Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2023 22:58
Dövlət Gömrük Komitəsi (DGK) İdman-Sağlamlıq Mərkəzinin baş direktoru Xəzər İsayevin işdən çıxarılması ilə bağlı iddialar yayılıb.
Sonxeber.net qaynarinfo.az-a istinadən xəbər verir ki, polkovnik Xəzər İsayev vəzifəsinin icrasından kənarlaşdırılaraq, məzuniyyətə göndərilib.
Məlumata görə, Xəzər İsayevlə DGK-nın sabiq sədri Səfər Mehdiyevin ciddi mübahisəsi olub. Mübahisənin yaranmasına səbəb isə İdman-Sağlamlıq Mərkəzində aparılan audit yoxlaması zamanı ciddi maliyyə pozuntularının aşkarlanması olub. Yoxlama zamanı 500 min manatdan artıq vəsaitin yoxa çıxması müəyyən edilib.
Bundan sonra Xəzər İsayev Səfər Mehdiyev tərəfindən vəzifəsinin icrasından uzaqlaşdırılsa da, rəsmi olaraq baş direktor vəzifəsindən kənarlaşdırılmayıb.
Son aylar gömrük orqanlarında aparılan yoxlamalar İdman-Sağlamlıq Mərkəzindən də yan keçməyib. Nəticədə polkovnik Xəzər İsayev yenə də öz hesabına məzuniyyətə göndərilib. Onun vəzifəsində qalıb-qalmayacağı bəlli deyil.
İdman-Sağlamlıq Mərkəzindən bildirilib ki, hazırda qurumun baş direktor əvəzi Adıgözəl Rəcəbovdur.
DGK-nın mətbuat xidmətinin rəhbəri Natiq Axundov isə Xəzər İsayevin işdən çıxarılması ilə bağlı məlumatı təkzib edib.
Polkovnik Xəzər İsayev vəzifəsindən kənarlaşdırılması ilə bağlı məlumatlara münasibət bildirib. O deyib ki, komitə sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırovun sərəncamı ilə məzuniyyətə göndərilib:
"Yanvar ayının 23-də məzuniyyət müddətim bitəcək. Vəzifədə qalıb-qalmamağım həmin tarixdən sonra bilinəcək. Qanunvericiliyə uyğun olaraq mən məzuniyyətdə olduğum üçün baş direktor əvəzi, müavinim Adgözəl Rəcəbova həvalə olunub".
Polkovnik DGK-nin sabiq sədri Səfər Mehdiyevlə aralarında olan söz-söhbətlə bağlı fikirlərə də münasibət bildirib:
"O, general idi. Mənim onunla nə söz-söhbətim ola bilər? Gedənin arxasınca da danışmazlar".