Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Oktyabr 2019 00:25
Bakı. Trend:
Oktyabrın 16-da Beynəlxalq Muğam Mərkəzində Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin “Solistlər ansamblı”nın konserti keçirilib.
Trend-in məlumatına görə, konsertə dirijorların Y.Svetlanov adına beynəlxalq müsabiqəsinin laureatı Fuad İbrahimov rəhbərlik edirdi. Çox rahat, fərqli və qeyri-adi ab-havada keçən iki hissəli konsert proqramında solistlər Fəridə Məmmədova (soprano), Anar Məmmədov (klarnet), Ucal Məmmədxanın (zərb alətləri) çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. Müasir musiqidən ibarət repertuar, istedadlı dirijor Fuad İbrahimovun özünəməxsus dəst-xətti, solistlərin peşəkar ifaları konsert boyu zalın hədsiz diqqətinin hakim kəsilməsinə səbəb olub.
Konsert proqramının birinci hissəsində italyan bəstəkarı S.Sciarrinonun “Şüşə arxasında səslər”, Ayaz Qəmbərlinin “Hisslər üzərində özünütəlim metodu”, Luciano Berionun “O king”, Alban Bergin “Wozzeck” operasından Mariyanın laylayı oldu. Əsəri ansambl üçün işləyən Azərbaycanın Xalq artisti Fərəc Qarayevdir. İkinci hissədə isə Georges Aperghis “Yeddi sevginin cinayəti”, Xəyyam Mirzəzadə “Biz səni xatırlayırıq, Çarles!”, Andrey Volkonski ”Şazanın şikayətləri”, Louis Andriessen “Gümüş”, Aleksandr Vustin ”10 üçün musiqi” əsərləri müasir musiqini sevərlə üçün əsl hədiyyə idi. Konsert proqramı sənətin spesifik tərəflərinə ciddi rakursdan baxış imkanı yaratmaqla bərabər həm də tamaşaçılarda musiqinin mənəviyyatını nümayiş etdirmiş oldu.
Mikropauzalar, franqmentlər və ifalardakı özünəməxsusluq çoxrəngli səs nöqtələrinin cazibəsində fərqli dərinlikləri hiss etdirə bildi. “Solistlər ansamblı”nın bu təqdimatı yəqin ki, tamaşaçılara uzun müddət unudulmaz anlar xatırladacaq.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin