkildə yazmaq... Buna hələ şeir demirlər. Hər yazılan, şeir deyildir. Şeirlə cəmiyyətə, kütləyə ismarıc göndərə bilmirsənsə, bu xalqın, kütlənin şeiri adlana bilməz. Şeir çox mürəkkəb bir strukturdur və ona səthi yanaşmaq olmaz. Ona görə də dövrün, cəmiyyətinproblemlərini göstərə bilməyən şair qüdrətli ola bilməz.
- Tərlan müəllim, bu yaxınlarda "Dədə Qorqud" dastanını doğma dilimizə çevirdiniz. Bu barədə məlumat verərdiniz.
- Bəli. "Dədə qorqud" dastanının iki nüsxəsi vardır: "Drezden" və "Vatikan" nüsxəsi. "Drezden" nüsxəsini bizim alimlərimiz əski əlifbadan müasir əlifbaya çevirmişlər. Lakin, "Vatikan" nüsxəsini heç kim çevirməmişdir. Mən ilk dəfə bu nüsxəni Azərbaycan əlifbasına çevirib, çap etdirdim və ona 75 səhifəlik ön söz yazdım. Bu əsəri çap edib, Azərbaycan xalqına xidmət etdiyim üçün onu həyatımın ən qiymətli əsərlərindən hesab edirəm.
- Tərlan müəllim, təşəkkür edirəm!
- Buyurun, mən təşəkkür edirəm!
Ofeliya İsgəndərova
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Mətbuat Şöbəsinin əməkdaşı, musiqişünas