Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Yaxşı oynadığımızı deyə bilmərəm'' - Rəşad Sadıqov

''Yaxşı oynadığımızı deyə bilmərəm'' - Rəşad Sadıqov

Tarix: 12 Fevral 2023 20:00

"İlk növbədə rəqibi təbrik etmək istəyirəm. Çox yaxşı mübarizə apardılar və layiqli qələbə qazandılar. Biz isə oyuna passiv başladıq. Qapımızda qol gördükdən sonra daha sürətli oynamağa başladıq. Lakin ikinci qoldan sonra oyunun taleyi həll olundu. Sanki belə bir ənənə yaranıb ki, qapımızda qol gördükdən sonra aktivləşirik. Bu da hər zaman effekt verməyə bilər. Səhvlərimizdən nəticə çıxarmalı və ilk dəqiqələrdən oyuna fəal başlamalıyıq".  

Bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 22-ci turunda "Səbail"ə 0:2 hesabı ilə uduzduqları oyundan sonra deyib.

Mütəxəssis komandasından daha yaxşı oyun gözlədiyini bildirib: "Təxminən bərabərsəviyyəli oyun gedirdi. Müəyyən dəqiqələrdə üstünlük bizdə olurdu, müəyyən vaxt rəqib də. Lakin bu cür oyun mənim üçün kifayət eləmir. Bu gün yaxşı oynadıq deyə bilmərəm. İlk hissədə rəqibi pressinqindən çıxa bilmirdik. Futbolçular yanlış qərarlar verirdilər, top itkisi ilə üzləşirdik. Komandamdan daha yaxşı oyun gözləyirdim".

Sadıqov həmkarının komandasını oyuna çox yaxşı hazırladığını bildirib: "Bu gün qarşımızda fərqli bir "Səbail" gördük. Əvvəlki oyunların müqayisəsini aparsaq, ciddi bir fərq var idi. Hətta mən də rəqibin ilk 3 oyununu təhlil edərkən detallara varmamışdım. Çünki bilirdim ki, bu gün qarşımızda fərqli bir "Səbail" olacaq. Futbolçularıma da bunu bildirmişdim. Bəzi oyunlarda rəqiblər bizə qarşı xüsusi istəklə çıxırlar. İlk 3 turda gördüyüm boşluqları futbolçularıma göstərməmişdim. Ona görə ki, həmin boşluqların olmayacağını bilirdim. Şahin müəllim komandasını bugünkü oyuna çox yaxşı hazırlamışdı. Autsayder olmasına baxmayaraq, komandanı oyuna kökləməyi bacaran mütəxəssisdir. Şahin müəllimlə ilk qarşılaşmamız, həm də səhv etmirəmsə, mən "Zirə"də olduğum müddətdə "Səbail"ə ilk məğlubiyyətimizdir. "Neftçi" və "Qəbələ" heç-heçə oynamışdılar. Ona görə də bu gün qalib gəlməyi çox istəyirdik. Lakin futbolda hər istədiyində mütləq qələbə qazana bilməyəcəksən. Bunlara da hazır olmalısan".  

"Zirə"nin çalışdırıcısı işi ilə bağlı narazılıq olması haqda eşitmədiyini vurğulayıb: "Sosial şəbəkələri izləmirəm. Bunun üçün vaxt da yoxdur. Amma hər hansı narazılıqlar barədə eşitməmişəm. Qaldı ki, son 2 oyuna, həm "Qəbələ"yə, həm də "Neftçi"yə qarşı yaxşı oynamışdıq. Futbolu bilən adamlar komandamız haqda müsbət fikirlər səsləndirdilər. Bu gün həmin komandanı meydanda görə bilmədim. Meydan amilini, rəqibin sonuncu pillədə qərarlaşmasını və digər məqamları da nəzərə almaq lazımdır. Adətən autsayder komanda ölümünə oynayır. Bu gün elə "Səbail" gördük qarşımızda. Yolumuza davam edəcəyik. Səhvlərimiz üzərində işləyəcəyik. Hazırda 4-cü pillədəyik və bu, heç də pis nəticə deyil. Nəzərə almaq lazımdır ki, "Qarabağ", "Neftçi" və "Sabah" digərlərindən 1 pillə üstündülər".

Rəşad Sadıqov  deyib ki, hədəf 4-cü yerdə qalmaq yox, mümkün olduğu qədər irəliləməkdir: "Amma gedişatdan çox şey asılıdır. Biz çox çətinliklə qələbələr qazanırıq. Yetərincə qol imkanlarımız olsa da, dəyərləndirə bilmirik, penalti qaçırırıq, yaxud qapımızda kobud səhvlər nəticəsində qollar görürük. Səbirli olmalı və yolumuza davam etməliyik. Mən pis oynayıb, qələbə qazandığımızı görməmişəm. Halbuki turnir cədvəlində bizdən öndə olanlar belə bəzən pis oynayaraq da qalib gəlirlər. Təbii ki, hər görüşdə yaxşı oynamaq mümkün deyil".

Rəşad Sadıqov müdafiənin mərkəzində çətinliklə üzləşdiklərini söyləyib: "Mərkəzi müdafiəçisi ilə bağlı sıxıntılar var. Özü də bu, bugünün yox, çoxdanın problemidir. Bu yöndə axtarışlarımız davam edir. Bəyəndiyimiz bir müdafiəçi olsa da, onu gətirə bilmədik. Elə olur ki, gələnlərin ustalığı bizi qane etmir. Amma mütləq həmin mövqeni gücləndirməliyik".

O, yeni transfer Eldar Quliyevlə uzun müddətdir maraqlandıqlarını bildirib:  "1 ilə yaxındır komandada görmək istədiyim futbolçudur. Onunla danışıqlarımız müsbət nəticə vermirdi. Nəhayət ki, bu dəfə onu heyətimizə cəlb edə bildik. Danışıqlarımız erkən bitsəydi, artıq oyunlarda iştirak edə bilərdi. Artıq 1-2 gündür komandamıza qoşulub. Gəncdir, özünü yaxşı hiss edir, lakin mən risk edə bilmərəm. Onu yavaş-yavaş hazırlayacağıq. Sonuncu dəfə ötən ilin noyabrında rəsmi oyunda meydana çıxıb. Məni məyus edən yeni transferlərimizdən Vladislav Kulaçın zədələnməsi, İbrahim Abbasın düşərgəyə zədəli qoşulmasıdır. Halbuki biz onunla danışıqlar apararkən zədəli deyildi. Bu futbolçular da komandaya qoşulandan sonra oyun keyfiyyətimiz yüksələcək. Son transferlərimizin hamısı ilə uzunmüddətli müqavilə imzalayırıq. Sabah mən burda olmasam belə, "Zirə" onlardan faydalanacaq. Burada olduğum müddətdə işimi vicdanla yerinə yetirirəm".

Sonda mütəxəssis "Zirə" ilə müqaviləsinin mövsümün sonunda bitməsi haqda sualı cavablandırıb: "May ayına qədər hələ müqaviləmiz var. O zaman vəziyyəti ətraflı təhlil edib, lazımi qərara gələcəyik".


Etiketlər:  Yaxşı oynadığımızı deyə bilmərəm Rəşad Sadıqov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ