Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Sentyabr 2023 13:03
Bütün dövlət strukturları bu qısa, amma çox məsuliyyətli sınaqdan üzüağ çıxdı, işlərini koordinasiyalı qurdu, diplomatik korpusla çox fəal iş aparıldı; bəs media və partiyalar?
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, Azərbaycanın 23 saat 43 dəqiqə çəkən antiterror tədbirlərinə cəmiyyət 44 günlük savaşda olduğu kimi ciddi dəstək verdi. Bütün cəmiyyət yenə Qarabağda baş verənlərə diqqət kəsildi. Həm ordu, həm hakimiyyət, həm media, eləcə də siyasi qurumlar bir hədəfə vurdu. Təbii ki, yenə də bəziləri öz xislətini bu və ya digər şəkildə göstərdi.
Hərbi ekspert, polkovnik Şair Ramaldanov xalqın ciddi mənəvi dəstək verdiyi antiterror tədbirlərində ordunun fəaliyyətinin yüksək qiymətləndirdi: "Qarabağda təxminən 10 minlik qanunsuz silahlı qüvvə var. Nə sadə erməni xalqı, nə də Paşinyan onların bölgədən uzaqlaşdıra bilməzdi. Bunu Azərbaycan etməli idi. Azərbaycan hər zaman olduğu kimi, öz haqqını ordusu ilə müdafiə edir. Budəfəki antiterror tədbiri xüsusi yanaşma tələb edirdi. Biz həm qanunsuz silahlıları tərk-silah etməli, həm də dinc əhalini hədəf almamalı idik. Bir gün ərzində unikal antiterror tədbiri keçirildi. Biz əksər obyektləri sıradan çıxarmağa nail olduq. Tədbirin unikallığı ondan ibarətdir ki, yaşayış məntəqələri digər hədəflərdən ayrılmışdı. Biz dəqiq atəş açan müasir vasitələri yaşayış məntəqələrinə yaxın hədəflərə yönəltmişdik. Yaşayış məntəqələrindən kənarda olan hədəflərə artilleriya və minaatanlardan və s. atış açıldı, çünki radius 200 metrdən 600 metrə qədərdir. Düşmən buna hazır deyildi. Düzgün müşahidə sistemi quraraq düşmənin şəxsi heyətini qaçmağa məcbur etdik. Qarabağın qara günləri bitdi, bundan sonra ağ günlər başlayacaq, dinc əhali artıq rahat nəfəs alacaq, reinteqrasiya prosesinə qoşulacaq, bölgədə sülh, əmin-amanlıq təmin ediləcək".
Deputat Hikmət Babaoğlu qeyd etdi ki, Azərbaycan hakimiyyətinin qısa müddətdə sülhə nail olmaq üçün antiterror tədbiri həyata keçirmək qərar zamanında oldu: "Ermənistan kapitulyasiya aktına imza atdıqdan sonra 3 il müddətində sülhün əldə edilməsinə mane olurdu. Qarabağda qeyri-qanuni silahlı qüvvələr olduğu müddətdə sülhün əldə olunması qeyri-mümkündür. Bu tədbir sülhü yaxınlaşdırmaq üçün həyata keçirildi. Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində Azərbaycanın ermənilərə qarşı humanist mövqeyinə diqqət çəkdi. Ölkə başçısı vurğuladı ki, ermənilərə qarşı etnik təmizləmə siyasəti aparılmır. Üstəlik, əsgərlərimizin peşəkarlığı və müasir silahlar yalnız hərbi hədəflərin sıradan çıxarılmasına imkan yaratdı. Antiterror tədbiri ilə bağlı müxtəlif proqnozlar var idi. Bəziləri hesab edirdi ki, 44 günlük müharibədən sonra Ağdərə istiqamətində qalan, sayı 10 mindən çox olan erməni silahlı birləşmələrinin mövcudluğu müqaviməti artıra bilər. Bundan əlavə, ziqzaqvari xüsusi səngərlər qazılıb. Belə mürəkkəb şəraitdə Azərbaycan Ordusunun qüvvələri antiterror tədbirini 24 saatdan az müddətdə yerinə yetirdi. Biz bir daha Ermənistan və onun havadarlarına ismarış verdik ki, Azərbaycan Ordusuna qarşı durmaq üçün illər lazımdır. Bunun özü diplomatiyada çəkindirici faktordur. Bu, sülhün daha tez əldə olunmasına gətirib çıxaracaq". Deputat dedi ki, bütün dövlət strukturları bu qısa da olsa, amma çox məsuliyyətli sınaqdan üzüağ çıxdı, işlərini koordinasiyalı qurdular, diplomatik korpusla çox fəal iş aparıldı.
Mətbuat Şurasının sədri Rəşad Məcid "Yeni Müsavat"a bildirdi ki, antiterror tədbirləri ilə bağlı medianın fəaliyyətindən razı qalıb: "Media peşəkarlıq göstərdi. Bəzi sosial media istifadəçilərinin özfəaliyyətini nəzərə almasaq, ümumi mənada təmkinli davranış nümayiş etdirildi".
AMİP Mərkəzi Şurasının sədri Rəşad Bayramov isə bir neçə partiyanın lokal antiterror tədbirinə dəstək verməməsini belə şərh etdi: "Ermənistanın Azərbaycanın konstitusiya quruluşuna yönəlik hərbi təhdidlərinə qarşı ölkəmizin keçirdiyi lokal antiterror əməliyyatlarına siyasi partiyaların dəstək verməsi təqdirəlayiqdir və belə də olmalı idi. Üç partiya tərəfindən ümumi bəyanatın imzalanmaması isə başadüşülən deyil və səbəb nə olursa-olsun qəbuledilməzdir. Antiterror əməliyyatlarının başlanması bir sosial tələb idi. Gəncindən yaşlısına qədər hər kəs artıq uzun müddətdir ki, bu əməliyyatların başlanmasını istəyirdi. Çünki söhbət Azərbaycanımızın bir parçasından gedir. Təbii olaraq siyasi partiyalarımız da məsələdə yekdil fikirdə idilər və imzalanan son bəyanatla bir daha həm ordumuza, həm Ali Baş Komandana dəstəklərini ifadə etmiş oldular. Məsələ orasındadır ki, həm AXCP, həm Müsavat, həm də REAL rəhbərliyi uzun müddətdir ki, hakimiyyəti antiterror tədbirlərinə başlamadığı üçün tənqid edirdilər. Amma görünən odur ki, bu tənqidlərində səmimi olmayıblar. Səmimi olsaydılar, əməliyyatların başlamasını dəstəkləyərdilər. Belə müxalifətçilik olmur. Uzun müddət hakimiyyəti mənasız danışıqlar apardığı üçün tənqid edib əməliyyatların başlamasını tələb edəsən, əməliyyat başlayanda isə problemin danışıqlar yolu ilə həllinin vacibliyini deyəsən. Bu, qəbuledilən deyil. Birdəfəlik bilmək lazımdır ki, milli, dövlət maraqları olan yerdə müxalifətçilik ola bilməz. Bu məsələ ümummilli məsələdir, ona görə də hər kəs bir mövqedən çıxış eləməlidir, milli mənafeyə uyğun hərəkət etməlidir. İmzalanan ümumi bəyanatın mətni bütün internet resurslarında var və hər kəs də tanış ola bilər. Azərbaycanın siyasi partiyaları üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın müzəffər ordusunun bölgədə həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatlarına dəstəklərini ifadə ediblər. Burada imzalanmasından imtina ediləcək və narahatlıq doğuran nə ola bilər ki? Görünən odur ki, problem bəyanatın mətni ilə bağlı deyil. AXCP, Müsavat və REAL Partiyası ölkədə yaranmış siyasi və milli birlikdən narahatdırlar. Amma dərk etmirlər ki, belə bir məqamda da ümumi bəyanata imza atmaqdan imtina təkcə milli birliyə qarşı addım deyil, həm də dörd bir tərəfdən üzərimizə gələn ayrı-ayrı beynəlxalq qüvvələrə həmrəylik nümayişidir".