Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Aprel 2023 22:34
Bu gün Azərbaycanda nəqliyyatda gediş haqqı 40 qəpikdən başlayaraq hesablanır. Şəhər və qəsəbələrarası marşrut xətlərində isə bu qiymət artan tariflə dəyişə bilir.
Əksər inkişaf etmiş ölkələrdə gündəlik olaraq minlərlə insanın istifadə etdiyi ictimai nəqliyyatda bir qrup şəxslərə güzəştlər tətbiq olunur.
Eləcə də qardaş Türkiyə buna ən gözəl nümunədir. Belə ki, Türkiyədə ictimai nəqliyyatda fərqli qiymətlər tətbiq edilir. Tələbələrə, müəllimlərə və digər təbəqələrdən olan insanlara endirimli gediş haqları var. 60 yaşdan yuxarı şəxslər üçün isə nəqliyyat tam pulsuzdur.
Əlbəttə ki, bu güzəştlərin bəziləri Azərbaycanda da tətbiq edilir.
Maraqlıdır, görəsən, bu güzəştlər kimlərə tətbiq edilir?
Sonxeber.net xəbər verir ki, məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev lent.az-a açıqlamasında bildirib ki, "Polis haqqında" qanuna uyğun olaraq xidməti vəzifəsinin icrası zamanı polis orqanları əməkdaşları və "Hərbi qulluqçuların statusu haqqında" qanuna uyğun olaraq müddətli həqiqi hərbi xidmət qulluqçularının ictimai nəqliyyatdan istifadəsi ödənişsizdir.
Lakin digər ölkələrə nisbətən Azərbaycanda tələbələrə, jurnalistlərə, müəllimlərə və müəyyən təbəqələrdən olan insanlara güzəştlər edilmir.
Əvvəlki illərdə isə Azərbaycanda tələbələrə, pensiyaçılara, jurnalistlərə və digər təbəqədən olan insanlara nəqliyyatdan istifadə ödənişsiz idi.
Bəs, niyə indi bu güzəştlər tətbiq edilmir?
Mövzu ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu açıqlamasında bildirib ki, bu gün ölkədə sosial və humanitar siyasətlə məşğul olan insanlar bu hadisələrin mahiyyətini duya bilən insanlar deyil.
Onun sözlərinə görə, həmin şəxslərin ətrafında bu məsələləri təhlil edə bilən elmi araşdırma qrupları yoxdur:
"Bu insanlar vətəndaşın qayğısına qalmaq, dövlətçilik maraqlarına uyğun olaraq təkliflər hazırlamaq baxımından onları fəaliyyətləri arzuolunan istiqamətdə deyil. Müəyyən təbəqədən olan insanların ictimai nəqliyyatdan istifadəsi üçün aidiyyəti qurumlar təklif irəli sürməli, qeyri-hökumət təşkilatları dəstək olmalı və cəmiyyətdə bu məsələ ilə bağlı müəyyən fikir yaratmalıdırlar. Təəssüf ki, bugünkü dövrdə bu sahədə böyük boşluq var".
Xatırladaq ki, ölkədə tələbələrə, jurnalistlərə, qazilər və şəhid ailələrinə ictimai nəqliyyatda güzəştlərin tətbiq edilməsi məsələsi zaman-zaman gündəmə gəlsə də, müzakirələr aparılsa da, sonradan bu təkliflərin, müzakirələrin kağız üzərində qaldığına şahid olmuşuq. Düşünürəm ki, cəmiyyətin sosial müdafiəyə daha çox ehtiyacı olan təbəqələri nəqliyyatdan güzəştli qiymətlər ilə istifadə edə bilərlər.