Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bayraq fobiyası

Bayraq fobiyası

Tarix: 19 Aprel 2023 11:12

Artıq bir neçə gündür bütün mətbuat orqanları Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilən Ağır atletika üzrə Avropa Çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması hadisəsindən yazır. Bu mövzu hələ çox müzakirə olunacaq. Bu insident dünya ictimaiyyətininin düşünən təbəqəsinə bir daha sübut etdi ki, terror toxumları ilə bəslənən erməni xalqı dünya mədəniyyətinin bir parçası ola bilməz. Bir dövlətin simvollarına qarşı törədilən vandalizm hərəkətləri açıq cinayətdir və eyni zamanda terror elemetləri daşıyır. Ermənilər növbəti dəfə bütün dünyaya öz "mədəniyyətlərini" göstərdilər. Yüz illərlə dünya ictimaiyyətini aldadaraq uydurma "qədim erməni mədəniyyəti" mövhumunu bir dizayner bir anda alt-üst etdi. Daha doğrusu, əsil erməni "mədəniyyətini" növbəti dəfə dünyaya nümayiş etdirdi. Xislətli, paxıl, əxlaq normalarından kənar və nifrət dolu bir erməni mədəniyyətini qarşımızda görürük. Mədəni olan bir xalq belə bir tərbiyəsizliyi etməz. Ən azından özünü dünyaya "mədəni xalq" kimi təqdim etmiş bir xalq belə rəzilliyə yol verməz.

Burda söhbət cinayəti həyata keçirən o ləyaqətsiz fərddən getmir. Unutmayaq ki, onu və onun kimiləri izləyən və dəstəkləyən bir erməni xalqı var. Belə bir beynəlxalq tədbirin açılışını dünya izləyərkən, dizayner Aram Nikolyanın simasında hər hansı bir erməni belə biabırçı hərəkət edirsə və bu cinayət tərkibli addıma aparıcı rahat baxıb gülümsəyirsə, o mötəbər tədbirdə bütün ermənilər heç bir reaksiya vermirsə, eyni zamanda heç bir təhlükəsizlik əməkdaşı bu əxlaqsız hərəkətin qarşısını almaq üçün yerindən belə tərpənmirsə, bu o deməkdir ki, erməni cəmiyyətinin mənəviyyatı yerlə sürünür. Mahiyyət etibarı ilə bu bir vəhşilikdir. Heç məsələ onda da deyil ki, bu vandalizm aktını o insan özü edib, yoxsa bu əvvəlcədən hazırlanmış bir plan olub. Burda məni maraqlandıran siyasi yox, sosial faktordur. Sosioloji nöqteyi nəzərindən, bu hadisənin yaxşı və ya pis tərəfini cəmiyyətin münasibəti ilə ölçmək lazımdır. Cəmiyyət və onu təşkil edən insanlar belə bir hadisəni təqdir edirlərmi, yoxsa qınayırlar?

Erməni ictimaiyyətinin reaksiyası göz önündədir. O hadisədən iki gün sonra bir erməni deputat Hovik Ağazaryan bayrağın yandırılmasına görə üzr istəyib və buna öz fikrini bildirib. O qeyd edib ki, "Mən bütün beynəlxalq sivil ictimaiyyətdən üzr istəyirəm ki, mən bir vətəndaş və deputat kimi vəhşi və adamyeyən tayfaların təzahürlərini millətimdən tamamilə silmək üçün əlimdən gələni etməmişəm". Deputatın bu açıqlaması erməni ictimaiyyəti tərəfindən böyük tənqidlərlə, hətta təhqirlərlə qarşılanıb. Deputat özü isə saysız hesabsız hədə-qorxulara məruz qalıb. Terror, insanlığa nifrət və cinayətkarlığa aludəlik erməni xalqının milli ideologiyasına çevrilib və artıq genetik yaddaşına yazılıb. Erməni deputatın üzr istəməsini qəbul etmək olar. Amma haqq sözünü dilə gətirən bir deputatla millət düzəlməz. Bir xalqın bu psixi nifrət sindromundan xilas olması yəqin ki, çox çətin olar. Azərbaycanlılara qarşı törətdikləri ağır cinayətlər bir tərəfə, 1999-cu il oktyabrın 27-də ermənilərin öz parlamentlərini vəhşicəsinə güllə-baran etməsini xatırlayaq. Cinayəti sevən və nifrətlə yaşayan bir xalqdan daha nə gözləmək olar? Xatırladım ki, o vaxt da Ermənistan iqtidarı Azərbaycanla bir sülh danışığına getmək istəyirdi.

Deputat H.Ağazaryan bütün sosial şəbəkələrdə ermənilər tərəfindən ən pis söyüşlərlə təhqir olunub və hələ də olunmaqdadır. Sosioloji tendensiya baxımından bu onu göstərir ki, Ermənistan dövləti və bütövlükdə erməni xalqı çox aqressiv, mədəniyyətcə geridə qalmış və əxlaq normalarından xəbərsiz bir xalqdır. Təbii ki, biz Azərbaycan cəmiyyəti olaraq belə düşünmək istəmirik. Azərbaycanlılar xarakter olaraq həm qonaqpərvər, həm də qonşuya hörmətlə yanaşan insanlardır. Tariximizdə, folklorumuzda və bədii ədəbiyyatımızda qonağa görə özünü təhlükəyə belə atan azərbaycan insanlarını görmüşük və o dəyərlərlə yoğrulmuşuq. Çünki, qonağa hörmət və qonağı qorumaq bir azərbaycanlı üçün müqəddəsdir. Biz qonşularımız haqda da elə düşünmək istəyirik. Ermənilərin isə qonağa münasibəti göz önündədir. Bu birinci və sonuncu deyil. Hər dəfə belə çirkin əməllərdən sonra, biz yenə qonşularımız haqda yaxşı düşünürük və onlarla birgə yaşayışın mümkün olmasına ümid bəsləyirik. Əfsuslar olsun ki, erməni xalqının məkirli davranışları bizi belə düşünməyə məcbur edir ki, bu xalqın "əxlaq" normaları birgə yaşayış prinsiplərindən yox, düşmənçilikdən bəhrələnir. Normal şərtlərdə cəmiyyətdə bir insan əxlaqsız bir hərəkət edəndə, onu yaxın çevrəsi tənbeh edir və o hərəkət bütün sosial-ictimai strukturlar tərəfindən qınanır və kəskin tənqid olunur. Bu "qınama prosesi" hər cəmiyyətdə bir növ mədəni normaların qoruyucu funksiyasını daşıyır. Çünki, əks təqdirdə insanlar arasında davranış normaları deqradasiyaya uğrayar və bütün insani dəyərlər silinib gedər. Görünür erməni ictimaiyyətini və erməni ziyalılarını maraqlandıran bu deyil. Bütün xalq olaraq insanların ürəkləri azərbaycanlılara qarşı o qədər nifrətə bürünüb ki, cəmiyyət düşünməyən bir kütləyə çevrilib. Bu cahillik əlamətidir. Belə bir xalqı həm xarici, həm də daxili qüvvələr oyuncaq kimi istifadə edə bilər.

Adolf Hitler də 1933-cü ildə hakimiyyətə gələndən sonra bütün alman xalqını aldadıb, onları idarə olunan və düşünməyən bir insan kütləsinə çevirdi və bu da 2-ci Dünya müharibəsinin başlanmasına səbəb oldu. Faşist rejimi vəhşilikləri və insanlığa qarşı olan bağışlanmaz cinayətləri bütün cəmiyyətin gözləri önündə edirdi. Xalq isə öz növbəsində bunu alqışlayırdı. Bu eyforiya alman xalqını məğlubiyyətə uğratdı. Eynən ermənilərin bu son törətdiklərinə erməni cəmiyyətinin reaksiyası da bir eyforiyadır. Nə Ermənistandakı hüquq-mühafizə orqanları, nə də bütöv erməni xalqı bu tərbiyəsizliyə adekvat bir münasibət bildirmədi. Bu yol bir xalqı sosial uçuruma sürükləyir və süquta aparır. Nifrət hissi elə mənfi bir emosiyadır ki, insanı deqradasiyaya uğradır. Təəssüflə qeyd edirəm ki, erməni cəmiyyətində nifrət ümumxalq səviyyəsindədir və artıq yüz ildən çoxdur ki, bu dövlət ideologiyasına çevrilib. Ermənistan dövlətinin və erməni cəmiyyətinin atdıqları və "xeyir-dua" verdikləri hər bir addım məhz bunu göstərir ki, ölkədə ksenofobiya əhval-ruhiyyəsi ən kritik həddə gəlib çatıb.

Maraqlı bir haşiyə çıxım... Ermənilər dünyada özlərini qədim mədəniyyətin daşıyıcıları kimi tanıdıblar. İş o yerə gəlib çatıb ki, ermənilər xristian olsalar da, dünyanın ən müqəddəs yeri sayılan Qüds (Yerusəlim) şəhərinin dörddə bir hissəsini sözün əsil mənasında zəbt ediblər. Bilənlər bilir ki, Müqəddəs Qüds şəhəri 4 kvartala bölünüb - Məhəmməd peyğəmbərin səmavi ziyarətə qalxdığı və müqəddəs Məscidi Aksanın yerləşdiyi müsəlman kvartalı, İsa Məsihin çarmıxda öldürülməsi ilə əlaqəli tarixi yerlərin olduğu xristian kvartalı, məşhur "Ağlama divarının" yerləşdiyi yəhudi kvartalı və.... şok olacaqsınız, erməni kvartalı. Bunu hansı yollarla və hansı dini-siyasi manevrlərlə ediblər məlum deyil. Yəqin ki, belə bir şeyi hiyləsiz etmək mümkün deyil. Bütün monoteist dinlərin mərkəzi sayılan Qüdsdə məsələn ingilislərin yox, fransızların yox, italyanların yox, almanların yox, məhz erməni kvartalının olması böyük suallar doğurur. Amma görünür erməni təbliğat maşını bunu dünyaya qəbul etdirməkdə müvəffəq olub. Və bu gün bütün erməni tarixçiləri, alimləri və ideoloqları bu halı erməni mədəniyyətinin qədim tarixə malik olması ilə əlaqələndirirlər.

Yuxarıda qədim mədəniyyətə sahib olan alman xalqından bəhs etdim. O xalqın tarixində dünya mədəniyyətinə verdikləri böyük töhfələrlə yanaşı, utanc verici qara səhifələr də var. Ermənilər alman mədəniyyətindən uzaq olsalar da, prinsip etibarı ilə bu iki cəmiyyəti paralel təhlil edə bilərik... Almanlar sadəcə qısa zaman kəsimində yalançı liderlərinə aldanıb deqradasiyaya uğradılar. Hitler rejiminin açıq şəkildə törətdiyi bütün vəhşiliklərə göz yumdular. Hitler cəlladları insan ləyaqətini alçaldaraq, onları qaz kameralarında yandıranda, almanlar eyforiya içərisində boğularaq Hitleri alqışlayırdılar. Bu uzun müddət çəkmədi. Cəmiyyət təqribən 10 ili əhatə edən bir müddətdə vəhşi rejimi dəstəklədi  və sonra isə bir millət olaraq səhvini başa düşdü, tövbə etdi. Və bu tövbə tək sözdə deyil, əməldə oldu. Alman xalqı bu günə qədər atalarının törətdikləri cinayətin təzminatını (contributio) ödəyirlər. Amma fərq burasındadır ki, erməni xalqı 10 il yox, yüz illərlə bu cinayətləri edən "qəhrəmanlarını" alqışlayırlar. Xocalıda 600-dən çox günahsız sivil insanı bir gecədə qətl edəndə erməni xalqı eyni eyforiyaya bürünərək cəlladları alqışlayırdı. Və əgər bu gün 21-ci əsrdə bütün dünyanın gözü qarşısında başqa bir dövlətin nümayəndələrini qonaq çağıraraq, onların təhlükəsizliyini təmin etmək barəsində söz verərək, o dövlətin bayrağını öz dövlət başçısının şəxsən iştirak etdiyi bir rəsmi tədbirdə yandırırsa, demək ki, bu xalq tövbədən çox çox uzaqdır.

Mən bir sosioloq olaraq anlayıram və qəbul edirəm ki, hər xalqın içərisində cinayətkar yönlü insanlar ola bilər. Buna sosiologiyada "deviant davranış" deyirlər. Hər bir cəmiyyətdə deviasiya nümayəndələri olur. Bayrağı yandıran o insan bir tərəfə, ona göz yuman və hətta alqışlayan xalqdan söhbət gedir. Səhvini başa düşən xalq belə bir addıma əl çalmaz. Gör cəmiyyət nə vəziyyətdədir ki, bir deputatları qalxdı ədalət pəncərəsindən çıxış etdi, az qaldılar onu daş-qalaq etsinlər. Burda hansı mədəniyyətdən söz gedə bilər? "Qədim mədəniyyətə" sahib olan bir xalq ən azından belə reaksiya vermək yerinə, o çirkin əməli törədən adamı cinayət məsuliyyətinə cəlb etməyi tələb edərdi, küçələrə çıxıb etiraz edərdi. 3 milyonluq bir xalqdan bir dənə səs çıxdı, onu da nifrət dənizində boğub yox etdilər. Bax budur yalançı "qədim erməni mədəniyyəti".

Məlumdur ki, Ermənistan mono-etnik bir dövlətdir. Yəni ölkə 97% ermənilərdən ibarətdir. Bu onun göstəricisidir ki, bu xalq özündən başqa heç kimi sevmir və qəbul etmir. Belə bir ölkədə hansı tolerantlıqdan söhbət gedə bilər? Bunlar üçün hər hansı bir dövlətin bayrağını yandırmaq və dövlət simvollarını təhqir etmək adi bir haldır. Əgər bir millət onun gözü önündə törədilən vəhşiliyə göz yumursa, demək ki, o millət vəhşi olmağa məhkumdur. Bir məqamı da qeyd edim ki, əgər bizim dövlət bayrağımızı çox rahat bir şəkildə yandıran o insan səhnədən qaçmasaydı və bayraq yanıb qurtarana kimi bütün zal (baş nazir də daxil) onu alqışlasaydı, mən təəccüb etməzdim. Bu əsil erməni xislətinə xarakterik olan bir xüsusiyyətdən başqa bir şey deyil. İctimai qınaq olmayan bir dövlət əxlaqsızlıq yuvasıdır, dövlət deyil. Çünki, cəmiyyətdə hüquqi və etik normaları tənzimləyən bir sosial sistem olmalıdır. İbtidai qəbilələrdə bu tənzimləyici funksiyanı təcrübəli və yaşlı insanlar həyata keçirirdilər. Yəni bizim dildə desək, "ağsaqqallar". Amma görünür erməni cəmiyyəti ənənəvi insani dəyərləri yadından çıxarıb. Belə bir cəmiyyətin tolerant olması qeyri mümkündür.

Tolerantlığın əsil bariz nümunəsini bizim prezidentimiz İlham Əliyev tək erməni xalqına yox, bütün dünyaya göstərdi. 2015-ci ildə Bakıda keçirilən 1-ci Avropa Oyunlarında boks üzrə yarışmada erməni əsilli ukrayna idmançısı Qevorq Manukyan da qalib yer qazanmışdı. Prezident şəxsən təltif etmək üçün ona yaxınlaşanda zaldan etiraz səsləri yüksəlməyə başladı. Amma prezident İlham Əliyev əl hərəkəti ilə insanları sakitləşdirərək, medalı qələbə qazanmış erməninin boynundan asdı. Bu Azərbaycan dövlətinin başçısının bütün dünya ermənilərinə verdiyi bir etika dərsi idi. Bundan artıq daha nə olsun ki? Amma görünür erməni xalqı bu dərsi anlamaq iqtidarında deyil.   

Böyük ehtimal, o bayrağı yandıran erməni dizayner A. Nikolyan bu addımı atarkən ölkəsinə "böyük şərəf" gətirəcəyini düşünüb. Polis onu sərbəst buraxdıqdan sonra bir qrup erməni onu elə qarşıladı ki, sanki, milli qəhrəmanlarıdır. Bəlkə də o adam bu günə qədər əlində silah tutmayıb, bir azərbaycan əsgəri ilə üz-üzə gəlməyib. O ancaq onda anlayardı ki, qəhrəmanlıq necə olur. Xalq küçədə əxlaqsız bir nümayəndəsini alqışlayır. Tərbiyəsizliyə gələn alqışlar və sevinc səsləri... Çox acınacaqlı bir görüntü... Bir millət bu qədər cılız ola bilərmi? Ya da gör nə cür cılız bir millət gəlib bizə düşmən olub... Düşmənin də şərəflisi və cılızı olurmuş.

Bayraq yandırmaq ermənilərin köhnə peşəsidir. Əslində bu gücsüzlük və cılızlıq əlamətidir. Azərbaycana iqtisadi və hərbi yöndə məğlub olan Ermənistanın əlindən ancaq bayraq yandırmaq gələr. Bizim idmançılarımız dəfələrlə erməni idmançılarına meydanda qalib gəliblər. Bu faktdır. Bayrağımızın yandırılmasının arxasında hər hansı siyasi faktorlar dura bilər. Amma bir sosioloq kimi məni sosial-psixoloji faktorlar maraqlandırır. Yəqin ki, bir ehtimal olaraq bizim idmançıların o çempionatda uğur qazanacağı halda, hamının ayağa qalxıb Azərbaycan bayrağına baxaraq himnimizi dinləməsi ermənilərə ağır gəlib. Bəlkə də bayrağı yandıran o cılız insana "Ağır Atletikanın" ağırlığı yox, bizim uğur qazana bilmə şansımız daha ağır görsənib. Söz yox ki, böyük əməlləri ancaq böyük xalqlar edə bilər. Mənəviyyatını itirmiş zəif xalqlar isə "bayraq fobiyası" ilə yaşayırlar. Bəli, bu bayraq hadisəsi bir tarix oldu. Amma erməni tarixinin bu səhifəsi o xalqa biabırçılıq gətirən bir səhifə olaraq həmişə xatırlanacaq. Bu sözsüzdür.

Təbii ki, Avropadan reaksiya özünü gecikdirmədən gəldi. Avropa Ağır Atletika Federasiyası (EWF) aprelin 14-də İrəvanda Ağır Atletika üzrə Avropa Çempionatının Açılış Mərasimi zamanı Azərbaycan bayrağının yandırılması ilə bağlı rəsmi bəyanat yayıb və bu hadisəni kəskin şəkildə pisləyib. Təbii ki, bu başqa cürə ola bilməzdi. Bu çirkin hərəkətə görə onu törədən şəxslə bərabər, Ermənistan dövləti də buna diqqətsiz qaldığına görə və rahat şəkildə bu cinayətə yol verdiyinə görə cəzalandırılmalıdır. Ermənistan dövləti anlamır ki, əgər belə bir çempionatın keçirilməsinin qərarı İrəvan olaraq seçilibsə, demək ki, burda hər şey Avropa mədəniyyətinə uyğun olmalıdır. Çünki, çempionat məhz Avropa çempionatıdır, Ermənistan çempionatı deyil. Yuxarıda qeyd etdiyim 2015-ci ildə Bakıda keçirilən beynəlxalq tədbir də Avropa tədbiri idi. Ermənilər isə "qədim erməni mədəniyyəti" pərdəsi altında öz vəhşiliklərinə davam edirlər. Bu yolverilməzdir. Çünki, belə hallar xüsusi strukturlar tərəfindən cəzalandırılmasa, belə mənfi örnəklər dünyada qəbul olunmuş insani dəyərlərə böyük zərbə olar.

Balaca bir haşiyə çıxmaq tam yerinə düşər. Çünki bu haşiyə başqa bir türk insanının da necə tolerant olmasından xəbər verir. Söhbət böyük şəxsiyyət və unudulmaz lider Mustafa Kamal Atatürkdən gedir. Tarixə bir az nəzər salmağımızda fayda var. 9 sentyabr 1922-ci ildə M.K.Atatürk böyük bir heyətlə və ordunun müşaiyəti ilə İzmirə daxil olur. Məhz o gün yunan əsgərlərinin İzmirdən tamamən təmizlənməsi günü idi. Atatürkü İzmirin Karşıyaka bölgəsində yerləşən bir qonaqlama binasına aparırlar. O binada vaxtilə yunan kralı da qalırmış. Atatürk binaya daxil olarkən, girişdə yerə sərilmiş yunan bayraqlarını görəndə təəccüblənir və bunun nə demək olduğunu soruşur. Ona deyirlər ki, yunan kralı bu evə girərkən hər gün ayaqqabılarını türk bayrağına silərmiş. Atatürk cavab verir ki: "O bir səhv edib!... Mən bu səhvi təkrar etmək istəmirəm. Bayraq bir millətin şərəfidir. O bayraq uğrunda minlərlə yunan əsgəri həyatlarını qurban verib. Bir dövlətin bayrağı nə olursa olsun yerlərə sərilməz, təhqir olunmaz. O bayrağı qaldırın!". Bəli, əsil insanlıq nümunəsi budur! Mahiyyətcə o vaxt Qazi Mustafa Kamal Atatürk də tək yunanlara yox, bütün dünyaya etika dərsi vermişdi. Amma nə yazıq ki, mənfur qonşularımız bu gün də elə iyrənc əməllərə imza atırlar. Ermənistan höküməti və erməni cəmiyyəti anlamır ki, belə tərbiyəsizliklərə göz yümmaqla onlar bütün erməni xalqını ləkələyirlər. Son olaraq onu deyim ki, bunun kimi nalayiq hərəkətlər heç bir xalqa baş ucalığı gətirməz.

Sosioloq Elçin Orucov
Milli.Az


Etiketlər:  Bayraq fobiyası


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ