Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Noyabr 2022 10:02
KTMT-nin İrəvanda keçirilən biabırçı sammitindən sonra Rusiyaya olan bütün ümidləri qırılan Ermənistan hakimiyyəti yenidən Qərbə üz tutub.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Fransa səfərinin ardınca Almaniyaya gedib. Rusiya mediası dərhal bunu qərbpərəst baş nazir Nikol Paşinyanın Krermldən üz döndərib Avropaya üz tutması ilə əlaqələndirib. Xüsusi vurğulanır ki, bu səfərlər Ermənistan-Azərbaycan münaqişəsinin yeni kəskinləşməsi fonunda baş verir.
"Bu, öz növbəsində, Azərbaycan prezidenti İlham Əliyevin dekabrın 7-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlardan imtina etməsindən sonra başlayıb. Əliyev Paşinyanla danışıqlardan imtinanın səbəblərini açıqlayaraq, Ermənistanın baş nazirinin Fransa prezidenti Emmanuel Makronun orada iştirakında israrına görə mümkün olmadığını bildirib. Azərbaycan Fransanı Ermənistan-Azərbaycan münaqişəsində qərəzli hesab edir və bu, Parisin anti-Azərbaycan bəyanatlarında, xüsusən də Fransa Senatının Bakıya qarşı sanksiyaların tətbiq edilməsini tövsiyə edən qətnaməsində öz əksini tapır", - deyə Rusiyanın "Nezavisimaya qazeta" nəşri yazıb.
Qəzet yazır ki, Əliyevin sözlərinə görə, bütün bunlar Fransanın sülh prosesində iştirakını qeyri-mümkün edir və Paşinyanın Makrondan vasitəçilik tələbi sülh danışıqlarını pozmaq cəhdidir: "Əliyevin imtinasını nəzərə alaraq, Ermənistan-Azərbaycan münaqişəsinin kəskinləşməsi qaçılmaz olub. Ötən dövrün təcrübəsi onu deməyə əsas verir ki, proses Azərbaycan ssenarisi üzrə getməyi dayandıranda Bakı öz əzələlərini nümayiş etdirir".
"Qriqoryan Paris və Berlinin dəstəyini almağa cəhd edə bilər"
Rusiya nəşri yazır ki, mövcud vəziyyət onu deməyə əsas verir ki, Armen Qriqoryan Fransa və Almaniyaya səfəri zamanı Paris və Berlinin dəstəyini almağa cəhd edə bilər. Üstəlik, KTMT-də (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) İrəvan, deyəsən, nəhayət, məyus olub. Bunu Paşinyanın həm alyansın son İrəvan sammitində, həm də ondan sonra verdiyi qiymətlər sübut edir. Amma avropalılardan hansı əməli yardım ola bilər və buna ümid etməyə dəyərmi, bəlli deyil.
"NG" yazır ki, Ermənistanın keçmiş müdafiə naziri, parlamentin müxalifətdəki "Ermənistan" fraksiyasına rəhbərlik edən Seyran Ohanyan vəziyyəti şərh edərkən KTMT-dən əl çəkməmək lazım olduğunu deyib və qeyd edib ki, müxalifətin də bu quruma iddiaları var: "Ermənistanın baş nazirinin KTMT Kollektiv Təhlükəsizlik Şurasının bəyannaməsini imzalamaması Ermənistanın alyansa sədrlik etməsinə və bu müddət ərzində istədiyi sənədi razılaşdıra bilməməsinə baxmayaraq, Ermənistanın özünə mənfi təsir göstərə bilər". O, hər şeyə rəğmən, KTMT-nin müəyyən təcrübə və ənənələrə, əməkdaşlığa malik olduğunu, "hərbi-siyasi birliklərin təkcə xarici deyil, həm də daxili məsələləri koordinasiya etmək üçün yaradıldığını" vurğulayıb.
Ohanyan NATO və KTMT-ni müqayisə edib və vurğulayıb ki, 70 ildən artıq tarixə baxmayaraq, Şimali Atlantika Alyansının da ciddi problemləri var. "KTMT Ermənistanla Azərbaycan arasındakı münasibətlər, sərhəd vəziyyəti, sərhəddə effektiv müdafiə xəttinin formalaşdırılması, mühəndis texnikası ilə məşğul olmamalıdır. Bununla Ermənistanın hərbi-siyasi rəhbərliyi məşğul olmalıdır. Erməni əsgərləri və erməni komandirləri Ermənistanın sərhədində dayanmalıdırlar, nəinki Avropa İttifaqının bir qrup müşahidəçisi və ya KTMT-nin üzvü olan hər hansı ölkənin əsgəri", - Ohanyan bildirib.
Azər Nuriyev