Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Oktyabr 2019 20:12
Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə ötən dövrdə 1720 gənc (o cümlədən cari iln 9 ayında 123 gənc) qəbul olunub.
Nazirlikdən Trend-ə verilən məlumata görə, müəssisə sağlamlıq imkanları məhdud gənclərin sosial və peşə reabilitasiyasının təmin olunması, onların əmək bazarına inteqrasiyasının asanlaşdırılması məqsədi ilə fəaliyyət göstərir. Burada gənclərin kompüter istifadəçisi, dərzilik, bərbərlik, ağac üzərində oyma, toxuculuq, rəssamlıq, xalçaçılıq, aşbaz köməkçisi, montajçı-operator və s. üzrə peşə hazırlığı təmin edilir.
Peşə təlimində olduqları müddətdə gənclərin burada dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə təminatı da həyata keçirilir. Kursları bitirənlərə peşə şəhadətnamələri verilir.
Hazırda Peşə Reabilitasiya Mərkəzdə 100-ə yaxın gənc peşə təlimindədir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin