Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Aprel 2023 13:03
"Bu forumlar həqiqətən də çox gözəl təşəbbüslərdir. Əvvəlcə teatr, sonra isə kino forumu keçirildi. Nəhayət bəlkə də, Azərbaycanfilm kinostudiyası öz fəaliyyətini bərpa edəcək, işə düşəcək. Bir vaxtlar orada insanlar əlindən tərpənməyə yer olmazdı.Çoxdandır professional filmlərimiz yoxdur. Azərbaycan filmləri ərsəyə gəlmir. Var amma çox azdır. İstərdik əlbəttə ki, daha çox olsun. Ona görə də mən düşünürəm ki, bu forumun nəticələri müsbət olacaq. Hamıya uğurlar arzu edirəm".
Sonxeber.net xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı akyoru Kazım Abdullayev deyib.
"Bizim vaxtımız elə bir dövrə düşdü ki, 1990-cı illər idi. Çox çətin günlər idi. Kino sahəsindən çox fasilələr oldu. O zamanlar bizim əsl işləyən, filmlərə çəkilən vaxtımız idi. Arzular var idi, bəziləri həyata keçmədi. Aktyor kimi potensialımdan, istedadımdan yetərincə istifadə edilməyib. İndi yaş da keçir, ömrümüz də gedir. Olub da həyatımızdır. Mən gördüm ki, kino yoxdur teatra güc verdim. Baxmayaraq ki, Adil İsgəndərovun rəhbərliyi ilə kino aktyoru fakültəsini bitirmişdim. Teatrı cox sevirəm, oz işimi teatrda davam etdirirəm", - deyə sənətkar deyib.
Sənətkar filmdə 2 dəfə erməni obrazı oynadığını, buna görə tamaşaçıların nifrətini qazandığını da bildirib.
"İlk dəfə rejissor Rövşən Almuradlının "Bəsti ağlama" filmində erməni roluna çəkilmişəm. 1998-1999-cu illər idi. Bu mənim ilk erməni obrazım idi. Hətta rejossor səsləndirmədə mənim səsimdən istifadə etmədi. Dedi ki, "səsin erməni üçün çox olar". Teatrda isə erməni rolum olmuşdu. İkinci dəfə isə "Seçilən" filmində erməni generalını oynamışdım. Bu rolları oynamaq çox çətindir. Birincisi, canlandırmaq çox çətindir, ikincisi tamaşaçılar səni qəbul etmirlər. Kənardan çox pis qəbul edirlər, izləyirlər. Belə baxanda da, bu rolları biz oynamalıyıq da. Erməni dəvət etməyəcəklər ki, bu rolu oynasın. Məlik Dadaşovun oynadığı erməni roluna hamı nifrət edirdi. Bilirdilər ki, bu bizim aktyordur, azərbaycanlıdır, istər-istəməz çölə çıxan ki, onu söyürdülər. Obrazını dəqiq oynamışdı. Bizim işimiz yaradıcı işdir. Teatrdan fərqli olaraq kinoda seçim etmək imkanı olur. Amma teatrda bunu etmək mümkün deyil. "Fəryad" filminin rejissoru Ceyhun mənə yaxınlaşıb dedi ki, "bəlkə çəkiləsən?". Dedim ki, yox, çəkilə bilmərəm. İndiyə qədər peşmanam. Bilsəydim ki, onun sonuncu filmidir, çəkilərdim. Erməni obrazına çəkilmək istəmədim. O özü filmdə hər şeyi yaşamışdı deyə, çox dözmədi. Film ekranlara çıxmamış özü dünyasını dəyişdi", - deyə aktyor bildirib.