Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nersisyanın Bakıya şok şərti: “danışığa” Mirzəyev gedəcək

Nersisyanın Bakıya şok şərti: “danışığa” Mirzəyev gedəcək

Tarix: 8 Mart 2023 13:36

Qarabağda erməni separatçı-terrorçuların bir-birinin ardınca təxribatçı fəaliyyətinin əsl hədəfi bəlli olub.

Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, Azərbaycan nümayəndələrinin erməni icması ilə görüşlərini və inteqrasiya prosesini dayandırmağı məqsəd seçən separatçılar bu görüşləri "tərəflər arasında danışıq" kimi təqdim etməyə və şərtlər irəli sürməyə başlayıblar.

Ötən gün separatçıların lideri Araik Arutyunyanın "müşaviri" David Babayan Azərbaycana inteqrasiya prosesinə qoşulan insanları qətlə yetirməklə hədələyib, bunun ardınca isə "yeni dövlət naziri" Qurgen Nersisyan açıqlama verərək, danışıqlara "razı olmayacaqlarını" bildirib.

"Yaxın günlərdə Azərbaycan nümayəndələri ilə görüş və müzakirə olmayacaq. İstənilən müzakirə üçün şərtlər və nəticə olmalıdır", - o deyib.

Nersisyan iddia edib ki, "görüş naminə görüş" keçirmək fikirləri yoxdur:

"Görüş konkret məsələlərin müzakirəsi üçün keçirilməlidir. Top Azərbaycandadır və Azərbaycan öz öhdəliklərini yerinə yetirməlidir".

Onun sözlərinə görə, yalnız Laçın yolu açıldıqdan sonra Azərbaycan nümayəndəsi ilə danışıqlar masasına otura bilərlər:

"Əgər Azərbaycan öz öhdəliyini yerinə yetirmirsə, hansı müzakirədən söhbət gedə bilər? Bakı müharibənin nəticələrindən və müharibədən sonrakı vəziyyətdən istifadə edərək, mümkün qədər çox tələblər irəli sürməyə çalışır. Amma bizim də qırmızı xətlərimiz var və biz hansı məsələlərin müzakirə oluna biləcəyini, hansıların müzakirə olunmayacağını göstəririk".

Nersisyan "Qarabağ probleminin həlli üçün istənilən danışıqlara hazır olduqlarını" da vurğulayıb və bu sözlərlə guya danışıqların tərəfi olduqlarını göstərməyə çalışıb. Buna baxmayaraq, danışıqlarda "balansın saxlanılması, beynəlxalq status alması və nəticənin olması üçün" üçüncü tərəf və tərəflərin iştirakından da bəhs edib.

"Azərbaycanın davamlı olaraq Qarabağın tabeliyindən danışması artıq onu göstərir ki, Bakının bu məqsədə çatmaqda problemləri var" - deyən Nersisyan iddia edib ki, əvvəlki görüşlərdə texniki və ya infrastrukturun rahat işləməsi ilə bağlı məsələlər müzakirə olunub, bu isə Azərbaycanın öz məqsədlərinin həyata keçirilməsinin mümkünsüz olduğunu başa düşməsi deməkdir:

"Son görüşlə bağlı Azərbaycan hansısa inteqrasiya ilə bağlı bəyanat yaymışdı, lakin biz qərara gəldik ki, müzakirələr və ya təmaslar yalnız mövcud problemlər ətrafında aparıla bilər. Bunlara qaz və elektrik enerjisinin verilişində maneələrin aradan qaldırılması, eləcə də yolun açılması daxildir".

O, hətta 2022-ci il dekabrın əvvəlində azərbaycanlı mütəxəssislərin mədənlərə girişinə icazə verilməsini "konstruktiv mövqe" ilə izah edib və dərhal da deyib ki, biz bu mövqedən imtina etdik. Nersisyan bu imtinanın səbəbini məntiqlə aydınlaşdıra da bilməyib.

Xatırladaq ki, Laçın yolunda 12 dekabr 2022-ci ildə başlayan və hələ də davam edən aksiyanın səbəbi də ermənilərin bu pozucu fəaliyyəti, monitorinqə imkan verməməsi, mədənlərin talanması, ətraf mühitə sağalmaz ziyan vurulması və sərvətlərimizin ölkədən daşınması, əvəzində isə separatçılar üçün silah-sursat gətirilməsidir.

Nersisyan yekun olaraq bu şərtlərlə Azərbaycanın danışıqlar prosesinə qoşulması üçün "beynəlxalq təzyiqdən" istifadə edilməsi gərəkdiyini bildirib.

Qeyd edək ki, Qarabağdakı separatçılar Azərbaycan Milli Məclisinin deputatının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşləri "Bakı ilə danışıqlar" statusuna qaldırmaq və özlərini tərəf kimi göstərmək istəyirlər və bu istiqamətdə də təbliğat aparırlar.

Halbuki Azərbaycan deputat səviyyəsində nümayəndə göndərməklə, erməni icması ilə yalnız inteqrasiya məsələsini müzakirə edir. Erməni separatçıların bundan sui-istifadə edəcəyi təqdirdə isə "danışıqları" artıq deputat Ramin Məmmədov aparmayacaq, Hirmət Mirzəyev aparacaq.

Hikmət Mirzəyev isə "danışıq apara" bilmir, amma erməniləri başa salmağı əla bacarır...


Etiketlər:  Nersisyanın Bakıya şok şərti danışığa Mirzəyev gedəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ