Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Oktyabr 2019 15:52
"150-ci çempionat oyununa çıxmaq mənim üçün sevindirci haldır. Amma özümü qınayıram ki, bu oyun sayı azdır. Çünki daha çox ola bilərdi".
Bu sözləri "Səbail"in futbolçusu Ağabala Ramazanov Qol.az-a açıqlamasında deyib. O, bu mövsüm 3 qol vurmağının pis nəticə olmadığını söyləyib:
"Pis nəticə hesab etmək olmaz. Çalışıram ki, maksimum komandama kömək edim. Əsasən özüm qol vurmaqdan daha çox kollektiv oyuna üstünlük verirəm. Çünki sırf hücumçu deyiləm ki, bombardirlik üçün oynayım. Mən yarımmüdafiəçiyəm və daha çox qol ötürməsi verməyə çalışıram".
Millimizin üzvü "Səbail"in son oyunlardakı uğursuz çıxışlarına da münasibət bildirib: "Xallar itirə-itirə gedirik. Hazırda düşdüyümüz durum çox pisdir. Çalışmalıyıq ki, bu vəziyyətdən çıxaq. Belə qlobal bir problemimiz yoxdur, sadəcə, oyunçu azlığımız var".
26 yaşlı yarımmüdafiəçi komandanın qarşısına məqsəd qoyulmadığını deyib: "Bizim qarşımıza nə ötən il, nə də bu il heç kim bir məqsəd qoyulub. Amma biz özümüz də "Səbail"ə vaxt keçirməyə gəlməmişik. Gücümüz çatdığı yerə qədər mübarizə aparacağıq".
A. Ramazanov son olaraq, ərəb ölkələrindən real təkliflər aldığını da əlavə edib: "Ərəb ölkələrindən real təkliflər var. Amma mən Avropada oynamaq istəyirəm. Avropa alınmasa, ilk dəfə legioner həyatı yaşamaq üçün başqa bir yerə gedə bilərəm. Niyə yerli futbolçularımızı xarici klublardan təkliflər gəlmir, bunu mən dəqiq deyə bilmərəm".