Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Yanvar 2023 07:36
Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Cümşüd bəy, Rusiya ilə Ermənistan arasında gərginlik yaşanır. Özlərini bir-birinin müttəfiqi adlandıran dövlətlərin münasibətlərinin indiki halda gərginləşməsinə səbəb nədir?
- Əslində bu gün Ermənistanı dəstəkləyən qüvvələr daha çox gərgindir. Fransa və İranın, eyni zamanda digərlərinin gərginliyi açıq sezilir. Rusiya isə indiyə qədər Ermənistanı müdafiə edirdi. Amma Ermənistan Rusiyanın siyasi maraqlarına zərbə vurduğuna görə ona münasibət tamamilə dəyişib. Burada Azərbaycanın rolu ilə bərabər ermənilərin özləri biz istədiklərimizdən daha yaxşısını etdilər. Dəfələrlə vurğulanırdı ki, ermənilərə bel bağlamayın, amma ruslar inanmırdı. Ona görə də, Ermənistanın bu davranışları Rusiyanın siyasi maraqlarına ziddir. İndiki halda Rusiya tərəfi Ermənistanın bu hərəkətlərini heç cürə qəbul edə bilmir. Artıq Rusiya hakimiyyətində Ermənistana qarşı mənfi rəy formalaşmağa başlayıb. Bu da erməniləri və onlara yaxın olan qüvvələri həddən artıq narahat edir. Görünən odur ki, Ermənistanla bağlı məsələlərə dair davranışlar Vladimir Putinin göstərişlərindən qaynaqlanır. Çünki uzun müddət idi bu dəstək var idi. Amma hazırda Rusiya Xarici İşlər Nazirliyinin mövqeyi əslində Ermənistana qarşı Rusiyanın iradəsini ifadə edir.
- Nikol Paşinyan Azərbaycana qarşı ərazi iddiasının olmadığını, Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyindən bəhs edib. Sizcə, erməni tərəfi "hüquq və təhlükəsizik" dedikdə nəyi nəzərdə tutur?
- Burada Madrid prinsiplərinə də erməni müxalifətinin istinadları var. Amma bu, geridə qaldı. Bu, hazırda bizim maraqlarımıza uyğun olan məsələ deyil. Paşinyan əslində burada ikiüzlülük edir. Çünki burada hansısa "status" məsələsinə istinad etməyə çalışır. Görünən odur ki, kimsə Paşinyanı bu məsələlərə sövq edir. Amma bu, əhəmiyyətsiz bir məsələdir. Çünki Paşinyan istəsə də Madrid prinsipləri olmayacaq. Fakt odur ki, Ermənistan bir dövlət kimi stabil xüsusiyyətlərə malik deyil. Bu ölkə küçə siyasəti ilə məşğuldur. Amma bu siyasət Ermənistana xeyir gətirməyəcək. Onlar çalışırlar ki, hər bir məsələni küçə psixologiyası ilə həll etsinlər. Azərbaycan isə bu məsələlərdə öz iradəsini ortaya qoyub. Ölkə başçısının yerli telekanallara müsahibəsində əslində sətiraltı çoxlu mesajlar var idi. Bu, həm Ermənistana, həm də onu dəstəkləyən qüvvələrə ünvanlanmışdı. Artıq o qüvvələr də yaxşı başa düşür ki, Ermənistanın başqa çıxış yolu yoxdur.
- Belə olan halda 2023-cü ildə sülhün olacağına inam qalırmı?
- İndi Cənubi Qafqazın siyasi arxitekturası dəyişib. Hazırda bu regionda baş arxitektor Azərbaycandır. Prezident İlham Əliyevin mövqeyi də məhz bu reallığı əks etdirir. Bu mövqe dünyada qəbul edilir. Bu baxımdan da qarşı tərəf mümkün qədər Azərbaycanı qıcıqlandıracaq siyasi xətdən əl çəkməlidir. Çünki Prezident İlham Əliyev 2023-cü ili Ermənistan üçün son şans dövrü adlandırdı.
- Rusiyanın regionla bağlı narahatlığı nədən ibarətdir?
- Rusiya ona görə narahatdır ki, Azərbaycan ötən ildəki kimi bu il də 4 vacib antiterror əməliyyatı icra etsə, biz ölkə olaraq gedib Nüvədidə otura bilərik. Eyni zamanda Zəngəzur dəhlizi və hələ də Ermənistanın işğalında qalan 8 kəndin geri qaytarılması məsələsi də qısa zamanda həll edilə bilər. Buna Azərbaycanın tam hüququ çatır. BMT Nizamnaməsi bu məsələdə Azərbaycana əsas verir. Rusiya da ona görə narahatdır ki, burada mövcud nəzarət onun əlindən çıxa bilər. Ona görə də, Rusiya öz narahatlığını ifadə edir. Ermənistana verilən çoxsaylı mesajlar da məhz bundan qaynaqlanır.
- Ermənistan tərəfi Soçi görüşündə əldə edilmiş razılaşmanın mətni üzərində işləməyə hazır olduğunu bildirib. Burada hansı məsələlərlə bağlı narahatedici məqamlar var?
- Soçidə də Azərbaycanın maraqları tam təmin olunmuşdu. Azərbaycan Prezidentinin bütün görüşlərində ölkəmizin maraqlarının əksinə olan hər hansı bir fikir yoxdur. Ölkə başçısı burada prosesləri çox peşəkarcasına idarə edir. Bu mənada Soçi, Brüssel, Moskva və Praqa görüşlərinin hər birində Azərbaycanın milli maraqları tam təmin olunub və qorunub.