Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Dekabr 2023 06:00
Şəhid sözü şahid deməkdir. Bəzi alimlər şəhidə belə deyilməsinin səbəbini onun Allahın nemətlərinə şahid olması ilə əlaqələndirirlər. Şəhid Allaha iman gətirən və Allahın yolunda döyüşərək öldürülən şəxsdir. Bu ən üstün şəhidlik mərtəbəsidir. Lakin şəhidlik bununla bitmir. Başqa növ şəhidlər vardır ki, Peyğəmbər sallallahu aleyhi və səlləm öz hədislərində onlar haqqında xəbər vermişdir.
Allah Elçisi salləllahu aleyhi və səlləm demişdir: "Aranızda şəhid olanlar haqqında nə deyirsiniz?" Dedilər: "Şəhidlər Allah yolunda öldürülənlərdir". O buyurdu: "Elə olduqda, həqiqətən, ümmətimin şəhidləri az olar; Allah yolunda öldürülən şəhiddir, Allah yolunda ölən şəhiddir, qarın xəstəliyindən ölən şəhiddir, vəba xəstəliyindən ölən şəhiddir". (İbn Məcə 2804).
Şəhidliyin növləri
Həmçinin, Peyğəmbər başqa hədislərdə şəhidliyin aşağıdakı digər növlərini qeyd etmişdir:
Taundan ölmək,
boğularaq ölmək,
yanaraq ölmək şəhidlikdir,
seldə boğulmaq,
doğuş zamanı ölən qadını isə uşağı cifti ilə Cənnətə sürükləyəcək.
Bədəni hər hansı bir dəmirlə deşilərək ölmək,
dağıntı altında qalaraq ölmək,
vəhşi heyvan tərəfindən parçalanaraq ölmək,
ağ ciyər iltihabından ölmək,
malını qoruyarkən öldürülmək,
dininə görə öldürülmək,
canını müdafiə edərkən öldürülmək,
ailəni müdafiə edərkən öldürülmək,
haqsız yerə öldürülmək.
Taun haqqında
Peyğəmbər salləllahu aleyhi və səlləm demişdir: "Taun xəstəliyindən ölən hər bir müsəlman şəhid sayılır".
Allah Elçisinin salləllahu aleyhi və səlləm azad etdiyi Əbu Asib y adlı kölə rəvayət edir ki, Allah Elçisi salləllahu aleyhi və səlləm demişdir: "Cəbrail qızdırma və taun ilə yanıma gəldi. Qızdırmanı Mədinədə saxlayıb, taunu Şama göndərdim. Taun ümmətim üçün şəhidlik, kafir üçün isə murdarlıqdır".
Rəvayət edilir ki, Peyğəmbərin salləllahu aleyhi və səlləm zövcəsi Aişə O demişdir: "Bir dəfə mən Peyğəmbərdən salləllahu aleyhi və səlləm taun barəsində soruşdum. O mənə dedi: "Bu bir əzabdır, Allah onu istədiyinə göndərir. Allah onu möminlər üçün bir mərhəmət etmişdir. Belə ki, yaşadığı məmləkətdə taun yayılmış bir adam səbir edərək və savabını Allahdan umaraq, üstəlik bu xəstəliyin ona yalnız Allahın qəzavü-qədəri ilə yoluxa biləcəyinə etiqad edərək o yerdə qalarsa, ona şəhidin savabı qədər savab yazılar". (əl-Buxari 3474).
Peyğəmbərlərin və şəhidlərin qibtə etdiyi kəslər
Allah Elçisi salləllahu aleyhi və səlləm demişdir: "Həqiqətən, Allahın elə qulları vardır ki, onlar peyğəmbər deyillər, lakin peyğəmbərlər və şəhidlər onlara qibtə edirlər". Dedilər: "Onları bizə vəsf et, biz də onları sevək". O buyurdu: "Onlar, aralarında qohumluq əlaqələri olmadan Allahın nuru ilə bir-birlərini sevən bir qövmdür. Qiyamət günü onlar nurdan düzəldilən minbərlərin üzərində üzləri nur saçaraq duracaqlar. Onlar insanlar qorxduğu zaman qorxmaz və insanlar kədərləndiyi zaman da kədərlənməzlər". Sonra Allah Elçisi salləllahu aleyhi və səlləm bu ayəni oxudu: "Şübhəsiz ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər" (Yunus, 62)".
Allah Elçisi salləllahu aleyhi və səlləm demişdir: "Uca Allah buyurdu: "Mənə görə bir-birlərini sevənlərə məhəbbətim vacib olmuşdur. Mənə görə bir-birlərinə bağlı olanlara məhəbbətim vacib olmuşdur. Mənə görə bir-birlərinə nəsihət edənlərə (və səmimi olanlara) məhəbbətim vacib olmuşdur. Mənə görə bir-birlərini ziyarət edənlərə məhəbbətim vacib olmuşdur. Mənə görə bir-birlərinə qarşı fədakar olanlara məhəbbətim vacib olmuşdur. Mənə görə bir-birlərini sevənlərə nurdan minbərlər vardır. Nəbilər, siddiqlər və şəhidlər onların olduqları yerə qibtə edərlər".