Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Yanvar 2023 19:18
"Azərbaycanın əldə etdiyi uğurlar, o cümlədən 44 günlük Vətən müharibəsindəki tarixi Zəfər düşmənlərimizi və onların xarici havadarlarını yasa qərq edib. Buna görə də hər fürsətdə Azərbaycana qarşı addıma, müxtəlif çirkin vasitələrə əl atırlar. Avropa Parlamentinin 18 yanvar tarixində qəbul edilmiş qətnaməsi də buna daha bir sübutdur".
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputat bildirib ki, həmin qətnamədə reallıqlardan tamam uzaq, böhtan mahiyyətli bir sıra anti-Azərbaycan xarakterli bəndlər yer alıb: "Qətnamədə Azərbaycanın guya Ermənistana hərbi təcavüz etməsi, Laçın yolunun guya "blokada"da olması kimi sərsəm iddialarla yanaşı, artıq tarixin zibilliyində itib-batmış "Madrid prinsipləri"nə istinadlar edilir. Əslində, Avropa Parlamentinin bu cür mövqe sərgiləməsi heç də təsadüfi deyil. Çünki ötən ay Yunanıstandan olan vitse-prezidenti Eva Kailinin adının milyonlarla dollarlıq korrupsiya skandalları ilə gündəmə gələn Avropa Parlamenti irqçi, islamafob, Azərbaycanofob, türkofob mövqeyi və ikili standartları ilə tanınır".
Bu bədnam qətnamənin də hansısa qaranlıq və çirkin maraqlar hesabına qəbul edildiyini deyən V. İskəndərov vurğulayıb ki, korrupsiya skandalları girdabında boğulan, Ermənistanın və erməni lobbisinin "konyak diplomatiyası"ndan gen-bol faydalanan Avropa Parlamentinin Azərbaycana "öyüd-nəsihət" verməyə mənəvi haqqı yoxdur: "Bu gün Ermənistanın ərazi bütövlüyündən danışan Avropa Parlamentinin Azərbaycanın ərazi bütövlüyü bəs niyə yadına düşmür? Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal altında saxlanıldığı, yüz minlərlə azərbaycanlının etnik təmizləməyə məruz qaldığı, Azərbaycanın şəhər və kəndlərinin sistematik şəkildə yer üzündən silindiyi və sərvətlərinin talan edildiyi 30 il ərzində Avropa Parlamenti yalnız bir-iki qətnaməsinə növbətçi ifadələr daxil etməklə kifayətlənmişdi. 2020-ci ildə Vətən müharibəsindən sonra Azərbaycanın üzləşdiyi mina terroru nəticəsində 300-ə qədər Azərbaycan vətəndaşının partlayışların qurbanına çevrilməsi, 10 noyabr 2020-ci il üçtərəfli bəyanatın şərtlərinə zidd olaraq Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən tam şəkildə çıxarılmaması, eləcə də Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək yolun hələ də açılmaması Avropa Parlamentinin yadına niyə düşmür? Azərbaycanı "qoşunlarını Ermənistan ərazisindən çıxarmağa" çağıran Avropa Parlamenti niyə Ermənistanı öz ordusunu Azərbaycanın hələ də işğal altında saxladığı 8 kəndindən geri çəkilməyə çağırmır? Bu sualların sayını çoxaltmaq olar. Lakin elə bunlar da Avropa Parlamentinin kimə və nəyə xidmət etdiyi barədə aydın təsəvvür yaradır".
Deputatın sözlərinə görə, digər tərəfdən 21-ci əsrdə Avropanın mərkəzində deputatların Ermənistan-Azərbaycan münasibətlərinə sırf xristian həmrəyliyi prizmasından baxması biabırçı haldır: "Ümumilikdə qeyd edə bilərik ki, Avropa Parlamenti regionda müsbət proseslərin, sülhün deyil, problemlərin tərkib hissəsidir. Avropa Parlamenti belə yanaşma ilə separatçılığı, qanunsuzluğu, ksenofobiyanı təşviq edir. Həmçinin, Avropa Parlamentinin bu qətnaməsi boş bir kağız parçasıdır. Belə qətnamələr, qarayaxma kampaniyaları heç vəchlə Azərbaycanın iradəsinə təsir edə, ölkəmizin qanuni hədəflərinə çatmasına mane ola bilməz".