Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 May 2023 12:06
Prezident İlham Əliyevin Litvaya səfəri, keçirdiyi görüşlər və aparılan müzakirələr inkişaf etməkdə olan Azərbaycan-Litva əlaqələrini daha da dərinləşdirəcək.
Sonxeber.net xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Sahil Kərimli söyləyib.
Azərbaycanla Litva arasında bütün sahələrdə əməkdaşlıq əlaqələrinin mövcud olduğunu qeyd edən S.Kərimli deyib: "Prezident İlham Əliyev və Litva Prezidenti Gitanas Nauseda arasında yüksək səviyyəli münasibətlər bu əməkdaşlığı yeni müstəviyə çıxarır. Ölkələrimiz arasında diplomatik münasibətlər strateji tərəfdaşlığı möhkəmləndirir, Litva-Azərbaycan əlaqələrinin inkişafı gələcək üçün geniş imkanlar açır".
Litva ilə iqtisadi münasibətləri xüsusi vurğulayan siyasi şərhçi qarşılıqlı ticarət dövriyyəsi, idxal-ixrac əməliyyatlarının səviyyəsinin hər il artdığını bildirib.
"Litva şirkətləri Azərbaycanın nəqliyyat, tikinti və digər sahələrinə xeyli sərmayələr yatırıb. Azərbaycandan da Litvaya investisiyalar qoyulub. Azərbaycan Prezidentinin son səfəri bu sahədə daha böyük irəliləyişlərə səbəb olacaq. Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən önəmli ölkə kimi Litva ilə əlaqələrə də ciddi önəm verir. Enerji layihələrin şaxələndirilməsi qarşıya qoyulan əsas hədəflərdəndir. Prezident İlham Əliyev səfər çərçivəsində Litvanın Prezidenti Gitanas Nauseda və bu ölkənin Baş naziri xanım İnqrida Şimonite ilə görüşdü, mühüm sənədlər imzalandı. Həmçinin iki ölkənin iş adamlarının və biznes dairələrinin iştirakı ilə biznes forum da keçirildi. Bütün bunlar Litva-Azərbaycan münasibətlərinin və əlaqələrinin yeni mərhələyə qədəm qoyduğunu deməyə əsas verir.