Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əcnəbilər ilə bağlı bu şərtlər dəyişdirildi

Əcnəbilər ilə bağlı bu şərtlər dəyişdirildi

Tarix: 16 May 2023 16:45

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verildiyi hallar, eyni zamanda həmin icazənin müddətinin uzadıldığı halları əhatə edəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin bu gün tətbiqi barədə fərman imzaladığı Miqrasiya Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

- 45.1.2-ci maddənin yeni redaksiyada verilməsi nəticəsində əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi şərtləri yumşaldılıb (azı 100.000 min manat dəyərində daşınmaz əmlak, banklara müddətli əmanət müqaviləsi əsasında azı 100.000 min manat məbləğində pul vəsaitinin qoyuluşu və nominal dəyəri azı 100.000 manat olan dövlət qiymətli kağızlarına və ya eyni həcmdə paylarının (səhmlərinin) 51 və daha artıq faizi dövlətə məxsus olan hüquqi şəxslərin investisiya qiymətli kağızlarına malik olma cəmi 500.000 min manat məbləğindəki investisiya qoyuluşunun tərkibinə daxildir).

Miqrasiya Məcəlləsinin 45.1.6-1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir. 45.1.6-1-ci maddənin yeni redaksiyada verilməsi nəticəsində azı 1 il Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi şərtləri sərtləşdirilib (Azərbaycan Respublikasında təsis edilmiş, ödənilmiş nizamnamə kapitalı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş miqdardan az olmayan, təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri vəzifəsini tutduqda və ya həmin hüquqi şəxsin paylarının (səhmlərinin) azı 51 faizinə sahib olma tələb olunur);

Miqrasiya Məcəlləsinə yeni - 45.3-cü maddə əlavə edilib. Belə ki, dövlət qiymətli kağızlarına və ya paylarının (səhmlərinin) 51 və daha artıq faizi dövlətə məxsus olan hüquqi şəxslərin investisiya qiymətli kağızlarına malik olmaqla, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə almış şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 iş günü müddətində Milli Depozit Mərkəzinə göndərilir. Həmin siyahıda göstərilmiş şəxslərin mülkiyyətində olan investisiya qiymətli kağızlarının, o cümlədən dövlət qiymətli kağızlarının ümumi nominal dəyəri 100.000 manatdan aşağı düşdükdə və ya həmin qiymətli kağızlar özgəninkiləşdirildikdə Milli Depozit Mərkəzi bu barədə müvafiq icra hakimiyyəti orqanına 3 iş günü müddətində məlumat təqdim edir.

- əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi şərtlərindən biri Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olma hesab edilir. Lakin 45-ci maddənin "Qeyd" hissəsində edilən dəyişiklikdən sonra Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi həcmdə olmalıdır, əcnəbi və vətəndaşlığı olmayan şəxs azı 1 il Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamalıdır. Bundan başqa sahibkarlıq fəaliyyəti ilə məşğul olarkən işçilərin ən azı 80 faizinin Azərbaycan Respublikası vətəndaşı olması tələb edilirdisə, dəyişiklikdən sonra aşağıdakı şəxslərin sahibkarlıq fəaliyyəti çərçivəsində işləmələri müvafiq icazənin verilməsi üçün yetərli hesab olunur:

- Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazəsi olanlar; - Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olanlar, bu şərtlə ki, həmin vətəndaş Azərbaycan Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyatda olsun; qaçqın statusunun verilməsi üçün vəsatət verən, qaçqın statusu almış və ya siyasi sığınacaq verilmiş şəxslər;

- insan alverindən zərər çəkmiş hesab edilən və ya cinayət təqibi orqanlarına yardım göstərən şəxslər;

- himayəsində 18 yaşına çatmamış və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş Azərbaycan Respublikasının vətəndaşlar.

Yuxarıda göstərilən tələblər investisiya təşviqi sənədinə və ya "Startap" şəhadətnaməsinə malik olan, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş iqtisadi rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə, habelə qeyri-kommersiya hüquqi şəxslərinə, sənaye parkının, sənaye məhəlləsinin və aqroparkın rezidentlərinə şamil olunmur.

- 46-cı maddədə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün tələb olunan sənədlər sadalanır. Bu sənədlər siyahısına, həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin və ya müraciətlə əlaqəli hüquqi şəxsin son 1 ildə təqdim etdiyi bəyannamə üzrə dövriyyəsinə dair vergi orqanından əldə edilmiş sənəd daxil edilib.

- Miqrasiya Məcəlləsinin 52.1-ci maddəsində əsasən bu Məcəllənin 45.1.1-45.1.7-ci maddələrində nəzərdə tutulmuş əsaslarla müvafiq icazə əsasında son 2 il ərzində fasiləsiz olaraq Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bu Məcəllənin 45.1.8-45.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə almış əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin ailə üzvü olduğuna görə müvəqqəti yaşamaq üçün icazə almış şəxslər istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsi almaq üçün vəsatət verə bilərlər. Qeyd olunan maddə təkmilləşdirilərək yeni redaksiyada verilib. Belə ki, Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsinin əcnəbilərə ölkə ərazisində uzun müddət yaşamaq, icazəsi almadan haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq, gələcəkdə Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi üçün müraciət etmək imkanı və digər geniş imkanlar yaradır. Bu baxımdan həmin mexanizmin təkmilləşdirilməsi zəruridir. Bundan başqa, qabaqcıl ölkələrin təcrübələrinə əsasən əcnəbilər yüksək ixtisaslı mütəxəssis və ya ərazisində olduğu ölkənin vətəndaşı ilə birinci dərəcəli (ata, ana, ər (arvad) və övlad) yaxın qohum olarsa, həmin ölkə ərazisində daimi yaşamaq icazəsi almaq imkanı verilir. Bu baxımdan qohumluq münasibətlərinə görə daimi yaşamaq icazəsinin alınması üzrə qohumların dairəsinin məhdudlaşdırılması və yalnız müraciət edən şəxsin atası, anası, əri (arvadı), övladı, bacısı və ya qardaşı Azərbaycan Respublikasının vətəndaşı olduqda daimi yaşamaq icazəsi ala biləcək.

- Bundan başqa, müvəqqəti yaşamaq üçün icazə əsasları kimi müəyyən edilən ölkə ərazisində azı 100.000 manat dəyərində daşınmaz əmlakının olması və ölkədə fəaliyyət göstərən banklara əmanət müqaviləsi əsasında azı 100.000 manat pul vəsaiti qoyması tələbi üzrə məbləğlər Miqrasiya Məcəlləsinin qəbul edildiyi 2013-cü ildə müəyyən edilib. Həmin məbləğlər müvəqqəti yaşamaq icazənin alınması üçün bu gün də məqbul hesab edilsə də, daimi yaşamaq icazəsi üzrə həmin məbləğlər 2 dəfə artırılıb.

- 52-ci maddənin "Qeyd" hissəsinə 2-5-ci bəndlər əlavə edilib. Belə ki, Azərbaycan Respublikasında fəaliyyət göstərən banklarda müddətli əmanət müqaviləsi əsasında azı 200.000 manat məbləğində pul vəsaiti olmaqla Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə almış şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 iş günü müddətində aidiyyəti banka göndərilir. Həmin siyahıda göstərilmiş şəxslərin müddətli əmanətinin məbləği azaldılaraq 200.000 manatdan aşağı düşdükdə və ya əmanət müqaviləsinə xitam verildikdə bank bu barədə müvafiq icra hakimiyyəti orqanına 3 iş günü müddətində məlumat təqdim edir. Oxşar qayda dövlət qiymətli kağızlarına və ya paylarının (səhmlərinin) 51 və daha artıq faizi dövlətə məxsus olan hüquqi şəxslərin investisiya qiymətli kağızlarına malik olmaqla Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə almış şəxslərə şamil olunur. Onlar barədə məlumat Milli Depozit Mərkəzinə göndərilir. Nizamnamə kapitalının miqdarı və dövriyyə həcminə dair bu Məcəllənin 52.1.10-cu maddəsində nəzərdə tutulan tələblər qeyri-kommersiya hüquqi şəxslərinə şamil olunmur.

- Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə alınmasına əsas olmuş halların aradan qalxmadığını sübut edən sənədlərin notariat qaydasında təsdiq olunmuş surətinin Miqrasiya Məcəlləsinin 51.1.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasında daimi yaşamaq icazəsinin müddətinin uzadılması üçün tələb olunan sənədlər sırasında olması təcrübədə bir sıra çətinliklər yaradır. Məsələn, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazəni nikah əsasında əldə edib və həmin əsas üzrə son 2 il ərzində ölkədə fasiləsiz yaşadıqdan sonra Azərbaycan Respublikasında daimi yaşamaq icazəsi almış əcnəbi ölkə ərazisində neçə il yaşamasına və digər əsasın azı son 2 il faktiki mövcud olmasına və hazırda davam etməsinə baxmayaraq, daimi yaşamaq icazəsinin müddətinin uzadılması üçün hər dəfə Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olması barədə sənəd təqdim etməli olur. Bununla əlaqədar olaraq layihəyə 2-ci maddə qismində keçid müddəa daxil edilib, həmçinin 53.1.10-cu maddəsi yeni redaksiyada verilməklə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarına hörmət və humanizm prinsipləri ilə yanaşılıb.

Mövcud qanunvericilik müvafiq əsas aradan qalxdıqdan sonra heç bir seçim vermədən əcnəbinin daimi yaşama icazəsinin ləğvini tələb edib. Lakin yeni qanun həmin əcnəbiyə ölkədə daimi yaşamaq üçün digər əsaslardan hər hansı birinin mövcudluğuna dair sənəd təqdim etməklə onun ölkədə daimi yaşamağa davam etməsi üçün imkanı yaradır. Qanun qüvvəyə minənədək verilmiş və ya müddəti uzadılmış daimi yaşama icazələrinin sahiblərinə heç bir məhdudlaşdırıcı təsir olmayacaq, bu icazələri əldə etmiş əcnəbilər yenə də eyni əsaslarla həmin icazələri almaqda davam edə biləcəklər.

Milli.Az


Etiketlər:  Əcnəbilər ilə bağlı bu şərtlər dəyişdirildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ