Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2023 21:48
"Azərbaycan Müdafiə naziri, nazirliyin rəhbəliyində olan ali rütbəli zabitlərin hərbi hissələrə baş çəkmələri, yoxlama və baxış keçirmələri əslində onların adi qaydada iş fəaliyyətinin bir hissəsidir. Amma belə baxışlar və yoxlamalar mətbuatda rəsmi olaraq yayılırsa, deməli burada mesaj var. Azərbaycan əhalisi aşağı-yuxarı bilir ki, kim hara gedib. Yəni bizdə məlumat olur ki, hansısa hərbi hissədə nazir olub, digərində baş qərargah rəisi olub. Hesab edirəm ki, indiki halda generalların hərbi hissələrə getməsi və bunun mətbuatda işıqlandırılması daha çox kənara mesajdır".
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bunu hərbi analitik Azad İsazadə deyib.
Onun sözlərinə görə, bu mesajlar aydındır: "Nümayiş etdirilir ki, biz hazırıq, hazırlıq görürük. Hökm deyil ki, o saat atəş açaq. Sadəcə nümayiş etdiririk ki, biz də hazırlıq işi aparırıq. Məsələ dinc yolla həll edilməsə, biz ordumuzu hazırlayırıq. Hesab edirəm ki, mesaj budur. Açıq göstəririk ki, müharibəyə hazırlaşırıq. Bəli, müharibənin yenidən olması istisna edilmir.
Burada digər məqam da var. Aydındır ki, bizimlə müqayisədə Müdafiə Nazirliyinin məlumatı daha çoxdur. Bilirik ki, Ermənistan Hindistandan silah almağa çalışır. Amma bizim Müdafiə Nazirliyində Ermənistanın almaq istədiyi silah növləri, onun sayı var haqda məlumat var. Odur ki, bu, həm də cavab reaksiyasıdır. Anlayırıq ki, qarşı tərəf hazırlaşır, biz də cavab hazırlığımızı görürük".
Analitik əmindir ki, Ermənistan belə mesajları göydə tutur: "Açığı, biz müharibədən qorxmuruq, sadəcə istəmirik ki, müharibə başlasın. Düzdür, biz müharibə apardıq, itkilər də verdik, amma müharibənin başlamasından da qorxmuruq. Bizdən fərqli olaraq Ermənistan və ya ermənilər müharibənin başlamasından çox qorxur. Çünki gördülər ki, biz qələbə qazana bilirik. Nəticədə Ermənistanda əhali axını baş verdi, insan resursu itirdi. I Qarabağ Müharibəsində daha çox Rusiyaya arxayın idi, amma II Qarabağ müharibəsində belə olmadı. Bəli, ruslar kömək etdi, amma birmənalı tərəfini ortaya qoymadı. Yəni Rusiya Ermənistana onun gözlədiyi səviyyədə dəstək vermədi. Odur ki, indi müharibənin başlayacağı təqdirdə daha pis vəziyyətə düşə biləcəklərini hiss edirlər. Ona görə də qorxurlar".