Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Oktyabr 2019 21:04
"Keşlə"nin yarımmüdafiəçisi Con Kamara Azərbaycan Premyer Liqasının 9-cu turunda "Qəbələ" ilə matçdan (2:1) sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az xəbər verir ki, o, birinci hissədə daha yaxşı oynadıqlarını bildirib:
- Fasiləyə 2:0 hesabı ilə öndə yollanmışdıq. "Qəbələ" ikinci hissədə qol vurmaq istəyirdi. Bu səbəbdən də sistemi dəyişdilər və ümumiyyətlə, çox istəkli idilər. Əsas odur ki, biz müsbət nəticə əldə etdik. Gözləyirdik ki, "Qəbələ" ikinci hissədə bizi daha çox təzyiq altında saxlayacaq. Buna hazır idik.
- İkinci dövrədə komanda bütün oyunlarda birinci hissəni qalib başa vurur, fasilədən sonra uduzur. İkinci hissədə neçə dəfə uduzmaq lazımdır ki, futbolun 90 dəqiqə olduğunu dərk edəsiniz?
- Bu oyunda məqsədimiz 3 xal qazanmaq idi. Buna da nail olduq. Düzdür, məşqçi də bizə bu haqda çox deyib. Bu oyunun fasiləsində də diqqətli olmağımızı tapşırdı. "Qəbələ"nin daha çox hücum edəcəyini dedi. Biz bunu başa düşürdük. Oyundan sonra bəzi epizodları təhlil edib qərar verməliyik.
- Öz oyununuzu necə qiymətləndirirsiniz?
- Hər iki hissədə əlimdən gələni etdim. Meydandakı mövqeyim elədir ki, top itirsəm, ya hansısa səhvə yol versəm, bu komanda üçün böyük problemlərə gətirib çıxara bilər. Maksimum dərəcədə oyuna konsentrasiya oldum. Məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışırdım. Məncə, komanda şəkilində yaxşı oynadıq. Yaxşı iş gördük.
- Sabah "Sumqayıt" - "Neftçi" oyununda meydan sahiblərinə azarkeşlik edəcəksiniz?
- Hazırda 2-ci yeri tuturuq. Amma bunun indi o qədər də önəmi yoxdur. Qarşıda hələ oyunlar çoxdur. Əsas öz oyunumuza köklənməliyik. Ona görə də sabahkı görüşlə bağlı heç nə deyə bilmərəm.