Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Əsas məqsədimiz Londonda uğurla çıxış etməkdir'' - Fariz Məmmədov

''Əsas məqsədimiz Londonda uğurla çıxış etməkdir'' - Fariz Məmmədov

Tarix: 5 Noyabr 2019 16:24

“Qəbələ” İdman Klubunun boks bölməsinin üzvlərinin Türkiyədə təşkil olunan toplanışına bu gün axşam keçiriləcək son məşqlə yekun vurulacaq.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, bölmənin rəhbəri Fariz Məmmədov komandanın Antalya hazırlıqları barədə fikirlərini bildirib: “Oktyabrın əvvəllərində Rusiyanın Sankt-Peterburq Boks İdman Federasiyasının sədr müavini Aleksey İvanov mənimlə əlaqə saxladı. Onlar “Qəbələ” İdman Klubunun boksçularının durumu barədə məlumatlıdırlar, təmsilçilərimizin Yay Olimpiya Oyunları, Avropa Oyunları, dünya və Avropa çempionatlarındakı çıxışlarını izləyiblər. Bizimlə əməkdaşlıq etmək istədiklərini bildirdilər. Əməkdaşlıq çərçivəsində Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçməyi təklif etdilər”.

Məmmədov bildirib ki, hazırlıq prosesində 4 ölkənin boksçuları iştirak edirlər: “Oktyabrın 18-dən noyabrın 6-dək davam edəcək toplanışa Rusiyanın Sankt-Peterburq, Qazaxıstanın Karaqanda və Aktau şəhərlərinin, həmçinin Türkiyə millisinin boksçuları qatılıblar. Komandanın düşərgəsində oldum, idmançılarımızın son sınaq döyüşlərini izlədim, durumlarını gördüm. Boksçuların fiziki, taktiki vəziyyətlərini bəyəndim. Ən əsası odur ki, boksçularımız arasında zədəlisi yoxdur. Hər biri qarşıdakı yarışlara tam hazırdır”.

2020-ci ilin martında Böyük Britaniyanın paytaxtı Londonda Avropa Olimpiya Təsnifat Turniri təşkil olunacaq. Məmmədov Azərbaycan yığmanın üzvü olan “Qəbələ” boksçularının əsas hədəfinin Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq olduğunu qeyd edib: “Əsas məqsədimiz Londonda uğurla çıxış etməkdir. Bizə bu şəraiti yaratdığı üçün boksçularımız adından “Qəbələ” İdman Klubuna təşəkkür edirəm. “Qəbələ”nin 5 boksçusu əsas yığmanın üzvüdür. Sevindirici haldır ki, milli komandanın daha üç üzvü - gənclər arasında dünya və Avropa çempionu Məhəmməd Abdullayev, Ümid Rüstəmov və klubumuzun sabiq üzvü Lorenzo Sotomayor boksçularımızla birlikdə hazırlıqlara qatılıb. Onların hamısı təlim-məşq toplanışında yüksək səviyyədə iştirak edirlər”.

 


Etiketlər:  Əsas məqsədimiz Londonda uğurla çıxış etməkdir Fariz Məmmədov


RƏYLƏR