Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İranda ciddi proses gedir: heç vaxt 80 gün olmamışdı

İranda ciddi proses gedir: heç vaxt 80 gün olmamışdı

Tarix: 6 Dekabr 2022 11:28

Milli.Az Axar.az-a istinadən Türkiyənin İstanbul şəhərində yaşayan araşdırmaçı-yazar Məhəmməd Rəhmanifərin İrandakı hadisələrlə bağlı müsahibəsini təqdim edir:

- İrandakı son etirazları əvvəlki etirazlardan fərqləndirən əsas xüsusiyyət nədir?

- İlk gündən deyirəm ki, bu etirazların 3 böyük özəlliyi var: Birincisi genişliyidir. Daha əvvəllər də İranda etirazlar olub, ancaq coğrafi baxımdan bu genişlikdə etirazlara biz şahid olmamışdıq. Hazırki etirazlar hardasa ölkəni başdan-başa əhatə edir.

İkinci məsələ davamlılığıdır. Əvvəlki etirazlar uzağı 10 günə hakimiyyət tərəfindən yatırılıb, dağıdılıb. Ancaq bu dəfə bunun əksini görürük. Təxminən 80 gün öncə başlayan genişmiqyaslı etirazlar hələ də davam edir. Bəllidir ki, hökumət də etirazları yatıra bilməyəcək.

Hazırki aksiyaların 3-cü və ən böyük özəlliyi isə qadınların, xüsusilə gənc qızların ön sıralarda yer alması və aparıcı ünsür kimi ortaya çıxmalarıdır. Hakimiyyət də bunu bilir.

- Görünür, hakimiyyət qadınlarla bağlı məsələdə güzəştə getməyə hazırdır. Bir neçə gündür mətbuatda "əxlaq polisi"nin ləğvi ilə bağlı xəbərlər yer alır.

- Bu xəbər beynəlxalq mediada da əks olundu. Ancaq İranın daxilinə nəzər yeturəndə buna kiminsə inanmadığını görürük. Əvvəla, hökumət rəsmiləri bunu rəsmi şəkildə açıqlamayıblar. Bununla yanaşı iranlılar bilir ki, "əxlaq polisi"nin adı dəyişsə də, başqa formatda basqılar davam edəcək. Necə ki indi qadınların baş örtüsü və geyimlərinə sadəcə "əxlaq polisi" nəzarət etmir. Ofislərdə, iş yerlərində hər yerdə "hərasət" deyilən bir bölmə var. Bu "hərasət" İranın kəşfiyyatına tabe olan bölmədir. Onun vəzifələrinin biri də dövlətə məxsus istənilən iş yerində, hətta məktəb və universitetlərdə qadınların geyiminə nəzarət etməkdir. Ona görə də iranlılar heç bu şayiələri ciddiyə almırlar.

- İrandakı etirazlarda Güney Azərbaycan fəallarının da həbsini, saxlanıldığını müşahidə edirik. Onların aksiyalara yanaşması necədir və etirazlarda hədəfi nədir?

- Güney Azərbaycan türkləri ilk gündən bu etirazlarda aparıcı rol oynayıblar. Vaxtaşırı meydanlara axın edərək öz şüarlarını səsləndiriblər. Başqa millətlərlə ayaqlaşsalar da, öz sözlərini deyiblər: "Azərbaycan milləti, çəkəmməz bu zilləti", "Biz ölməyə hazırıq, Babəkin sərbazıyıq!" "Azadlıq, ədalət, milli hökumət", "Nə şahçıyam, nə şeyxçi, millətçiyəm millətçi!" kimi şüarlar fərqli şəhərlərdə qarşımıza çıxır. Ümumiyyətlə isə azərbaycanlıların hamısının eyni fikirdə olduğunu hesab etməyin. Bunu unutmaq olmaz ki, bəziləri hələ o İranda demokratiyanın yerinə oturacağına, bəziləri rejim çərçivəsində federalizmin gerçəkləşməsinə inanır. Amma ciddi kəsim var ki, onlar "Azərbaycan Milli Hərəkatı" adlanır və özünə görə toplumda da qəbul edilən cərəyandır. Bu cərəyan Güney Azərbaycanın müstəqilliyini istəyir. Onlar belə düşünür ki, Azərbaycan İrandan ayrılmasa, soydaşlarımız orda xoşbəxtliyi, səadəti tapa bilməyəcəklər.

Milli.Az


Etiketlər:  İranda ciddi proses gedir heç vaxt 80 gün olmamışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ