Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İran və Rusiya regional kriptovalyuta yaradır

İran və Rusiya regional kriptovalyuta yaradır

Tarix: 18 Yanvar 2023 08:16

İran və Rusiya xarici ticarət hesablaşmalarında dollar, rubl və rial əvəzinə işləyəcək regional kriptovalyuta yaratmağı planlaşdırır. Bu barədə "Vedomosti" məlumat yayıb.

Sonxeber.net musavat.com-a istinadən bildirir ki, Rusiya Kriptoindustriya və Blokçeyn Assosiasiyasının baş direktoru Aleksandr Brajnikov deyib ki, İranın Mərkəzi Bankı Rusiya ilə xarici ticarət əməliyyatlarında ödəniş vasitəsi kimi stayblekoin yaratmağı nəzərdən keçirir.

Kriptovalyuta qızılla dəstəklənəcək. Potensial sikkə Rusiyanın İran yüklərini qəbul etməyə başladığı Həştərxandakı xüsusi iqtisadi zonada işləyəcək.

Brajnikovun dediyinə görə, lazım olan qanunverici baza formalaşdırarsa, Rusiya-İran stayblekoininin yaradılması bu il baş tuta bilər. Layihənin işə salınması 6 ay vaxt tələb edir. Assosiasiya sədri bildirib ki, artıq layihə ilə bağlı Rəqəmsal Maliyyə Aktivləri haqqında qanuna dəyişikliklər də hazırlanıb. Sərhədyanı ödənişlər və təcrübi iqtisadi rejim haqqında qanunlara hələlik dəyişiklik təklif olunmur, çünki onlardakı mövcud müddəalar layihənin icrasına şərait yaradır.

Yeni stayblekoinin texniki həllinin necə reallaşacağı hələlik məlum deyil. Brajnikov hesab edir ki, bunun üçün İran da daxil olmaqla, uyğun blokçeynlər çoxdur. O, xüsusilə İranda kriptobirjanın fəaliyyət göstərdiyini, mübadilə məntəqələrinin olduğunu diqqətə çatdırıb.

Danışıqların mövcudluğunu Dövlət Dumasının deputatı Anton Tkaçev də təsdiqləyib. Tkaçev qeyd edib ki, bu mövzu yalnız Rusiyada kriptovalyutaların tam tənzimlənməsindən sonra dövlət səviyyəsində müzakirə olunacaq. Bu, 2023-cü il ərzində baş verməlidir.

Rusiya Mərkəzi Bankı kriptovalyutaların ölkə daxilində ödəniş vasitəsi kimi istifadəsinin əleyhinədir. Bununla belə, idxal və ixrac əməliyyatlarında kriptovalyutanın istifadəsini dəstəkləyir.

Qeyd edək ki, 2021-2022-ci illərdə İran beynəlxalq hesablaşmalarında kriptovalyutalardan istifadəni sürətlə genişləndirib. 2022-ci ilin avqustunda Tehran hökuməti kriptovalyutalarla ticarət əməliyyatlanın həyata keçirilməsi qaydalarını müəyyənləşdirən qanunu ratifikasiya edib. Hökumət biznesə idxal əməliyyatlarının dəyərini rəqəmsal valyuta ilə ödəməyə icazə verib. Elə avqust ayında da İranda 10 milyon dollar dəyərində haqqı kriptovalyuta ilə ödənmiş ilk sifariş qeydə alınıb. Ölkənin Ticarətin İnkişafı Təşkilatının rəhbəri Əlirza Peymanpək hökumətin ticarət əməliyyatlarında kriptovalyuta ilə ödənişlərin payını genişləndirmək planının olduğunu açıqlayıb.

Hələ 2021-ci ildə "Elliptik" analitik şirkətinin hesabatında qeyd olunurdu ki, qlobal kriptovalyuta mayninqinin 4,5 faizi İranın payına düşür. Bu isə Tehrana sanksiyalardan yayınmağa, üstəlik, ildə 1 milyard dollar əlavə gəlir əldə etməyə imkan verir.

İrandan daha kəskin və çoxsaylı sanksiyalarla üzləşmiş Rusiyada da kriptovalyuta bazarının genişləndirilməsi, xarici ticarətdə rəqəmsəl valyutadan istifadəyə keçilməsi təklifləri sürətlə artır. Həm İranda, həm də Rusiyada rəqəmsal valyutanı sanksiyalardan yayınmaq üçün əlverişli vasitə kimi qiymətləndirirlər. İran artıq bu vasitədən istifadə etməyə başlayıb, bu baxımdan, Rusiyanın da tezliklə bu yolla gedəcəyi şübhə doğurmur. Artıq ABŞ-da sanksiya altında olan ölkələrin, xüsusilə İranın kriptovalyutalar vasitəsilə qadağalardan yan keçmək cəhdlərinə dair xəbərdarlıqlar səsləndirilir. 2022-ci ilin oktyabr ayında ABŞ Maliyyə Nazirliyinin saytında İranın bu sahədə atdığı addımları yaxından izlədikləri, Tehranın bu yolla sanksiyalardan yayınmasına şərait yaradan bütün şirkətlərin adının qara siyahıya salınacağına dair xəbərdarlıq yerləşdirilib.

Bundan əlavə, böyük kriptovalyuta birjası olan FTX-nin üzləşdiyi vəziyyət bütün dünyada kriptovalyuta bazarına nəzarətin formalaşdırılması istiqamətində çağırışları gücləndirib. Ötən ilin sonlarında bu birja likvidlik böhranı ilə üzləşdiyindən ABŞ-da iflas olduğunu elan edib. Şirkətin tvitter səhifəsində yerləşdirilən məlumatda deyilir ki, FTX-nin təsisçisi və baş direktoru Sem Benkmen-Frid baş direktor vəzifəsini tərk edir və onun yerini müvəqqəti olaraq Con Cey Rey tutacaq. Sem Benkmen-Frid kriptosənayenin nüfuzlu adamlarından biri, Vaşinqtonda kriptovalyutalar üçün qaydaların formalaşması üçün lobbiçilik edən güclü fiqur hesab olunur. FTX-nin problemləri noyabrın əvvəlində "CoinDesk" portalının araşdırmasında birjanın ödəniş qabiliyyətli olmadığını elan etməsindən sonra başlayıb. Bunun ardınca vəsaitlərini itirməkdən qorxan investorların reaksiyası özünü çox gözlətməyib - token sahibləri kütləvi şəkildə pullarını birjadan çıxarmağa başlayıblar. Nəticədə FTX 8 milyard dollar borc alıb və rəhbərlik likvidliyi qorumaq üçün vəsait tapa bilməyib. Bu hadisə 2022-ci ildə sənayedə ən böyük iflas hesab olunur. Eyni zamanda bu hadisə rəqəmsal valyuta ilə əməliyyatların çox yüksək risklərə məruz qaldığını və müştərilərin həmin risklər qarşısında faktiki olaraq müdafiəsiz olduqlarını bir daha sübut etdi.

Belə bir şəraitdə İran və Rusiya hakimiyyətinin qarşılıqlı ticarətdə belə riskli ödəniş alətinə keçməsi hər iki ölkənin sanksiyalardan yayınmaq məqsədinin nəticəsi kimi dəyərləndirilir.

Qeyd edək ki, Ukraynada müharibə başlayandan az sonra Rusiya ilə İran arasında ticari, siyasi, iqtisadi əlaqələrdə kəskin canlanma baş verib. 2022-ci ilin 10 ayında ölkələr arasında qarşılıqlı ticarətin həcmi 2021-ci ildəki nəticəyə - 4 milyarddan yuxarı dollara bərabər olub.

Bu zaman Rusiyanın İrandan idxalı 10 faiz, bu ölkəyə ixracı isə 27 faiz artıb. Rusiyadan İrana əsasən ərzaq, kənd təsərrüfatı məhsulları ixrac olunur - ümumi ixracın 90 faizini bu məhsullar təşkil edir. İranın Rusiyaya ixracında da bu məhsulların payı çoxdur - ümumi ixracın 60 faizi qədər. 40 faizə isə tikinti, mis, plastmasdan hazırlanan materiallar və əlbəttə, dron və sair hərbi xarakterli məhsullar daxildir.

Tehranın Rusiya ilə ticarət planları çox genişdir. Hətta İran Ticarət Palatası ölkəsinin Rusiyanın Xəzər sahilindəki, Volqa çayı boyunca yerləşən limanlarda payçı olmasını təklif edir.  Bundan əlavə, Rusiya və Hindistanı Xəzər dənizindəki qaz yataqlarının işlənməsinə cəlb etməyə çalışır. Ə.Peymanpək bildirir ki, Rusiya idxalında ona dost olmayan ölkələrin 80-100 milyard dollarlıq payının mühüm hissəsini İran sahibkarları tuta bilərlər.

Rusiya isə İranla münasibətlərə öz ehtiyacları prizmasından yanaşır. Moskva Tehrandan Ukraynada mülki infrastrukturu dağıtmaq üçün dronlar, öz qaz sənayesinin  ehtiyacları üçün turbinlər, həmçinin minik avtomobilləri almağa həvəs göstərir.

Ötən ilin payızında Rusiya İrandan minik avtomobillərinin alınmasını təklif edib. Məlumdur ki, Qərb detallarından asılı olan Rusiya avtomobil sənayesi sanksiyalar üzündən istehsal qabiliyyətini demək olar ki, tamamilə itirib. Bu şəraitdə Rusiya tərəfi sanksiya altında olmasına rəğmən, avtomobil istehsalını genişləndirən İrandan bəhrələnmək niyyətindədir. Noyabrda iki ölkə arasında İrandan 300 milyon dollarlıq avtomobil alışına dair müqavilə imzalanıb. İran hökuməti öz istehsalı olan avtomobillərin çatdırılmasına başlanması üçün Rusiyada həmin məhsulların idxalına müvafiq lisenziyaların verilməsini gözlədiklərini bəyan edib. Avtomobillər Rusiyaya çatmasa da, İran tərəfi artıq Rusiya ərazisində özünün istehsal müəssisəsini yaratmaq planları qurur.

Rusiya ilə İran həmçinin Hindistandan Rusiyaya nəqliyyat dəhlizinin işə salınması kimi böyük layihənin icrasına başlayıblar. Daha doğrusu, İranın 2016-cı ildən başlatdığı layihəyə Rusiya da qoşulur. Bu dəhliz Hindistan və digər Asiya ölkələrindən yüklərin Süveyş kanalından keçməklə olan marşrutdan 2 dəfə az müddətə Rusiyaya çatdırılmasını təmin etmək imkanındadır. Bu layihəyə təkcə Rusiyanın 24 milyard dollar yatıracağı nəzərdə tutulur. Layihənin Asiyada əsas tərəfdaşı Hindistan hesab olunur. Lakin son həftələrdə Hindistanda ciddi tərəddüdlər yaranıb. Belə ki, ABŞ Rusiyaya sanksiyalardan yayınmaq, qadağan olunan malların nəzarətdənkənar daşınmasında iştirak edəcək bütün şirkətlərin ciddi cəzalandırılacağını elan etdikdən sonra Hindistanın iri şirkətləri layihəyə tərəddüdlə yanaşmağa başlayıblar.

İran və Rusiyada isə yeni ticarət yolu ilə qurulacaq ticarət əlaqələrində də kriptovalyutalarla hesablaşmaların mümkünlüyü istiqamətində müzakirələr gedir. İki ölkənin birgə istifadə edəcəyi kriptovalyutanın yaradılması mümkündürmü? Qərbin texniki baxımdan bu layihənin qarşısını almaq imkanları varmı?

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüzün sözlərinə görə, kriptovalyutaların ticarət əlaqələrində istifadəsi istiqamətində çoxsaylı ölkələrdə araşdırmalar, müzakirələr aparılır: "Amma çoxtərəfli sanksiyalar altında olan İran və Rusiyanın ayrıca belə bir valyuta yaratması, əlahiddə götürülmüş bir çərçivədə ondan istifadə etməsi real görünmür. Kriptovalyuta bazarı qlobal bazardır, idarəçiliyi də qlobal səviyyədə həyata keçirilir. Həm İranın, həm Rusiyanın qlobal bazarlara çıxışı getdikcə məhdudlaşdırılır. Belə şəraitdə onların bu layihəsinin uğur qazanması mümkün görünmür".

İranla Rusiyanın ticarət əlaqələrində Azərbaycanın da mühüm rolu var. İki ölkənin dəmiryol sisteminin, enerji şəbəkəsinin Azərbaycan üzərindən əlaqələndirilməsi layihələri hazırda icra olunur. Bundan əlavə, Azərbaycanın hər iki ölkə ilə ticarət əməkdaşlığı genişlənir. Belə şəraitdə Azərbaycanın da İran-Rusiya layihəsinə qoşulması mümkündürmü?

İqtisadçı-alim, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun fikrincə, iki ölkənin qarşılıqlı hesablaşmalarda ABŞ dollarından imtina üçün bir çox təşəbbüsləri var: "Yalnız onlar deyil, digər dövlətlər də buna cəhdlər edirlər. Lakin bu sahədə hansısa dövlətin uğur qazandığını görməmişik, düşünürəm ki, ən azı ortamüddətli dövrdə də görməyəcəyik. Xüsusilə ağır sanksiyalar altında olan İran və Rusiyanın kriptovalyutalarla ticarət hesablaşmalarına keçməsi uğurlu bir perspektiv deyil. Digər tərəfdən, kriptovalyuta bazarının taleyi ciddi suallar altındadır. Beynəlxalq Valyuta Fondu bugünlərdə ilk dəfə bu bazardakı təhlükələrlə bağlı açıq çağırış etdi".

Millət vəkili bildirir ki, Azərbaycanın heç bir ölkə ilə hesablaşmalarını dönər valyutalarla həyata keçirmək sahəsində problemi yoxdur: "Ölkəmizin Avropa və ABŞ-la, qonşuları ilə yaxşı münasibətləri var, ticari-iqtisadi əlaqələri genişlənir. Azərbaycanın xarici siyasəti çox uğurla həyata keçirilir, bütün tərəflərlə münasibətlər inkişaf edir. Bu şəraitdə lokal şəkildə də olsa, kriptovalyuta kimi təhlükəli ödəniş vasitəsindən istifadəyə heç bir ehtiyac yoxdur. Düşünmürəm ki, Azərbaycan üçün bu layihə hansısa iqtisadi divident gətirə. Ona görə də gedilən yolun davam etdirilməsini daha məqsədəuyğun hesab edirəm".


Etiketlər:  İran Rusiya regional kriptovalyuta yaradır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ