Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan və İtaliya arasında konsulluq məsləhətləşmələri keçirilib

Azərbaycan və İtaliya arasında konsulluq məsləhətləşmələri keçirilib

Tarix: 21 Fevral 2023 23:12

2023-cü ilin 21 fevral tarixində İtaliya Respublikasının Roma şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında sayca 3-cü konsulluq məsləhətləşmələri keçirilib.

XİN-dən Sonxeber.net-a bildirilib ki, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Emil Səfərov, İtaliya nümayəndə heyətinə isə İtaliya Respublikası Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin Xaricdə yaşayan İtalyanlar və Miqrasiya Siyasəti Baş İdarəsinin rəisi Luigi Vignali rəhbərlik edib.

Görüşdə, həmçinin Azərbaycan Respublikasının İtaliya Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Rəşad Aslanov, o cümlədən Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəsmisi iştirak edib.

Konsulluq məsləhətləşmələri zamanı Azərbaycan üçün mühüm tərəfdaş ölkə olan İtaliya ilə konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən sahə üzrə yeni ikitərəfli sənədlərin imzalanması və konsulluq xidmətlərinin rəqəmsallaşdırılması imkanları nəzərdən keçirilib.

Konsulluq sahəsində həyata keçirilmiş son yeniliklər barədə məlumat mübadiləsi aparan tərəflər, həmçinin İtaliya və Azərbaycan arasında təhsil, miqrasiya və digər sahələrdə əlaqələrin gücləndirilməsinin və bu məqsədlə vətəndaşların hüquq və vəzifələrinin qorunması istiqamətində zəruri tədbirlərin həyəta keçirilməsinin vacibliyini vurğulayıblar.

Tərəflər miqrasiya sahəsində çoxtərəfli və ikitərəfli əməkdaşlıq perspektivləri barədə geniş müzakirə apararaq, bu istiqamət üzrə əlaqələrin daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Görüş zamanı həmçinin tətbiq olunan viza rejimləri, eləcə də İtaliya Respublikasına təhsil və turizm məqsədilə səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarına vizaların rəsmiləşdirilməsi imkanlarının genişləndirilməsi, habelə aidiyyəti dövlət qurumları tərəfindən verilən sənədlərin qarşılıqlı tanınması məsələsi müzakirə olunub.

Tərəflər arasında konsulluq məsləhətləşmələrinin növbəti iclasının 2024-cü ildə Bakı şəhərində keçirilməsinə dair razılıq əldə olunub.


Etiketlər:  Azərbaycan İtaliya arasında konsulluq məsləhətləşmələri keçirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ