Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Aprel 2023 18:26
Akademik Zərifə xanım Əliyeva öz elmi fəaliyyəti, yüksək humanizm duyğuları və ətrafına işıq saçan xeyirxahlıq nuru ilə tarixdə iz salan nadir şəxsiyyətlərdəndir. Həyatını, ömrünü zülmət pərdəsini aralayıb aydınlıq bəxş etməyə sərf edən görkəmli oftalmoloq-alim, öz bildiklərini gənc oftalmoloqlara aşılamağa, yeni tədqiqatlar aparmağa da vaxt tapırdı. Bir insanda həm görkəmli alim, həm daim yeniliyə can atan tədqiqatçı, həm tələbkar müəllim, həm peşəkar həkim, həm qayğıkeş insan, həm mehriban ana, həm də sədaqətli həyat yoldaşı ruhu birləşmişdi. O bütün müsbət, insani keyfiyyətləri özündə cəmləşdirməyi bacaran nadir insanlardan biri idi.
Əminliklə deyə bilərik ki, Azərbaycan oftalmologiyasının bugünkü inkişaf səviyyəsi Zərifə xanım Əliyevanın adı ilə bağlıdır. Dayanmadan gecə-gündüz çalışan, araşdırmalar aparan Zərifə xanım Əliyeva özündən sonrakı nəsillər, oftalmoloqlar üçün sanki bir cığır açdı. Zərifə xanımın izləri ilə gedən hər bir həkim-oftalmoloq öz sahəsinin peşəkarına çevrildi.
Bunu AZƏRTAC-a müsahibəsində Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının oftalmologiya şöbəsinin müdiri, həkim-oftalmoloq Qurban İsmayılov deyib.
Klinikanın şöbə müdiri bildirib ki, Zərifə xanım Əliyeva terapevtik oftalmologiya, iridodiaqnostikanın əsasları kimi nadir elmi əsərlərin müəllifidir. Onun traxomanın yeni dərman preparatı ilə müalicə edilməsində, kimya sənayesinə aid olan peşə xəstəlikləri, onların müalicəsi və profilaktikası sahəsində xidmətləri danılmazdır.
" Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya sahəsində kadrların hazırlanmasında müstəsna xidmətləri olub. Təsəvvür edin ki, SSRİ dönəmində Azərbaycan Mərkəzi Komitəsinin birinci katibinin xanımı tanımadığı gənc oftalmoloqları inkişaf etdirmək üçün o dövrdə SSRİ-nin müxtəlif Elmi-Tədqiqat Oftalmologiya institutlarına ezam etdirmiş, onlara tam dəstək olmuş, yüksəkixtisaslı kadrlar hazırlamışdı.
Mərhəməti, səmimiyyəti, insanlara olan sevgisi ilə qəlblərdə taxt quran Zərifə xanım hər zaman əhalinin sağlamlığını düşünür, öz şəfalı əlləri ilə xəstələrinə nur bəxş etmək üçün əlindən gələni əsirgəmirdi. O, gözləmirdi ki, kiminsə gözlərində problem olanda, ya çox çıxılmaz vəziyyətdə olanda ona müraciət etsin. Hər zaman göz xəstəliklərinin vaxtında aşkarlanıb diaqnostikasının təyin edilməsi və müalicəyə erkən başlanmasının tərəfdarı idi. Odur ki, Zərifə xanım Əliyeva rəhbərlik etdiyi həkim briqadası ilə Azərbaycanın müxtəlif rayonlarına ezamiyyətə gedir, kəndbəkənd gəzərək müayinələr aparır, xəstələrin gözlərində işıqlı dünyalarının qarşısını kəsən maneəni aradan qaldırmağa çalışırdı.
Onun zəhmətkeşliyi, peşəkarlığı və oftalmologiya sahəsinə yeni nəfəs vermək uğrunda yorulmaz fəaliyyəti heç kimin diqqətindən yayınmırdı. Odur ki, 1980-ci ildə yüksək elmi fəaliyyətinə görə, Azərbaycanın Əməkdar elm xadimi, 1981-ci ildə isə SSRİ Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına mükafata layiq görüldü. O, həmin mükafatla təltif edilən ilk azərbaycanlı qadındır.
Zərifə xanım Əliyeva xoşbəxtlər siyahısında birincilərdəndir. O, görkəmli dövlət xadimi Əziz Əliyevin qızı, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat yoldaşı, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin anası, tələbələrinin sevimli müəllimi, xəstələrinin inam və etimad göstərdiyi həkim, həmkarlarının rəğbət bəslədiyi oftalmoloqdur. Özündən sonra da zəngin irsi davam etdirilən Zərifə xanım Əliyevanın şəfalı əlləri hələ də qaranlıq dünyasının aydınlanmağını gözləyən xəstələrin üzərindədir. Axı Zərifə xanımın yetişdirdiyi tələbələr, elmi yaradıcılıq və tədqiqatlarından yararlanan gənc oftalmoloqlar onun yolunu inamla davam etdirirlər...", - deyə Q.İsmayılov fikirlərinə yekun vurub.