Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Oktyabr 2019 10:20
Bakı. Trend:
Azərbaycan İlahiyyat İnstitutu İslamşünaslıq kafedrasının müdiri fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Niyazovun “XIX əsr Azərbaycanın Şimal-Qərbində (Qanıx-Həftəran vadisi) dini həyat, elm və mədrəsələr” mövzusunda kitabı çapdan çıxıb.
Kitab “Giriş”, “İrfan ənənəsi və mənəviyyat abidələri”, “Elm və mədrəsələr”, “Təsəvvüf həyatı və onun ictimai təsirləri baxımından tolerant töhfələri” fəsillərindən ibarətdir. “Giriş”də, ümumi olaraq, Azərbaycan tarixində təsəvvüf və sufizmin yeri və əhəmiyyətindən; I, II və III fəsillərdə təsəvvüfün mövzuları, eləcə də sufi şeyxlərin həyat və fəaliyyətindən; sufizmin tolerant dəyərləri, ictimai-sosial cəhətləri; dövrün elmi xüsusiyyətləri və mədrəsə fəaliyyəti; xəttatlıq və həkkaklıq sənəti; zikr və mövlud adətləri; vəqf mədəniyyəti və aşıq sənəti ilə bağlı şeirlərə geniş yer verilib.
Nəşrdə, həmçinin XIX əsrdə Azərbaycanın, xüsusilə Şimal-Qərb bölgəsinə yayılmış İsmayıl Siracəddin Şirvani hərəkatı və onun ictimai həyata təsirlərindən bəhs edilir. Yüzillik bir müddət ərzində həyatda istər əxlaq kodekslərinin təzahürü, istərsə də milli-mənəvi irsin qorunmasında düşüncə məktəbinə çevrilən bu hərəkat Qafqazda mental dəyərlərin mühafizəsində bir fanus kimi çıxış edib, demoqrafik ahəngin bilavasitə keşikçisi olub. XIX əsr kimi mürəkkəb bir dövrdə Çar Rusiyasının şiə-sünni konflikti siyasətinə qarşı həm də vəhdət konsepsiyası ilə çıxış edərək, yayıldığı hər yerdə tolerant mühiti bərqərar edə bilib.
Elmi tədqiqat əsəri dinşünaslar, ilahiyyatçılar, şərqşünaslar, tarixçilər, dinlə əlaqəli sahələrdə tədqiqat aparan mütəxəssislər, həmçinin ali məktəb müəllimləri və tələbələri üçün nəzərdə tutulub.
Xatırladaq ki, Azərbaycan İlahiyyat İnstitutu kitab və dərsliklərin nəşri ilə bağlı bir sıra layihələr həyata keçirir. “İlahiyyat nəşrləri” adı altında layihəyə İnstitut müəllimlərinin və bu sahədə çalışan mütəxəssislərin kitablarının nəşri daxildir. Bununla yanaşı, ali tədris müəssisəsinin qarşısına qoyduğu məqsədlərdən biri də ilahiyyat sahəsində problemləri araşdırmaq, beynəlxalq standartlara cavab verən tədqiqatlar aparmaq və onları nəşr etdirməkdir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin