Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Obrayenin Bakı səfəri: ABŞ-ın Qafqaz plan… - Markov

Obrayenin Bakı səfəri: ABŞ-ın Qafqaz plan… - Markov

Tarix: 8 Dekabr 2023 09:10

Rusiya təbii ki, bütün Amerika rəsmilərinin dünyanın istənilən ölkəsinə səfər etməsinə birmənalı yanaşmır. ABŞ Rusiyaya düşmən ölkə olduğu üçün sistemli, hibrid müharibə aparır və hibrid müharibə aparan nəhəng koalisiyaya rəhbərlik edir. Bu koalisiyanı faktiki olaraq ABŞ yaradıb. Ölkələri Moskvaya qarşı hibrid müharibədə iştirak etməyə məcbur edir.

Milli.Az xəbər verir ki, bu sözləri axar.az-a rusiyalı politoloq Sergey Markov Ceyms Obrayenin Bakıya səfərini, Moskvanın bu səfərə münasibətini şərh edərkən deyib.

O bildirib ki, hər nə qədər Rusiya bu səfərlərin siyasi təsir formalarına mənfi yanaşsa da, nə ABŞ-ın bu səfərlərinə, nə də digər ölkələrin Vaşinqtonla münasibətlərini inkişaf etdirməsinə qadağa qoya bilər:

"Biz bu səfərlərə həvəslə yanaşmırıq, ABŞ-dan şübhələnirik və amerikalıların hansı intriqalara, düşmənçilik hərəkətlərinə başladığını təxmin etməyə çalışırıq. Amma bu mənada Azərbaycana qarşı heç bir iddia ola bilməz. Çünki Azərbaycan da bir çox ölkələr kimi, ABŞ-la münasibət qurmağa məcburdur".

Səfərin məqsədindən söz açan Markov vurğulayıb ki, Obrayenin Bakıya gəlişində Azərbaycan və Ermənistan arasındakı problemlərin nizama salınması istəyi dayana bilər:

"Obrayenin səfərinin mənası tam həllini tapmayan Azərbaycan-Ermənistan münaqişəsinin düzəlməsinə yardım göstərmək istəyidir. İki ölkə arasında həllini tapmayan bir çox problem mövcuddur: Sərhədlərin demarkasiyası və delimitasiyası, anklavların qaytarılması, nəqliyyat dəhlizi və sülh müqaviləsi. Prezident İlham Əliyev bu haqda daim danışır. ABŞ isə qlobal liderliyə can atan bir ölkə kimi bu münaqişənin həllində iştirak etmək istəyir. Obrayenin səfərinin konkret məqsədi də var. ABŞ-la Azərbaycan arasında münasibətləri balanslaşdırmaq, onların böhran zonasına girməsinə imkan verməmək. İndi bu münasibətlər böhran içindədir. Günah isə tamamilə Azərbaycan əleyhinə bir sıra bəyanatlar verən ABŞ-ın üzərinə düşür. Üstəlik, bu bəyanatların bəziləri Qarabağ ermənilərinin "etnik təmizləməsi" ilə bağlı açıq-aşkar yalan və saxtakarlıqlardan ibarətdir".

O, Obrayenin səfər çərçivəsində ABŞ-ın Azərbaycan əleyhinə olan bəyanatlarının mahiyyətini yumşaltmağa çalışdığını bildirib:

"O, Azərbaycan rəhbərliyini əmin edib ki, Bakı bu antiazərbaycan bəyanatlarına xüsusi əhəmiyyət verməsin. Çünki onlar müvəqqəti xarakter daşıyır və ermənilərin aldadılmasına yönəldilib. ABŞ-la Azərbaycan arasında münasibətlərin korlanması erməni məsələsi ilə bağlıdır. Sadə dillə desək, ABŞ məqamdan istifadə edib, Ermənistanı Rusiyadan qoparmaq istəyir. Buna görə də çoxsaylı ermənipərəst bəyanatlar verir. Niyyətinə çatan kimi hər şey unudulacaq. Amma Ermənistanın xarici siyasətinin əsas məqsədi Azərbaycana qarşı yönəldiyi üçün ABŞ-ın ermənipərəst bəyanatlarının antiazərbaycan xarakteri alması qaçılmazdır. Aydındır ki, bu bəyanatların məqsədi Azərbaycanın yox, Ermənistanın siyasətinə təsir etməkdir. Ona görə də Obrayen sakit səslə Bakının bu bəyanatları ürəkdən qəbul etməməli olduğunu deyib. Obrayenə qismən etibar etmək olar".

S.Markov Vaşinqtonun Cənubi Qafqaza dair digər planlarından söz açaraq, bunun bir o qədər müsbət nəticələnməyəcəyini diqqətə çatdırıb:

"Başqa məqsədlər də var: Cənubi Qafqaza gəlmək, burada aparıcı qüvvə kimi öz yerini tutmaq... Ardınca da hədəflərinə çatmaq üçün bu mövqedən istifadə edəcək. Bu məqsədlər Azərbaycan üçün o qədər də müsbət olmaya bilər.

ABŞ-ın haqqında danışmadığı məqsədlərindən biri də Azərbaycanın Rusiya ilə münasibətlərinə mümkün qədər xələl gətirməkdir. Vaşinqton hibrid müharibədə Moskvanı məğlubiyyətə uğratmaq, Rusiyanı təcrid etmək və total iqtisadi sanksiyalar tətbiq etmək məqsədlərini gizlətmir. Azərbaycanla danışıqlar prosesi çərçivəsində bunu təbliğ etməyə çalışırlar.

Ümumiyyətlə, bir tərəfdən ABŞ-la Azərbaycan arasında münasibətlərin korlanması mediada əksini tapdığı qədər qorxunc və ciddi deyil, digər tərəfdən, dünya səhnəsindəki rolundan sui-istifadə edən, hər yerdə təxribat törədən ABŞ Azərbaycanın milli maraqlarına təhdid yaradır. Bu isə göründüyündən daha əhəmiyyətli təhdiddir. ABŞ-dakı erməni diasporu çox güclüdür, onun Azərbaycana, türkçülüyə qarşı qəzəb və aqressivliyinin dərəcəsini heç bir halda aşağı qiymətləndirmək olmaz".

Milli.Az


Etiketlər:  Obrayenin Bakı səfəri ABŞ ın Qafqaz plan Markov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ