Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Oktyabr 2019 10:00
Bakı. Trend:
Qoşulmama Hərəkatı (QH) heç bir bloka daxil olmadıqlarını və tərəfsizliklərini bəyan edən 120 üzv ölkə, 17 müşahidəçi ölkə və 10 müşahidəçi təşkilatı birləşdirən forum kimi BMT-dən sonra dünya dövlətlərinin ən böyük toplantısı hesab olunur. 1955-ci ildə İndonesziyada keçirilən Bandunq konfransında prinsipləri işlənib hazırlanan QH-nın Birinci Sammitinin hazırlıq mərhələsi 1961-ci il 5-12 iyun tarixlərində Misirin Qahirə şəhərində keçirilmişdir. 1961-ci ildə Yuqoslaviyanın Belqrad şəhərində 25 ölkə başçısının iştirakı ilə Yuqoslaviya prezidenti İosif Broz Tito, Hindistanın ilk baş naziri və prezidenti Cəvaharial Nehru, Misir prezidenti Camal Abdel Nasir, İndoneziya prezidenti Sukarno, Qananın ilk baş naziri və prezidenti Nkrume Kvamenin təşəbbüsü ilə yaradılmışdır. "Qoşulmama Hərəkatı" istilahı ilk dəfə olaraq 1976-cı ildə Hərəkatın 5-ci konfransında qüvvəyə minmişdir. QH, BMT təşkilatı üzvlərinin təxminən 2/3, dünya əhalisinin 55 faizini təşkil edir. Hərəkatın daimi katibliyi yoxdur. Sədrlik iyerarxiya prinsipi üzrə deyil, sıra prinsipi əsasında bütün üzv dövlətləri ehtiva etməklə səs çoxluğu ilə təyin olunur. 2019-2022-ci illərdə sədrliyi Azərbaycan tərəfindən icra ediləcək.
Hərəkatın başlıca məramı Soyuq müharibədən sonra dünyanın inkişaf etməkdə olan ölkələrinin birliyi və həmrəyliyini təmin etmək, dünyanın iki güclü qütbündən (SSRİ-ABŞ) birinə tərəfkeşlik etməməklə öz tərəfsizliyini qoruyub saxlamaq məqsədi daşıyırdı. QH-ın başlıca prinsipləri BMT nizamnamələrinə uyğun olaraq aşağıdakı təməl maddələri ehtiva edir:
- İnsan hüquqlarına hörmət,
- Bütün xalqların suverenliyi, ərazi bütövlüyü, təhlükəsizliyinə hörmət,
- Bütün irqlərin və xalqların bərabərliyinin tanınması,
- BMT Nizamnaməsinə uyğun olaraq hər bir xalqın özünü fərdi və ya kollektiv şəkildə müdafiə etmək hüququna hörmət və milli müstəqillik hərəkatının tanınması,
- Hər hansı bir ölkənin ərazi bütövlüyünə təcavüz etməkdən və daxili işlərinə müdaxilədən çəkinmə,
- BMT Nizamnaməsinə uyğun olaraq bütün münaqişələrin sülh yolu ilə həlli,
- Qarşılıqlı maraq və əməkdaşlığın təşviqi,
- Ədalət və beynəlxalq öhdəliklərə hörmət,
- Müxtəlif xalqlar, sivilizasiyalar, mədəniyyətlər və dinlər arasında qarşılıqlı hörmətin qorunması, dialoqun inkişaf etdirilməsi və tolerantlığın təşviqi,
- Müdafiə paktlarına və ya hərbi bloklara qoşulmamaqla hər hansı güclü dövlətin maraqlarına xidmət etməkdən, dövlətlərin bir-birinə və ya ərazi bütövlüyünə qarşı zor gücdən qaçınma,
- Soyqırım, müharibə cinayətləri, insanlığa qarşı törədilən hər hansı zorakı əməllərin, terrorizmin - kim, harda və nə məqsədlə həyata keçirilməsindən asılı olmayaraq - bütün formalarının kəskin tənqidi.
Beləliklə, QH üzv dövlətlərin "milli müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və təhlükəsizliyinin qorunması" çərçivəsində imperializm, müstəmləkəçilik və post-müstəmləkəçilik, irqçilik və hər hansı xarici müdaxilə, zorakı kənar təsir və təzyiq, eləcə də böyük güclərin münaqişə zəminində yaratdıqları çoxüzvlü hərbi və siyasi bloklara qarşı yaranmışdır. Hazırda, Hərəkat daxilində bir-birilə münaqişədə olan, sol və sağ görüşlü dövlətlər, digər güclü dövlətlərlə müəyyən birliklər və bloklar tərkibində birləşən və ikitərəfli hərbi əməkdaşlıq əlaqələri quran dövlətlər az deyil. Lakin QH prinsiplərinə əsasən bu əməkdaşlıqdan üzv dövlətlərin maraqlarına xələl gətirəcək, eləcə də güclü dövlətlərin mənfəətlərinə xidmət edəcək şəkildə istifadə olunması QH-nın başlıca ideyalarına ziddir.
QH üçüncü dövlətlərin səslərini müdafiə edən platformadır. Beynəlxalq siyasətdə qütbləşmənin dərinləşdiyi bir vaxtda (əvvəllər bu, ABŞ və SSRİ idisə, hazırda bir neçə qütbləmə mövcuddur), kiçik və zəif dövlətlər bu qütbləşmənin tərəflərindən birini seçməklə ya proksi qüvvələri kimi ikiqütblü müharibələrin piyadasına çevrilir, ya da təbii sərvətləri qütblərin savaşında xərclənir, ərazilərindən hərbi baza kimi istifadə olunur və nəhayət, azacıq ianə müqabilində güclü dövlətlərin faktiki asılılığına keçmiş olur. QH bu baxımdan üçüncü dövlətlər üçün faktiki "sığınacaq və müdafiə platforması"dır.
QH-nın başlıca prinsipləri hələ də aktual olaraq qalmaqdadır. Çoxtərəflilik prinsipindən çıxış edən QH kiçik və üçüncü dövlətlərə separatizm, regional güclər və qəsbkarlıq siyasəti yürüdən irredent ölkələrin ərazi, etnik və dini iddialarına qarşı qorunmaq və müdafiə olunmaq imkanı verir. Digər tərəfdən, QH, BMT və digər beynəlxalq sülh təşkilatlarının ideya və prinsiplərindən çıxış edir və siyasi dəst-xəttində onlara söykənir. Düzdür, QH-nın bir çox məqsədlərinin Soyuq müharibə qurtardıqdan dərhal sonra qüvvədən düşdüyü iddia edilsə də, imperializm və müstəmləçilik anlayışı iqtisadi və siyasi əsarət anlayışları ilə əvəz edilib. Güclü Qərb maraqlarının dominant olduğu bir dünyada zəif dövlətlərin hələ də institusional quruma ehtiyacı var. QH, bu baxımdan, üzv dövlətlərə müstəqi mühakimə çıxarmaq, güclü dövlətlərlə münasibətlərdə mötədiliyi qoruyub saxlamaq imkanı verir.
QH iqtisadi və sosial problemləri çözə bilmək üçün daha nizamlı mexanizmə sahib olmalıdır. Bir çoxları onu BMT və NATO ilə müqayisədə hələ də simvolik anlamda qəbul edilər. QH-nın başlıca məramı dövlətlər arasında qarşılıqlı anlaşma və sülhü qoruya bilməkdir, bu anlamda ona analoq yoxdur. Bu istiqamətdə onun rolu heç də azaldılmamalıdır. 120 dövlətin səsi duyulmaya bilməz. Onun siyasi, iqtisai və sosial baxımından bazasının möhkəmləndiriıməsi və daha əməli iş mexanizmlərinin işlənib hazırlanması, sözsüz, onu yaxın gələcəkdə nüfuzlu qurumlarla eyni səviyyədə olmasını təmin edə bilər. Bu baxımdan, yeni beynəlxalq iqtisadi-sosial mexanizmin işlənib hazırlanması, sözsüz, Hərəkatın yeni bir uğuru ola bilər. Belə bir cəhd keçən əsrin 70-80-ci illərində edilmişdi. QH beynəlxalq iqtisadi münasibətlərdə fundamental dəyişikliklər platforması kimi üzv dövlətlərin daxili və xarici sosial-iqtisadi münasibətlərinin tənzimlənməsi mexanizmi qismində çıxış edə bilər, bu da keçmiş mandat ölkələrinə öz təbii sərvətlərindən geniş şəkildə istifadə etməklə iqtisadiyyatlarını və sosial rifahlarını milli maraqları yönündə dirçəltməyə imkan verəcəkdir. Bu siyasi-iqtisadi kurs üçüncü dövlətlərin güclü dövltlərdən iqtisadi asılılığını azaltmış olacaqdır.
Bakıda QH sammitinin keçirilməsi və Azərbaycanın bu ildən QH-na sədrlik etməsi tarixi əhəmiyyət daşıyır. Belə ki, Azərbaycan güclü dövlətlər tərəfindən əhatə olunan qeyri-sabit geostrateji platformada yerləşir və tərəfsiz mövqeyini qoruyub saxlamaqla bir tərəfdən müstəqilliyini və suverenliyini təmin etmiş olur, digər tərəfdən, dünya siyasəti müstəvisində neytral mövqeli və sülhməramlı dövlət kimi söz demək haqqı qazanır. Bu vəziyyətdə onun Qoşulmama Hərəkatının üzvü kimi rəqib dövlətlər arasında körpü rolunda çıxış etmə şansı daha çoxdur. Sədrlik edəcəyi 3 il ərzində təkcə dövlətimizin deyil, regionun ümumi təhlükəsizlik maraqlarını müdafiə etmək və münaqişə tərəflərini neytral bir müstəvidə sülh prinsipləri ətrafında toplamaq iqtidarında olan Bakının gələcəkdə münaqişə tərəfləri arasında sülh platforması kimi dünya ictimaiyyəti tərəfindən tanınması və bu istiqamətdə fəaliyyətinin genişləndirilməsi və mövqeyinin təsbit edilməsi, sözsüz, çox əhəmiyyətli ola bilər.
Digər tərəfdən, 2011-ci ildən Hərəkata üzv olduqdan bu yana siyasi dəst-xəttində beynəlxalq sülh təşkilatları və forumlarının prinsiplərinə daxili və xarici siyasətində layiqincə riayət etdiyini nümayiş etdirməklə, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin Azərbaycanın ərazi bütövlüyü prinsipləri çərçivəsində həlli üçün daha çox tərəfdar səs toplamağa müvəffəq ola bilər. Bu artıq praktikada özünü doğrultmuş bir yanaşmadır. Belə ki, Qoşulmama Hərəkatının 2016-cı ildə Venesuelada keçirilən Sammitində qəbul edilmiş yekun sənəddə iştirakçı dövlətlər Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, sərhədlərin toxunulmamazlığı prinsipi ilə həll edilməsinin zəruriliyini göstərmiş və BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin icra edilməsinə çağırmışdılar.
AIR Center - Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin