Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Oktyabr 2019 14:12
"Neftçi”nin müdafiəçisi Voislav Stankoviç klubun rəsmi saytına müsahibə verib.
Qol.az xəbər verir ki, serbiyalı futbolçu komandanın çempion olması üçün hər oyuna maksimum köklənib, var gücünü ortaya qoymalı olduğunu deyib:
- Premyer Liqada ilk dövrə geridə qaldı. Yəqin ki, artıq komandaya tam uyğunlaşa bilmisən...
- Əlbəttə. Bu, Azərbaycanda keçirdiyim beşinci mövsümdür deyə, futbolçuların əksəriyyətini tanıyıram. Ona görə də uyğunlaşma ilə bağlı heç bir problemim yoxdur.
- "İnter” və "Qəbələ”də keçirdiyin dövrü "Neftçi”dəki dönəmlə müqayisə edə bilərsən?
- Çıxış etdiyim komandalar həmişə iddialı olub. Təbii ki, "Neftçi” də istisna deyil. Əksinə, "Neftçi” Azərbaycanda formasını geyindiyim digər komandalarla müqayisədə daha zəngin tarixə malikdir. Bundan əlavə, hamı "Neftçi”dən – ölkənin ən titullu klubundan yalnız qələbə və çempionluq gözləyir.
- "Neftçi” 7 turdan sonra 11 xalla 3-cü yeri tutur. Start gözlənildiyi kimi alınmadı...
- Bəli, çempionata istədiyimiz kimi başlamadıq. Amma qarşımızdakı məqsədə çatmaq üçün hələ çox oyun var. Hər şeyi yaxşılığa doğru dəyişməyə çalışacağıq.
- "Qarşımızdakı məqsəd” deyəndə yəqin ki, çempionluğu nəzərdə tutursan?
- Əlbəttə. Təbii ki, biz çempion olmaq istəyirik. "Neftçi”nin hədəfləri həmişə böyük olub. Hər oyuna maksimum köklənib, var gücümüzü ortaya qoymalıyıq. Ancaq bu halda oyunumuzu yaxşılaşdıra, uğurlu nəticələr qazana bilərik. Mövsümün sonunda isə bunun bəhrəsini görməliyik.
- "Neftçi”də eks-yuqoslaviyalı yeganə oyunçusan. Bəs ən yaxşı münasibətin olan komanda yoldaşın hansıdır?
- "Neftçi”də komanda yoldaşlarımın hamısı ilə münasibətim yaxşıdır. Amma ən yaxın dostum "Qarabağ”ın futbolçusu Filip Ozobiçdir. Onunla "Qəbələ”də bir yerdə oynamışıq. Bundan əlavə, Azərbaycanda vaxtı ilə oynamış bəzi futbolçularla da daim əlaqədəyəm.