Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Fevral 2023 22:30
"Son zamanlar müxtəlif informasiya mənbələrində (xarici) Azərbaycanın qaz infrastrukturunun təhlükəsizliyi mövzusu ilə bağlı kifayət qədər həyəcanlı tendensiya müşahidə olunur. Ötən həftə Britaniyanın "The Express" nəşri Rusiyanın Ermənistanın əli ilə Azərbaycanın boru kəmərlərinə hücum hazırlaya biləcəyini yazmışdı".
Sonxeber.net Teleqraf.com-a istinadən xəbər verir ki, bunu politoloq İlqar Vəlizadə deyib.
Onun sözlərinə görə, məqalədə bu versiyanın lehinə verilən arqumentlərə baxmayaraq, bu, iki əsas səbəbə görə qeyri-mümkün görünür:
"Birincisi odur ki, İrəvanın açıq şəkildə Qərbə meyl etməsi kontekstində Avropa Birliyinin enerji təhlükəsizliyi sahəsində strateji layihələrdən biri sayılan kəmərə açıq şəkildə zərbə vurmaq ehtimalı azdır. İrəvanın belə hərəkətləri həm Brüssel, həm də ABŞ-la münasibətlərdə ciddi fəsadlar yarada bilər ki, bu da Ermənistan daxilində ciddi daxili siyasi qarşıdurmalara səbəb olacaq.
İkincisi, Rusiyanın özü üçün belə bir ssenari təkcə Azərbaycanın deyil, Türkiyənin də iştirakı ilə regionda açıq münaqişənin yaranması ilə nəticələnə bilər. Rusiyanın bu münaqişədə mümkün iştirakı durumu ona qarşı yeni iştirakçıların olduğu başqa müharibəyə cəlb olunmasına qədər pisləşməsinə gətirib çıxara bilər ki, bu da çox az ehtimaldır. Maraqlıdır ki, bu, Moskvanın Xəzər dənizi regionundan Qərbə qaz nəqlinə qarşı konkret planları nəzərdən keçirdiyini iddia edən yeganə belə məqalə deyil".
İlqar Vəlizadə mövzu ilə bağlı Rusiya mənbələrində dolaşan iddialara da diqqət çəkib:
"Kremlə yaxın olan Rusiyanın Teleqram kanallarından biri "Vzqlyad na Vostok" belə bir məlumat yayıb ki, "Qazprom"un rəhbəri Miller fevralın ortalarında Aşqabada səfəri zamanı Rusiyanın Türkmənistanı Azərbaycanla birləşdirən Transxəzər qaz kəmərinin reallaşması cəhdlərinin qarşısını bundan sonra da alacağını bəyan edib.
Yanvarda Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan mediasına müsahibəsində bu məsələ ilə bağlı açıq şəkildə danışıb. Azərbaycan dövlətinin başçısı bu layihənin siyasiləşdirilməsinin əleyhinə olduğunu vurğulayıb. Onun sözlərinə görə, Transxəzər qaz kəməri layihəsi iqtisadi baxımdan sərfəli ola bilər.
Maraqlıdır ki, bu məqalələr Xəzər qazının Avropaya nəqlinin təhlükəsizliyi mövzusu ətrafında faktiki olaraq qeyri-sağlam təəssürat yaratmaqla bu layihələri tənqid edənlərə əlavə "kozır" verir. Bildiyiniz kimi, Avropada öz siyasi ambisiyalarına, məsələn, Ermənistanın əlinə oynamalarına görə Azərbaycan qazından imtina edərək başqa mənbələrdən qaz almaq istəyənlər çoxdur.
Azərbaycan Avropaya qaz tədarükünün təhlükəsizliyinə və bütün öhdəliklərinin yerinə yetirilməsinə zəmanət verməkdə davam edir. Fərziyyəyə gəlincə, atalar demiş, it hürər, karvan keçər".