Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu avtomobillər ucuzlaşdı

Bu avtomobillər ucuzlaşdı

Tarix: 14 Noyabr 2022 17:56

Ötən ay Bakının avtomobil bazarında sentyabr ayı ilə müqayisədə qiymətlərdə kəskin dəyişiklik müşahidə edilməyib.

Bu barədə report-a açıqlamasında "Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası" (AADA) İctimai Birliyinin nümayəndəsi, avtomobil bazarı üzrə ekspert Eyyub Əliyev deyib.

O, ay ərzində bəzi avtomobil modellərinin ucuzlaşdığını bildirib:

"Yeni avtomobillərin qiymətində artım yoxdur. Hətta bəzi avtomobil salonlarında kampaniyalar təklif edilir, avtomobil satışı və servis qiymətlərində endirimlər olur. Elektromobillərlə bağlı gömrük rüsumu ləğv edildiyinə görə yəqin ki, gələn aydan bu avtomobillər də ucuzlaşacaq.

Mühərrik həcmi böyük olan "ikinci əl" avtomobillərin qiyməti enib. Məsələn, əvvəllər mühərrik həcmi 4 400 kubsantimetr, ili 2007-ci il olan avtomobillərin qiyməti 25 min manata idisə, indi onlar 22-23 min manata satılır. 2006, 2007, 2008-ci illərdə istehsal olunmuş ekonom klass avtomobillərin də qiymətində bir qədər azalmalar var. Amma 2012-2013-cü illərdə istehsal olunmuş "ikinci əl" avtomobillərin qiymətində 500-1 000 manat arası artım var. Ümumi götürsək, ötən ay "ikinci əl" avtomobillərin ucuzlaşdığını deyə bilərik".

E.Əliyev ötən ay avtomobil satışlarının qənaətbəxş olduğunu qeyd edib:

"Sentyabr ayı ilə müqayisədə oktyabrda təzə avtomobillərin satış həcmi artıb. "İkinci əl" avtomobil bazarında isə bir az durğunluq yaranıb. "İkinci əl" avtomobil almaq istəyənlər əsasən qiyməti 10-20 min manat olan avtomobillərə üstünlük verir. Həmin şəxslər elektromobil və hibridlərə güzəştlərin tətbiq edildiyinə gördükcə, belə güzəştlərin digər avtomobil modellərinə də şamil ediləcəyini düşünürlər. Ona görə də maşın almaq fikrindən müvəqqəti daşınır və gözləmə mövqeyi tuturlar. Digər tərəfdən, "Aİ-95" markalı benzinin qiymətinin yüksək olması mühərrik həcmi böyük olan avtomobillərin satışına mənfi təsir edir. Əvvəllər "ikinci əl" avtomobil bazarında Rusiyada istehsal olunmuş avtomobillərin satışı üstünlük təşkil edirdi. İndi Rusiyada baş verən məlum hadisələr fonunda vətəndaşlarımız Rusiyada istehsal olunan avtomobilləri almaqdan ehtiyat edirlər. Onlar düşünür ki, bu avtomobilləri alsalar, gələcəkdə ehtiyat hissələrini tapmaqda çətinlik çəkə bilərlər. Bu səbəblərə görə, "ikinci əl" avtomobil bazarında satışlar bir qədər ləngiyir. Ümumilikdə isə bazarda vəziyyət yaxşıdır".

Müsahibimizin sözlərinə görə, artıq alıcılar köhnə avtomobilləri almaqdan imtina edir:

"Sevindirici haldır ki, vətəndaşlarımız artıq maariflənib və ölkəyə gətirilən "ikinci əl" avtomobillərin qəzalı, nasaz avtomobillər olduğunu bilirlər. Nəticədə onlardan imtina edir və yeni avtomobillərə üz tuturlar. Həmin köhnə avtomobillərin satışı azaldığına görə, qarşıdakı aylarda onların ölkəyə gətitirlməsinin də azaldığını görəcəyik.

Bizdə krossoverlərə tələbat daha çoxdur. Nədənsə, biz hündür maşını daha sanballı hesab edirik. Qiyməti 30-50 min manat arasında olan avtomobillərdən ən çox satılanları krossoverlərdir. Ekonom klass avtomobillər arasında isə heçbeklərə daha çox üstünlük verilir. Mühərrik həcmi 1 400, 1 500, 1 600 kubsantimetr olan avtomobillərə də tələbat var. Bunları sürənlər əsasən taksi fəaliyyəti göstərənlərdir".

E.Əliyev əlavə edib ki, müştərilər avtomobil seçərkən onun ehtiyat hissəsinin tez tapılan olması, baha olmaması, həmin avtomobilin servis mərkəzindən kənarda ustasının tapılması və servis mərkəzlərində yüksək səvyyədə xidmət göstərilməsi kimi məsələləri göz önündə tuturlar.


Etiketlər:  avtomobillər ucuzlaşdı


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ