Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Malınızdan Allah yolunda xərcləyin

Malınızdan Allah yolunda xərcləyin

Tarix: 23 Noyabr 2023 04:02

Uca Allah buyurur: "Mallarını Allah yolunda xərcləyənlərin məsəli yeddi sünbül verən bir toxumun məsəlinə bənzəyir ki, sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsənin mükafatını artırar. Allah hər şeyi Əhatəedəndir, Biləndir.
Mallarını Allah yolunda xərcləyənlərin və xərclədiklərinin ardından minnət qoymayan və əziyyət verməyənlərin, Rəbbi yanında mükafatları vardır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər.
Xoş söz demək və xətaları bağışlamaq, minnətlə verilən sədəqədən daha yaxşıdır. Allah Zəngindir, Həlimdir.
Ey iman gətirənlər! Sədəqələrinizi, özünü camaata göstərmək məqsədilə xərcləyən, Allaha və Axirət gününə inanmayan şəxs kimi minnət qoymaqla və əziyyət verməklə puç etməyin. Bunun məsəli üzərində torpaq olan hamar qayanın məsəlinə bənzəyir ki, şiddətli yağış yağıb onu çılpaq hala salmışdır. Onlar qazandıqlarından heç bir şeyə nail olmazlar. Allah kafir xalqı doğru yola yönəltməz.
Mallarını Allahın razılığını qazanmaq və nəfslərini möhkəmləndirmək üçün xərcləyənlərin məsəli təpə üzərindəki bağın məsəlinə bənzəyir ki, ona şiddətli yağış düşdükdən sonra o öz bəhrəsini iki qat verər. Hərgah ona şiddətli yağış düşməzsə, narın yağış da bəs edər. Allah sizin nə etdiklərinizi görür.
Məgər sizlərdən biri istəyərmi ki, onun xurma ağaclarından və üzümlüklərdən ibarət, ağacları altından çaylar axan və içində də onun üçün hər cür meyvələr olan bir bağı olsun, sonra da ona qocalıq üz verdiyi zaman, özünün də o bağa möhtac olan uşaqları olduğu bir halda bu bağa odlu bir qasırğa düşüb onu yandırsın? Allah ayələri sizə belə bəyan edir ki, bəlkə fikirləşəsiniz.
Ey iman gətirənlər! Qazandığınız və sizin üçün torpaqdan yetişdirdiyimiz şeylərin yaxşısından Allah yolunda xərcləyin. Özünüzə verildiyi təqdirdə ancaq göz yumub alacağınız pis şeylərdən xərcləməyə çalışmayın. Bilin ki, Allah Zəngindir, Tərifəlayiqdir.
Şeytan sizi yoxsulluqla qorxudur və yaramaz işlər görməyi əmr edir. Allah isə sizə Öz tərəfindən bağışlanma və mərhəmət olunacağını vəd edir. Allah hər şeyi Əhatəedəndir, Biləndir.
Allah istədiyi kəsə hikmət bəxş edir. Kimə hikmət verilmişsə, ona çoxlu xeyir nəsib edilmişdir. Bunu isə ancaq düşüncəli insanlar anlayarlar.
Xərclədiyinizi hər bir sədəqəni və verdiyiniz hər bir nəziri şübhəsiz ki, Allah bilir. Zalımların isə köməkçiləri olmaz.
Sədəqələri aşkarda verirsinizsə, bu çox gözəl. Əgər onu yoxsullara gizlində versəniz, bu sizin üçün daha yaxşı olar. Allah sizin bəzi günahlarınızdan keçər. Allah nə etdiklərinizdən xəbərdardır.
Onların doğru yola gəlməsi sənə aid deyildir. Yalnız Allah istədiyi şəxsi doğru yola yönəldir. Xərclədiyiniz hər bir sədəqə özünüz üçündür. Siz onu ancaq Allahın Üzünü dilədiyinizə görə sərf edirsiniz. Malınızdan Allah yolunda nə xərcləsəniz, əvəzi sizə tam verilər və sizə zülm edilməz.
Sədəqə Allah yolunda cihad edən və yer üzündə hərəkət edə bilməyən yoxsullar üçündür. Bu adamlar həya edib dilənmədiklərinə görə tanımayan adam onları varlı hesab edir. Sən onları üzlərindən tanıyırsan. Onlar insanlardan israrla bir şey istəməzlər. Şübhəsiz ki, Allah malınızdan nə sərf etdiyinizi bilir.
Mallarını gecə və gündüz, gizli və aşkar xərcləyənlərin öz Rəbbi yanında mükafatı vardır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər.
Sələm yeyənlər qəbirlərindən şeytan toxunub dəli eləmiş kimsənin qalxdığı kimi qalxarlar. Bu onların: "Alış-veriş də sələmçilik kimidir!"- demələrinə görədir. Halbuki, Allah alış-verişi halal, sələmçiliyi isə haram etmişdir. Hər kim özünə Rəbbindən xəbərdarlıq gəldikdən sonra sələmçiliyə son qoyarsa, olub-keçənlər ona bağışlanar və onun işi Allaha qalar. Sələmçiliyə qayıdanlar isə Od sakinləridirlər. Onlar orada əbədi qalacaqlar.
Allah sələmi puç edir, sədəqələri isə artırır. Allah kafirləri və günahkarları sevməz.
Həqiqətən, iman gətirib saleh əməllər edən, namaz qılan və zəkat verənləri Rəbbinin yanında mükafatlar gözləyir. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər.
Ey iman gətirənlər. Allahdan qorxun və əgər möminsinizsə, sələmdən qalan faizi almayın.
Bunu etməsəniz, Allahın və Onun Elçisinin sizə müharibə elan etdiyini bilin. Yox, əgər tövbə etsəniz, sərmayəniz sizindir. Nə siz zülm edərsiniz, nə də sizə zülm olunar". (əl-Bəqərə, 261-279).


Etiketlər:  Malınızdan Allah yolunda xərcləyin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ