Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyul 2023 18:36
Milli Məclisin deputatı İlham Məmmədov Laçın sərhəd-buraxılış məntəqəsində təxribat yuxusuna gedən on doqquz "TIR" humanitar yardımın hərbi-siyasi məqsədlərindən danışıb.
Milli Məclisin deputatı İlham Məmmədov son günlərdə Laçın sərhəd-buraxılış məntəqəsində baş vermiş hadisələrlə bağlı dialoq.az saytına maraqlı fikir bildirib:
Otuz ilə yaxın kürəyini Rusiyaya söykəyib torpaqlarımızı işğal altında saxlayan Ermənistan bu gün sözün əsil mənasında özünü aclığa və gicliyə vurub. Ermənistan elə başa düşür ki, onun getdiyi çirkin yollardan özündən başqa heç kimin xəbəri yoxdur. Ancaq başa düşmürlər ki, Azərbaycan hökuməti Ermənistanın və onun havadarlarının atdığı hər bir addımı qarış-qarış izləyir, analiz edir və ondan nəticələr çıxardır. Bu gün görünən odur ki, Ermənistandan Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yaşayan ermənilər üçün gətirilən on doqquz "TIR" (400 ton) humanitar yardımın fonunda bir çox siyasi oyunlar durur. Əvvəla onu demək lazımdır ki, bu gün işğaldan azad olunmuş Azərbaycan ərazilərində yaşayan erməni əsilli vətəndaşların heç birinin humanitar yardıma ehtiyacı yoxdur. Belə ki, Laçın sərhəd-buraxılış məntəqəsi orada yaşayan ermənilərin (Meşəli kəndində yaşamış azərbaycanlıları qətlə yetirdiyinə görə beynəlxalq axtarışda olan Xaçaturyan Vaqif Çerkezoviç kimiləri istisna olmaqla) üzünə açıqdır. Onların oradan Azərbaycan qanunları çərçivəsində qoyulmuş tələblərə uyğun sivil qaydada yoxlanılmaqla rahat keçidi təmin olunur, onlar üçün heç bir maneə yaradılmır. Sadəcə məsələ ondan ibarətdir ki, Ermənistan və onun havadarları birdən-birə 400 ton humanitar yardım adı altında göndərdiyi on doqquz "TIR"la və qanuni olaraq qarşısı kəsilmiş kalonun ətrafına topladığı Ermənistanda fəaliyyət göstərən diplomatik korpusların nümayəndələrinin yazıq-yazıq Laçın sərhəd-buraxılış məntəqəsinə baxışları ilə dünya ictimaiyyətinə çatdırmaq istəyirlər ki, guya ki, işğaldan azad olunmuş Azərbaycan ərazilərində yaşayan ermənilər humanitar böhran içindədirlər. Eyni zamanda onlar sübut etməyə çalışırlar ki, artıq Rusiya sülhməramlılarının heç bir fəaliyyəti yoxdur, onlar Azərbaycan tərəfinə yıxılıblar, Azərbaycan tərəfi isə ermənilərə qarşı hərtərəfli təzyiq göstərir və s. Ancaq demirlər ki, Azərbaycan tərəfi, Azərbaycanın ekofəalları, QHT və media nümayəndələri aylarla öz təbii sərvətlərinə baxış keçirmək üçün (manitorinq aparmaq üçün) apardıqları mübarizədə rus sülhməramlılarının boz sifətləri ilə üz-üzə qalıb və bunun üçün nə qədər mübarizə aparıb. Təbii ki, bizə qarşı olunan təxribatlar, yaxılan əsassız ləkələr kökündən səhv olmaqla yanaşı şər və böhtanla dolu erməni yalanıdır. Əgər Azərbaycanın bu istiqamətdə hər hansı çirkin niyyəti olsa idi, hansı ki, bu ola da bilməz, humanitar yardımın guya ki, Xankəndində acından ölən ermənilərə çatdırılması üçün Ağdam-Xankəndi yolunu ermənilərə alternativ yol kimi təklif etməzdi. Hansı ki, Ağdam-Xankəndi yolunun lagistik imkanları daha yüksək və səmərəlidir. Digər tərəfdən Azərbaycan tərəfi hər zaman işğaldan azad olunmuş Azərbaycan ərazilərdə yaşayan ermənilərə hərtərəfli yardım və kömək etmək üçün hazır olduğunu bəyan etməzdi.
Deməli,buradan aydın görünür ki, məsələ humanitar böhran, aclıq məsələsi deyil. Burada məqsəd ondan ibarətdir ki, Ermənistan növbəti dəfə yenə də yolunu azıb gedib çıxıb Rusiyanın düşməninin qapısına. Təsadüfi deyil ki, Amerika gətirib Naxçıvan Muxtar Respublikası ilə həmsərhədə, İran-Türkiyə sərhədlərinə yaxın ərazidə 70 milyon dollarlıq metallurgiya zavodu tikir. Yəqin ki, Amerika Ermənistan ərazisində 70 milyon dollarlıq zavoda vəsait ayırandan sonra, növbəti vəsaitini on doqquz "TIR" humanitar yardıma ayırıb. Amerika tərəfindən bu qədər vəsaitin xərclənməsində əsas məqsəd də ondan ibarətdir ki, 44 günlük Vətən müharibəsindən sonra kapitulyasiyaya uğramış, əli Rusiyanın əlindən üzülmüş, ortalıqda qalmış, məcburiyyət qarşısında Amerikanın düşməni olan İranla əməkdaşlığa girmiş Ermənistanın ağızdan-ağıza keçən saqqızını oğurlamaq və bu yolla Ermənistanı özünün rəsmi vassalına çevirməkdir.
Bu yolla Amerikanın məqsədi gətirib Ermənistanda terror təşkilatlarını yerləşdirməklə Türkiyə və Azərbaycanı antiterror əməliyyatları keçirməyə məcbur etmək, Rusiyanı Ermənistandan mədəni surətdə qovmaq, İrana Ermənistan sərhədlərindən terror əməliyyatları ilə növbəti terror cığırı açmaq, Zəngəzur Dəhlizinin açılmasına maneə yaratmaq, yeni münaqişə ocaqları yaratmaq və Cənubi Qafqazda, o cümlədən Yaxın və Orta şərqdə öz mövqeyini möhkəmləndirməkdir.
Məsələ bu qədər aydın və sadədir. Odur ki, bu gün Laçın sərhəd-buraxılış məntəqəsində ağlayan ermənilərin göz yaşları ötən il Amerika Nümayəndələr Palatasının Spikeri xanım Pelosinin Ermənistanda cuşa gəlib tökdüyü göz yaşlarına çox oxşayır,- deyə Milli Məclisin deputatı İlham Məmmədov vurğulayıb.