Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sahibkarlar üçün maliyyə resurslarına çıxış imkanlarına dair onlayn maarifləndirmə tədbiri keçirilib (FOTO)

Sahibkarlar üçün maliyyə resurslarına çıxış imkanlarına dair onlayn maarifləndirmə tədbiri keçirilib (FOTO)

Tarix: 2 May 2019 20:18

Bakı. Trend:

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə sahibkarlar üçün növbəti onlayn maarifləndirmə tədbiri təşkil olunub.

Agentlikdən Trend-ə verilən məlumata görə, sahibkarların maliyyə resurslarına çıxış imkanları və bu sahədə göstərilən xidmətlərə həsr olunmuş onlayn tədbirdən Bakıda, eləcə də ölkə regionlarında fəaliyyət göstərən 300-dən çox sahibkar yararlanıb.

Onlayn tədbir zamanı sahibkarların maliyyə resurslarına çıxış imkanları, bu sahədə göstərilən xidmətlər, dövlətin güzəştli kreditlərdən istifadə, maliyyə və bank sahəsindəki yeniliklər barədə təqdimatlar keçirilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Təlimin keçirilməsi üçün Azərbaycan Dövlət İqtisad Universitetinin “UNEC Extern” mərkəzinin texniki imkanlarından istifadə edilib. Ekspert qismində onlayn tədbirə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu, Maliyyə Bazarlarına Nəzarət Palatası, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, İpoteka və Kredit Zəmanət Fondu, eləcə də ölkəmizdə fəaliyyət göstərən bir sıra bankların nümayəndələri cəlb olunub.

Onlayn tədbir çərçivəsində sahibkarlara ekspertlərə birbaşa müraciət etməklə yanaşı, suallarını yazılı olaraq göndərmək imkanı da yaradılıb. Yazılı müraciətlərin bir qismi ekspertlər tərəfindən təlim çərçivəsində operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən suallarla bağlı isə tədbirdən sonra sahibkarlara müvafiq məlumat verilib.

Qeyd edək ki, onlayn tədbir barədə sahibkarlar İqtisadiyyat Nazirliyinin www.economy.gov.az və KOBİA-nın www.smb.gov.az saytları, “Facebook” səhifələri, eləcə də KİV vasitəsilə əvvəlcədən məlumatlandırılıb.

Sahibkarların istənilən yerdən təlimə birbaşa qoşulması, təlimi canlı rejimdə izləməsi üçün KOBİA və Agentliyin ölkənin 12 şəhər və rayonunda fəaliyyət göstərən KOB dostları tərəfindən sahibkarlara hər cür dəstək göstərilib.

Qeyd edək ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə sahibkarlar tərəfindən daxil olan müraciətlər nəzərə alınaraq Agentlik tərəfindən mütəmadi olaraq onlayn maarifləndirmə tədbirləri keçirilir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Sahibkarlar üçün maliyyə resurslarına çıxış imkanlarına dair onlayn maarifləndirmə tədbiri keçirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ